Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:50

İranın Yerevandakı səfiri: ‘Bəzilərinin Ermənistana dair xülyaları heç vaxt gerçəyə çevrilməyəcək’


İranın Ermənistandakı səfiri Mehdi Sübhani
İranın Ermənistandakı səfiri Mehdi Sübhani

İranın Ermənistandakı səfiri Mehdi Sübhani Azərbaycan və Naxçıvan arasında Ermənistan ərazisindən keçən ekstraterritorial quru dəhlizinin açılma imkanını istisna edib.

Səfir vurğulayıb ki, İran çox güclü bir şəkildə buna qarşıdır:

“Biz Ermənistanın ərazi bütövlüyü və suverenliyini pozan hər hansı dəhlizə qarşıyıq. Biz dəfələrlə demişik ki, bu Ermənistanın və İranın maraqlarına ziddir. Ermənistan üçün üzdəniraq dəhliz də daxil müxtəlif adlar altında bəzilərinin xülyaları heç vaxt gerçəyə çevrilməyəcək”.

Bundan bir gün əvvəl İran Rusiyadan Azərbaycanla Naxçıvanı Ermənistan ərazisi ilə keçərək birləşdirəcək quru yol dəhlizinin açılması üçün göstərdiyi səyləri dayandırmasını tələb edib.

İranın qüdrətli İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) bağlı – yarımrəsmi Təsnim agentliyinin dərc etdiyi məqalədə diqqət Rusiya xarici işlər naziri Sergey Lavrovun bugünlərdə Ermənistanı Azərbaycan və Naxçıvan arasında nəqliyyat kommunikasiyasının açılmasına dair Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş razılaşmanı pozmaqda ittiham etməsinə yönəldilirdi.

Rusiya rəsmiləri israr edirlər ki, 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının şərtlərinə görə Yerevan, Naxçıvan və Azərbaycan arasında Ermənistandan keçəcək nəqliyyat bağlarının təhlükəsizliyinə qarantiya verməlidir.

Bundan əvvəl

Lakin Azərbaycan və Ermənistan bu məsələyə yanaşmada fərqli mövqe nümayiş etdirirlər. Bakı Naxçıvan və Azərbaycan arasında adamların və yüklərin gömrük və sərhəd yoxlamalarına məruz qalmadan keçidini istəyir. Ermənistan isə bildirir ki, onun ərazisindən keçən hər hansı nəqliyyat kommunikasiyası Yerevanın yurisdiksiyası altında olmalıdır.

Naxçıvan və Azərbaycan əraziləri arasındakı Ermənistan ərazisi Sünik vilayətidir. Bu, Ermənistanın İranla yeganə sərhəd rayonudur.

Təsnimin məqaləsində deyilir ki, dəhlizin buradan keçməsi İranı Ermənistanla sərhədindən və beləliklə də Avropaya çıxış yollarından məhrum edə bilər:

“Rusiyaya tövsiyə edilib ki, Moskva və Tehran arasında strateji münasibətlərə ziyan vura biləcək addımlardan çəkinsin, çünki “Zəngəzur dəhlizi” İranın şimal-qərb sərhədində yeni münaqişə ocağı yarada bilər”.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ötən həftə bildirmişdi ki, Moskva İranın narahatlıqlarından agahdır.

Rusiya bundan əvvəl israr edirdi ki, onun istədiyi nəqliyyat əlaqələri Ermənistanın Sünik üzərindəki suverenliyini pozmayacaq.

Moskva israr edir ki, üçtərəfli bəyanatda dəhlizə Rusiya sərhədçilərinin nəzarət etməsi nəzərdə tutulub.

Rusiya Paşinyanı onun özünün imzaladığı razılaşmanı pozmaqda ittiham edir.

Tehranı Moskvanın narahatlığı narahat edir

Bütün bu mübahisələrin davam etdiyi bir vaxtda Bakı və Yerevan bəyan etmişdilər ki, sülh müqaviləsinin imzalanmasına əngəl törədən dəhliz məsələsinin müqavilə layihəsindən çıxarılması barədə razılığa gəliblər.

Belə görünür ki, Bakı ilə Yerevan arasında belə bir güzəşt razılaşdırılsa da, Moskva heç cür rahatlıq tapa bilmir.

İranın xarici işlər naziri Abbas Arağçi sentyabrın 5-də X platformasında yazmışdı:

“Qonşularımızın ərazi bütövlüyünə şimaldan, cənubdan, şərq və qərbdən edilən istənilən təhdidlər və sərhədlərin yenidən çəkilməsi İran üçün “qırmızı cızıqdır””.

AzdlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, səfir Sübhani sentyabrın 6-da Yerevanda jurnalistlərlə söhbətində nazirin bu bəyanatını təkrar dilə gətirib:

“Biz başqa ölkələrin bura gəlib burda müəyyən təhlükəsizlik və ya nəzarət qurmasına qarşıyıq. Ermənistan hakimiyyətinin bizə bildirdiyi kimi Sünik ərazisindəki sərhəd yoxlama-buraxılış məntəqələri Ermənistanın müvafiq qurumlarının nəzarəti və Yerevanın suverenliyi altında olacaq”.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib.

Son illər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılır.

XS
SM
MD
LG