Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:52

Milli Məclisin yeni nümayəndə heyətinin AŞPA-da mandatı təsdiqlənə bilərmi?


Azərbaycan nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırdığını bildirib.
Azərbaycan nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırdığını bildirib.

Ötən həftə İtaliyada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev ölkəsinin Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə gərginləşən münasibətlərinin düzəlməsindən bəhs etdi. O dedi ki, AŞPA-nın bəzi üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa ölkənin nümayəndə heyətinin bu təşkilata qayıtmasından sonra ləğv ediləcək: "Əgər qərarlarını dəyişib bizim haqqımızı bərpa etsələr, o zaman bu embarqo deyilən şey də aradan qaldırılacaq".

Bir müddət öncə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) AŞPA-da Azərbaycan nümayəndə heyəti əleyhinə səs vermiş deputatların arzuolunmaz şəxslər siyahısına salındığını bildirmişdi. AŞPA prezidenti Teodoros Rusopulos da buna cavab olaraq bildirmişdi ki, bu, Azərbaycanın qurumdakı mövqeyini yalnız çətinləşdirəcək: "Üzv ölkələr demokratiya standartlarına hörmət edəcəklərinə dair öhdəlik götürüblər. Öz vicdanına uyğun səs verənlərin qara siyahıya salınması yalnız əks-nəticə verə bilər".

Bu ilin əvvəlində Azərbaycan nümayəndə heyətinin AŞPA-da mandatı təsdiqlənməyib. Buna səbəb kimi Azərbaycanın qurum qarşısında insan hüquqları və digər bir çox məsələlərlə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, habelə əməkdaşlıqda maraqlı olmaması göstərilib. Azərbaycan da iradları qəbul etməyərək buna cavab olaraq qurumda fəaliyyətini dayandırdığını açıqlayıb.

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. AŞPA-nın müşahidə etmədiyi bu seçkilərlə bağlı, hələlik, yekun protokollar təsdiqlənməsə də, Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə görə, dairələr üzrə lider namizədlər bəllidir. Bəs belə olan halda, yeni tərkib parlamentin deputatlarından ibarət Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı mandatı bərpa edilə bilərmi? Qarşıdan qurumun payız sessiyası gəlir.

AŞPA rəhbərliyindən bununla bağlı, hələlik, hər hansı açıqlama verilməyib. Amma qurumdakı bəzi deputatlardan seçkilərlə bağlı tənqidi fikirlər eşidilib.

Fazil Mustafa
Fazil Mustafa

"Azərbaycanın şərti aydın və netdir"

Azərbaycan rəsmiləri isə qurumla münasibətlərinin pisləşməsini ölkənin ərazi bütövlüyünün bərpası kontekstində dəyərləndirirlər. Elə VI çağırış Milli Məclisin üzvü Fazil Mustafa da mövzu ilə bağlı "Turan"a deyib ki, Azərbaycan son illər torpaqlarını işğaldan azad edəndən sonra dünyada ermənipərəsət qüvvələr xeyli pərişan oldular: "Onlar Azərbaycana müəyyən sanksiyaları tətbiq etməyi nəzərdə tutdular. O cümlədən də AŞPA-dakı nümayəndə heyətinin fəaliyyətini dayandırdılar".

F.Mustafanın sözlərinə görə, bu vəziyyətdə Azərbaycan da həmin şəxslərin ölkəyə girişinə qadağa qoydu: "Bu, cavab addımı idi. Azərbaycan nümayəndə heyətinin fəaliyyətini dayandırmaq tamamilə əsassız idi. Ona qalsa, neçə illərdir işğalçı Ermənistanın bir üzvünə də bu hal tətbiq olunmamışdı. Azərbaycan isə torpaqlarını işğaldan azad etdi deyə, müxtəlif bəhanələrlə bunu həyata keçirtdilər".

O vurğulayır ki, Azərbaycanın şərti aydın və netdir: "Azərbaycan nümayəndə heyətini geri qaytarıb onun hüquqlarını tanımalısınız. Tanımadığınız təqdirdə bunlar da Azərbaycana gələ bilməyəcəklər. AŞPA öz səhvini düzəltməlidir, yalnız onda Azərbaycan da atdığı addımlarda korrektlər edə bilər".

Nəsimi Məmmədli
Nəsimi Məmmədli

"300-dən artıq siyasi məhbus buna səbəb olub"

Siyasi şərhçi Nəsimi Məmmədli məsələ ilə bağlı bir qədər fərqli düşünür. O, AzadlıqRadiosuna deyib ki, Azərbaycanın AŞPA-dan kənarlaşdırılmasına səbəb olan amillər, əsasən, ölkədə insan hüquq və azadlıqları ilə bağlıdır: "Azərbaycanla Ermənistan arasındakı münasibətlərə söykənən bir yanaşma da var. Amma, əsasən, Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı böhranlı durum buna gətirib çıxarıb. Xüsusilə vətəndaş cəmiyyətinin, media nümayəndələrinə olan basqılar, ölkədə 300-dən artıq siyasi məhbusun olması buna səbəb olub".

Ekspertin fikrincə, Azərbaycan AŞPA qarşısında götürdüyü öhdəliklərinə sadiq qalmadıqca, onları yerinə yetirmədikcə münasibətlər normallaşmayacaq: "Azərbaycanda sonuncu seçkilər də, demək olar, heç bir demokratik standartlara cavab vermədi və ATƏT-in rəyində də bu məsələ açıq şəkildə özünü göstərib. Belə bir halda, mandatın təsdiq edilməsi yalnız siyasi mülahizələrlə mümkün ola bilər. Hökumətlər bir-biri ilə əməkdaşlıq etsələr də, beynəlxalq qurumlar bir qədər özünün dəyərlərinə, götürmüş öhdəliklərə önəm vermək məcburiyyətindədir".

Xatırlatma

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Həmin vaxt Azərbaycan insan hüquqları və bir sıra başqa məsələlərlə bağlı qurum qarşısında öhdəlik götürüb. Ölkə hələ də AŞPA-nın monitorinqi altındadır.

XS
SM
MD
LG