Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:35

Deputatlar ABŞ-la imzalanan sazişlərə xitam verilməsini istəyirlər


Milli Məclis
Milli Məclis

Milli Məclisin (MM) 43 deputatı oktyabrın 5-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova müraciət edərək, Amerika Birləşmiş Ştatları ilə (ABŞ) münasibətlərə yenidən baxılması və müdafiə sahəsində əməkdaşlığa dair sazişlərə xitam verilməsini istəyiblər.

Deputatlar bu müraciəti ABŞ Konqresinin bir qrup üzvünün dövlət katibi Entoni Blinkenə müraciətinə cavab olaraq hazırlayıblar.

ABŞ-nin 60-a yaxın konqresmeni oktyabrın 3-də dövlət katibi Entoni Blinkeni gələn ay Bakıda keçiriləcək COP29 iqlim konfransı ərəfəsində insan haqlarının müdafiəsi və bütün siyasi məhbusların azad edilməsi üçün Azərbaycan prezidenti İlham Əliyevə təzyiq göstərməyə çağırmışdı. 10-u senator, 48-i Nümayəndələr Palatası üzvü olmaqla qrup Blinkenə Azərbaycana bütün siyasi məhbusların azad edilməsi üçün "hiss olunacaq" tədbirlərin görülməsi və Ermənistana qarşı provokativ bəyanatların verilməsinin dayandırılması üçün təzyiq göstərilməsini istəmişdilər.

Azərbaycan prezidenti də oktyabrın 4-də Cəbrayıl şəhərində sakinlərlə görüşdə konqresmenlərin müraciətinə münasibət bildirmişdi. "Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz", - prezident vurğulamışdı.

Milli Məclis üzvüləri isə vurğulayıblar ki, BMT-nin İşgəncələrə qarşı xüsusi məruzəçisini uzun illər Quantanamoya buraxmayan ABŞ-dir:

“Azərbaycanı “etnik təmizləmə”də ittiham edən konqresmenlər nədən Ermənistandan bütün azərbaycanlıların deportasiya edilməsinə... heç bir reaksiya vermir?”

Onların ləğv edilməsini istədikləri sənədlər sırasında “Azərbaycan Respublikası və ABŞ arasında gələcək hərbi və müdafiə əlaqələri haqqında” Birgə bəyanat (1997-ci ildə imzalanıb) və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında” (2013-cü ildə imzalanıb) saziş yer alıb

Onlar ABŞ-nin Beynəlxalq İnkişafa Yardım Agentliyi (USAID) və onun qeyri-hökumət təşkilatlarının Azərbaycanda gerçəkləşdirdikləri bütün layihələrin dayandırılmasını, eləcə də USAID-in ölkələrində fəaliyyətinə son qoyulmasını xahiş ediblər.

Xatırlatma

Rəsmi Bakının son illər Qərblə münasibətlərində ayrı-ayrı vaxtlarda gərginlik yaşanıb. Özəlliklə bu il növbədənkənar prezident, parlament seçkiləri fonunda Qərb ölkələri və təşkilatlarının Azərbaycanda narazı kəsimi etirazlara həvəsləndirmələri, müxalifət liderlərinin təlimatlandırılması kimi iddialar səslənib. Ötən ilin sonunda münasibətlərdə gərginlik artıb, ABŞ səfirliyinin məzun tədbiri "casus şəbəkəsi ilə görüş" adı ilə təqdim olunub. Ancaq ABŞ-nin yeni təyin olunmuş səfiri Mark Libbi Bakıya gələndən sonra həmin tədbir baş tutub.

Bəzi yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının hesablamalarına görə Azərbaycanda 300-dən çox siyasi məhbus var. Azərbaycan rəsmiləri bu iddialarla razılaşmırlar.

Ötən əsrin 80-ci illərində qizişan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycan Qarabağ daxil 20 faiz ərazisinin işğal edildiyini açıqlayıb. Amma 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla Qarabağa nəzarəti bərpa edib. Bundan sonra bölgədəki erməni əhali Ermənistana köç edib. Rəsmi Yerevan Bakinin 2023-də “ antirerror tədbirləri”kimi təqdim etdiyi hərbi əməliyyatları “etnik təmizlənmə” adlandırıb

Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

XS
SM
MD
LG