Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:26

AXCP sədri Əli Kərimli təqsirləndirilən şəxs oldu


AXCP sədri Əli Kərimli (Foto arxiv)
AXCP sədri Əli Kərimli (Foto arxiv)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli təqsirləndirilən şəxs oldu. Beş il öncə partiyadan xaric edilmiş Aydın Əliyevin ona qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia sentyabrın 12-də icraata götürülüb. Hakim Babək Pənahov sentyabrın 12-də Nəsimi rayon Məhkəməsində keçirilən üçüncü hazırlıq iclasında bu barədə qərar çıxarıb.

"Müxtəlif kanallarda mənim haqqımda danışıb"

Öncə şikayətin icraata götürülüb-götürülməməsi məsələsinin dartışıldığı iclasda 63 yaşlı A.Əliyev 2019-cu ildə partiyanın Rəyasət Heyətinin qərarı ilə AXCP-dən xaric olunsa da, sonradan məhkəmə qərarı ilə bərpa olunduğunu iddia edib. Di gəl, haqqındakı qərarın qanunsuzluğunu sübuta yetirsə də, ötən il partiyanın qurultayında onu yenidən üzvlükdən çıxarıblar: "Əli Kərimli 2023-2024-cü illərdə müxtəlif kanallarda mənim haqqımda danışıb, 74 mindən çox adam baxıb. Hüquqlarım pozulub. Ona görə də cinayət məsuliyyətinə cəlb olunsun, əməlinə hüquqi qiymət verilsin".

A.Əliyevin nümayəndəsi Elvin Əliyev də iddia edir ki, Ə.Kərimli çıxışlarında onun təmsil etdiyi şəxsi "hakimiyyətin adamı" adlandıraraq AXCP ideyalarına xəyanət etməkdə suçlayıb. Bütün bunlar ona böhtan atmaq deməkdir. Bu üzdən, Ə.Kərimliyə qarşı şikayət icraata götürülüb baxılmalıdır.

AXCP sədri və vəkili Fəxrəddin Mehdiyev şikayətin əsassız olduğunu deyirlər. Vəkil şikayətin forma və məzmun baxımından cinayət-prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyini bildirib. Elə bu səbəbdən məhkəmə belə bir şikayəti icraata götürüb baxa bilməz: "Normal halda, məhkəmələr elə ilk iclasda belə şikayəti geri qaytarardı. Amma biz üçüncü hazırlıq iclasıdır ki, Əli Kərimliyə qarşı əsassız, qanunsuz bir şikayəti burada müzakirə edirik".

"Hakimiyyətlə əməkdaşlıq başqa necə olur?"

Ə.Kərimli yada salıb ki, A.Əliyev İctimai Nəzarət Koalisiyası adlı bir quruma üzv olmuş və bu qurumun yerləşdiyi binada ayrıca Heydər Əliyev muzeyi, İlham Əliyev guşəsi yaradılıbmış: "Hakimiyyətlə əməkdaşlıq başqa necə olur?! Xalq Cəbhəsi irsi onun üçün önəmlidirsə, nə işi vardı İlham Əliyev guşəsində?".

AXCP sədri bu məhkəmədən ədalətli nəticə gözləmədiyini və olub-bitənləri siyasi proses saydığını söyləyib. O, əsassız iddia üzrə bir aydır sürən prosesi özünə qarşı təzyiq hesab etdiyini vurğulayıb: "Belə bir absurd şikayət ən kiçik dövlət məmuruna qarşı olsa idi, qapıdan geri qaytarardılar. Amma mənə qarşıdır deyə, bir aydır davam edir bu absurd".

Ancaq hakim qısa müşavirədən sonra iddianın icraata götürülməsinə qərar verib.

Məhkəmə baxışı sentyabrın 19-na təyin olunub.

Məhkəmədən sonra Ə.Kərimli AzadlıqRadiosuna açıqlamasında özü haqqında qərarı "siyasi sifarişin icra olunması" kimi qiymətləndirib.

AXCP-nin fikrincə, bu məhkəmə işi birbaşa prezident İlham Əliyevin sifarişi ilə başladılıb. Partiyanın bəyanatında belə deyilir.

Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsində 500 manatadək cərimə, 240 saatdan 480 saatadək ictimai işlər, 1 ilədək islah işləri və ya 6 ayadək həbs cəzası nəzərdə tutulub.

Xatırlatma

AXCP sədri haqqında daha öncə - 1994-cü ilin sentyabrında, bu təşkilat Azərbaycan Xalq Cəbhəsi adlandığı və Ə.Kərimlinin həmin təşkilatda sədr müavini olduğu zaman cinayət işi qaldırılıb. O zaman hüquq-mühafizə qurumları Ə.Kərimlinin cibindən partladıcı maddə tapıldığını bildirmişdi. Həmin vaxt həbs edilsə də, AXC sədrinin müavini bir müddət sonra azad edilmişdi.

Ə.Kərimli ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdiyindən 2006-cı ildə Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat İdarəsinə müraciət etsə də, 1994-cü ildə açılan cinayət işi əsas gətirildiyindən ona yeni pasport verməkdən imtina edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi 2015-ci il iyulun 16-da Ə.Kərimliyə pasport verilməməsi ilə bağlı şikayət üzrə qərarını açıqlayıb. Məhkəmə pasport verilməməsini onun Avropa Konvensiyasına dair 4 saylı Protokolun 2-ci (hərəkət etmək azadlığı) maddəsində nəzərdə tutulan hüquqlarının pozuntusu kimi qiymətləndirib. Məhkəmə mənəvi ziyana və çəkilmiş digər xərclərə görə dövlətin Ə.Kərimliyə 8 min 600 avro kompensasiya ödəməsinə qərar verib. Amma AXCP sədri hələ də xarici pasport ala bilməyib.

XS
SM
MD
LG