Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:37

Kamil Əfsəroğlu. Xəzri (5)


Əvvəli


- Uzun söbətdi, - dedi, - başlasam, qorxuram axırına çatmayım. Əybi yoxdu, yarımçıq qalsa, ardını Baləmi sənə danışar... Sənin kimi cavan-cahıl vaxtlarım idi. Vid-fason da qərdeşində, necə lazımdı. Çyornı qoroddan o yanda park var - Nizami parkı deyirlər - Balaəmiylə ora tansa getmişdik. Sən də məni bağışla, iki "priyezji tyolkayla" tanış olmuşduq, Rusiyetdən gəlmişdilər. Tanış olanda Balaəmi qızlara dedi ki, "sentralnı" bazarın bazarkomunun oğludu, mənim də atam guya rıbkombinatın direktorudu. Doğrusu, mənim belənçik şeylərnən aram olmuyub, alə, nə var, onu deginən. Nəsə, əldən düşəneycən tans oynadıq, özümüzçün. Arada şokoladnan konyak da vururduq. Qızlar əvvəl-əvvəl özlərini naza qoydular ki, guya papa-mama balalarıdı, bullara içki olmaz. Sonra necə girişdilərsə, bizə fora verdilər. Dedim, Balaəmi, qonaqları aparaq "Jemçujina"ya narşərabnan balıq kababı yesinlər, görmüyüblər, tem bolee, pulumuz da var. Başım qızlarnan söbətə qarışmışdı. Bir də gördüm Baləmi əlində yekə bir kulok gəldi. Qəyidib dedi, qədeş, restoranı neynirsən, otuz dənə pirojki almışam, iki "Ağdam" çaxırı. Sən arxayın ol, gedəciyik, pirojkiynən o məsələ... Nəsə, gec idi, avtobus-zad da işləmirdi. Qızlarla qol-boyun, payi-piyadə şəhərə qəyidirdik. O vədə "Podmoskovnıe veçera" mahnısının mod vaxtıydı, oxuyurduq özümüzçün: "Ne slışnı v sadu daje şoroxi..." Balaəminin elənçik bayırlığı yoxdu, içəndə açarını itirir. Ağzına gələni danışırdı: gah deyirdi kinoaktyordu, gah da gəmidə starpom. Rus qızlarına nə var, nə deyirsən, inanırlar. Nəsə, kefikök gedirdik. Hardan çıxdılar, bilmədim: iki nəfər arxadan bıçağı dirədi böyrümüzə...

- Bəs siz neynədiniz? - hövsələmi boğmadım.

- Alə neyləyəcəyik? Bıçaq olarda, biz də ki, ayaq üstə güclə diyanmışıq. Gördüm vəziyyət ruscadı, baş işlətmək lazımdı. Dilə tutmaq istədim. Dedim, məhlə uşağı, bıçağı yığışdırın, söbətimizi eliyək. Bu "bacılar" da qonaq gəliblər. Yaxçı deyil, gedib millət haqqında alayı söbət eliyəllər. Oğlanlardan biri qəyitdi, alə, millət-zad nədi, ciblərivizi çevirin, saatınızı açın... Nəyimiz vardı aldılar, matişkələrin sırğalarını çıxartdılar. Alə, bir də eşitdim "part" güllə açıldı. Baxdım ki, Baləminin xalası oğlu Lotu Tarikdi. Sən demə, tansda bizi qızlarla görübmüş, yaxınlaşmıyıb ki, cavanlıq eliyirlər. Aramızda pərdə vardı, o bizdən yaşlıydı. Nəsə, Tarik tapançanı tuşladı oğlanlara. Ayrı həngameydi, mən ölüm, komediya idi - "Toy kimindi". Oğlanlar qəmiş təki əsirdi. Aldıqlarını qeytərdilər. Tarik gözünə döndüyüm dedi, alə, belənçik haqq-hesab yoxdu, komediya qurtarmıyıb, soyunun. Nələri vardı, tutub aldı. Bizə də dedi, kişisiniz, üstünüzdə yaraq gəzdirin. Bir adres verdi, dedi gedərsiniz Bayılda "Rıbnıy dvor" deyilən həyət var, ora. Dyadya Vitya adında otstavnoy miçman var, onu taparsınız, deyərsiniz, bizi Lotu Tarik göndərib, "cücəli toyuq" lazımdı.

- Cücəli toyuq? - Şıxəlinin sözünü kəsdim.

- Həri. Lotu dilində tapanca-patrona belə deyirlər... Nə başıvı ağrıdım, o vaxtdan birini aldım, dedim dar günün yarağıdı, gərəyim olar. Amma, qədeş, bu günəcən heç gərəyim olmuyub. Cücələrini çoxdan satmışam, patronsuz da ki, silah nəyə yarayır? Heç nəyə... Hə, sənə onu deyirdim; şifonerin altındakı tapançanı götürərsən, aparıb atarsan Şanxayın aşağısındakı obşestvenni tualetin kanalizasiyasına. Evimnən silah çıxmağını istəmirəm. Ölənin dalınca danışan çox olur, deyəcəklər Şıxəlini sakit adam bilirdik, demə, tyomnı işlərnən məşğulmuş, banditin biriymiş... O dünyanı bilmirəm, hələ yoldayam, ancaq bu dünyada heç kimə etibar yoxdu, mən ölüm. Evimnən tapança çıxsa, milislər açılmamış cinayətləri yazacaqlar yetim Şıxəlinin ayağına, deyəcəklər, ölüb gedib. Yadınnan çıxartma, tapançanı kanalizasiyaya əskiyə bükülü atarsan. Nə sirləri ört-basdır eləmir kanalizasiya? İşıqlı dünyaya nə var, hər şey göz qabağındadı. Hörümçək toru təki yeraltı dünyası da var şəhərin. Şəhər altında şəhərdi kanalizasiya. Bu yetim Şıxəli o yeraltı dünyada nələr görmüyüb?..

- Şıxəli, kanalizasiyada nə işin var?

- Qədeş, necə yəni nə işin var? Hərənin çörəyi bir yerdən çıxır, mənimki də, Allaha ağır getməsin, kanalizasiyadan çıxır.

- Axı deyirdin, Akademiyada işləyirsən.

- Evivəcən səni, demişəm Akademiyada işliyirəm, deməmişəm ki, akademikəm. Söbət deyil ki... Bəgəm, Akademiyada təkcə akademiklər işliyir? Oranın tualeti, kanalizasiyası yoxdu ki?.. Yoxsa, Akademiyadakılar insan deyil, qədeş? Konsertsən, Ətağa...

Şıxəlinin söhbətindən belə çıxırdı ki, Akademiya da bir qazandı və bu qazanda nələr qaynadığından heç akademiklərin özləri baş açmır. Hamı üzdə gülür, dalda bir-birinin ayağının altını qazıyır. Hətta vəzifə üçün pusquda durub kiminsə ölməyini gözləyənlər də var. Birini ürək xəstəliyinə salmaqdan ötrü Moskvaya şər-böhtan yazanlar da az deyil. Təmiz, vicdanlı o qədər alimi ləkələyiblər. Çoxusu dözməyib, ürək tutmasından dünyasını vaxtsız dəyişib.

Bu eşitdiklərim məndən ötrü bir yenilik idi. Ən əsası oydu ki, mən qonşumun dediklərinə, onun səmimiyyətinə inanırdım. Ona görə ki, Akademiya dediyi o qazanda nələr qaynadığını, kimin nə qaynatdığını akademiklərdən də yaxşı o bilir. Nə olsun ki, kanalizasiya təmizləyir. Hətta mənə elə gəlirdi, Şıxəli bu peşəni göydəndüşmə seçməyib, bilərəkdən seçib. O, həyatı təmiz, pak görmək istəyirdi. Bəlkə də əlində əlacı olsaydı, insanların qəlbini xəbislikdən, beyinlərini pis fikirlərdən təmizləyərdi.

- Akademiyada işləyənlərin də yaxşısı-pisi var, - Şıxəli söhbətinə davam elədi. - Sənə deyim, bu elm adamları var a, özləri kimi "skupoy" - zıqqı yer üzündə tapılmaz. Çoxu günorta nahar da eləmir, mən ölüm. Baxırsan pofessordu, koridorun küncünə çəkilib xəlvətcə kotlet-çörək tıxır, elə bil əlinnən alacaqlar. Neçə kərəm dəvət eləmişəm, demişəm, professor, gedək stolovada adama bir borş içək, xərci mənim boynuma... Dünyanın malı dünyada qalır, qədeş. Akademik ol, ya kanalizasionşik, hamısı birdi, hamı o dünyaya eyni cürə - lümlüt gedir. Götürginən məni, nə aparıram? Heç nə. Tapançanı da götürmürəm, o dünyada mənim nəyimə gərəkdi? Düz deyil, qədeş?

- Düzdü, - dedim. Gözgörəlik eləmirdim. Şıxəlinin dediklərində həqiqət vardı. Qədim Misirdə fironları torpağa tapşıranda əyalını-arvadını, nökər-naibini öldürüb onunla birlikdə basdırırmışlar. Qızıl-gümüş əşyalarını, silahını da qəbrə qoyurmuşlar. Uzun əsrlərdən sonra arxeoloqlar həmin qəbirlərin, sərdabələrin çoxunu tapıblar. O vaxt fironu necə quyulayıblarsa, eləcə də qalıb: nə əyalı ona əyallıq eliyib, nə də nökərləri nökərlik. Qızıl dəstəkli qılınc da qınından çıxmayıb. Şıxəli o fironların yerində olsaydı, əlbət, özüylə o dünyaya heç kəsi aparmazdı, qızıl dəstəli qılınc da götürməzdi, necə ki, indi yaraqsız-zadsız gedirdi.

Qır çuxurunun hamar səthi səhər günəşinin parlaq şəfəqlərini əks etdirir, sayrışırdı. Bu geniş meydan səhnəydi sanki, Şıxəli də bu səhnənin ortasında dayanıb "olum, ya ölüm" monoloqunu söyləyən aktyor. Onun deyib-danışdıqları bir insan ömrünün acılı-şirinli səhifələriydi, çevirdikcə səhifələnirdi. Kim bilir, bəlkə onun simasında incəsənət həqiqətən istedadlı bir aktyoru itirib. Aktyor olsaydı, görəsən hansı rolları oynayardı? Kitablardan oxuduğum qəhrəmanları gözlərimin qabağından keçirdim. Sonra xəyalımda geniş bir səhnə canlandı. Sürəkli alqış səsləri altında tamaşaçılara təzim edən aktyor qrimsiz idi və tamaşanın nə dekoru vardı, nə də recissoru.

- Əvvəllər "Parkommuna" zavodunda işləmişəm, - qonşum söhbətinə davam elədi. - Sənə deyim, fərqi yoxdu; zavod kanalizasiyası olsun, ya Akademiya kanalizasiyası, hamısınnan eyni zibil axır. Çoxları bizim işə alayı cür baxır, amma sənə deyim, kanalizasiya həyatın aynasıdır. O ayna ki, əyri-üyrü, gizli nə işlər var, aşkarca göstərir. Sən də məni bağışla, o qədər qadın alt paltarı çıxartmışam ki... Elə oyunnardan çıxırlar, desəm, inanmazsan. Tak çto, elə bilməginən Akademiyada yalnız elmlə məşğul olurlar.

-Nə deyim, Şıxəli, doğrusu, mən başqa cür fikirləşirdim, - dedim, - elə bilirdim, Akademiyada işləyənlərin hamısı akademikdi.

- Yox, alə! Sapojnikdən tutmuş plotnikəcən, nə peşə sahibi deyirsən, orda taparsan, bircə kisəçidən savayı.

- Denən, Akademiya məişət xidməti kombinatıdı ki...

- Doğru tapmısan, mən ölüm, elənçik bir şeydi. Bir də, qədeş, akedimikdi, professordu, onlar kimdi bəgəm? Sənin kimi, mənim kimi adamdılar, oların da iki gözü, iki qulağı var, bizim də... Yeri gələndə, oların Şıxəliyə işi düşür, mənim olara yox. Evdə su kranı işləmir, mənim yanıma qaçırlar, qaz pilətəsi xarab olur, mənnən məsləhət alırlar. Hərdən papağımı qabağıma qoyub fikirlişirəm ki, belənçiyinə "prostoy" şeylərdən baş çıxartmayan necə alim olur axı?

Sözünə-söhbətinə birdən ara verdi. Mancanaqların taqqıltısı, gurultusu yenə beynimə düşdü. Bu zəhlətökən səslər bayaqdan harasa çəkilmişdi elə bil, yenə qayıtdı. Yerin altındakı uğultu da artmışdı. Mədənin bu səs-küylü ab-havasına alışmış köpək də nədənsə zingildədi. Bayaqdan bəri şöngüdüyü yerdəcə sakit-sakit Şıxəlinin üzünə baxırdı, guya onun danışdıqlarından nəsə qanırdı və indi zingildəyib demək istəyirdi, a zalım balası, nə durmusan, danış, ürəyini boşalt, əzrayıl başının üstünü kəsdirib.

Şıxəli uzaqlara yönəlmiş nəzərini baxdığı səmtdən ayırıb, üzümə dikdi. Mənə elə gəldi, onun gözləri quyuya düşüb, arıq sifəti daha da bürüşüb. Beş-on dəqiqə içində insan necə də dəyişərmiş.

- Bayaq bir söbət elədim ha - “toyuq” məsələsi, - xatırlatdı.

- Nə toyuq? - mən soruşdum.

- Kinosan e sən! Alə, indidən belə başlasan, axırın necə olacaq, dərslərivi beynində necə saxlayaceysən? Cücəli toyuq söbəti elədim axı...

- Hə, yadıma düşdü - "Revolver".

- "Revolver" yox, "TT"... Əvvəl vaxtlar üstümdə gəzdirirdim. Gördüm yox ey, əməlli-başlı məni dingildədir. Yetənə yetirdim, yetmədiyimə bir daş atırdım. Xasiyyətim elə dəyişmişdi, məni tanıyanlar qalmışdılar mat-məəttəl. Deyirdilər, buna nolub belənçiginə, əvvəlki Şıxəliyə oxşamır. Gördüm yox e, belə çox getməz, xatası çıxacaq. Məhlədə yatıb-çıxan cayıllar vardı, oların gözünnən tük də yayınmaz. Bir kərəm biri qeyidib dedi, Şıxəli, səni nəsə dingildədir, olmuya üstündə yaraq gəzdirirsən? Dedim, yox, alə, nə yaraq, nə daraq?.. Doğrusu, yamanca qorxdum, ehtiyat elədim ki, uçastkovı duyuq düşər, onnan sonra gəl canını qurtar, görüm necə qurtarırsan. Statyası on iləcən iş göstərir. Fikirləşdim, tutub salarlar Bayıl türməsinə, dalımca "peredaça" gətirənim də olmaz. Kim gətirəcək, əmim yox, dayım yox... Tapancanı əskiyə büküb şifonerin altında gizlətdim. Yenə oldum əvvəlki Şıxəli... Dyadya Vitya ölüb, yoxsa aparıb qəytərərdin, pulunu alıb xərcliyərdin özünçün, tələbə babasan. Kalan pul vermişdim, nöş batsın? Bir var pulu dost yolunda xərcliyəsən, bir də var havayıdan verəsən küləyə. Qazanmaq kişi işidi, amma əliəyriliynən yox. Onun da yolları var...

Qonşumun müəmmalı sözləri qulağımdan yayınmadı, marağımı çəkdi. Tələbənin şəhər yerində pul qazanmaq yollarından birini özüm bilirdim - gündüz oxuyub, axşam işləmək. Mənə görə, bu yeganə yol idi. Şıxəlinin söhbətindən isə belə çıxırdı, şəhərdə pul qazanmağın bir yox, çox yolu varmış. Və qonşum o yollardan xəbərdardır. Kaş, əcəl aman verəydi. Bayaqdan az qala bütün tərcümeyi-halını danışıb, bu söhbətə gələndə sözü niyə uzadırdı, bilmirdim. İnsanı tanımaq olmur. "Mən gedirəm, yerdə qalanın canı çıxsın" - deyib fikirləşən o qədərdi ki... Elələri həmişə olub, olacaq da. Ancaq Şıxəli elələrindən deyildi, bilirdim ki, mən soruşmasam da, o özü açıb deyəcək.

- Sənə deyim pulu necə qazanırdım? - məni intizarda qoymadı. - Montin tərəfdə "Cındırtrest" deyilən bir idarə var, köhnə-möhnə, xlam şeyləri gətirib ora tökürlər. Köhnə arxiv qəzetlərini yığır, gətirib stadionda satırdım.

- Köhnə qəzeti neynirdilər ki? - marağımı boğmadım.

- Evivəcən səni. Necə yəni neynirdilər? Papaq düzəldib başlarına qoyurdular. İki saat günün altında oturmaq halva yeməkdi bəgəm? Buranın da gününnən olmaz, adamı ütür. Yayda sifətim elə qaralırdı, Mauqliyə oxşuyurdum... Hə, bir kərəm "Cındırtrest"də eşələnirdim, nə tapsam yaxçıdı?

- Pul! - mən cavab verdim.

- Yox! Pul deyildi, amma pulagedən idi. Bir alimin elmi işiydi. Onu yazanın adı-famili də yadımdadı - Mirtalıbov Qiyas idi, deyəsən. Üstündə tarix də vardı, otuzuncu illərin haqq-hesabıydı. O vədə Stalinin asıb-kəsən vaxtlarıydı, bircə sözün üstündə adamın axırına çıxırdılar. Yəqin, o işi yazan alimi də güllələmişdilər, yazdığını da atmışdılar zibilliyə. Nə isə, qədeş, papkanı vurdum qoltuğuma, gəldim AZİ-nin qabağına. Fikirləşdim, bir-iki marojna puluna sataram. Burnumun suyunu axıda-axıda diyanıb durmuşam qapının ağzında. Hava da yaman soyuq idi. Gördüm bir kişi gəlir, əlində qara çanta, başında qara şlyapa. Baxdım vid-fasonunnan oxumuş adamına oxşuyur, beşdən-üçdən versə, bu verər. Cavan adam idi, bəlkə də institutu təzə qurtarmışdı. Qovluğu alıb vərəqlədi, yetimin rəngi qaçdı. Dedim ölər, düşərəm zibilə. Bir istədim aradan çıxım, gördüm yox e, dostum girişib oxumağa, az qalırdı kağızı yesin. Soruşdu ki, buna nə qədər verim? İstədim deyim, əmi, ikicə marojnanın pulunu ver, götür apar, amma elə bil Allah dilimi-ağzımı bağlamışdı. Dinmədim, yəni uşaq deyilsən, özün bunun qiymətini bilmirsən bəgəm? Ta heç nə soruşmadı, cibindən palazqulaq bir yüzlük çıxarıb cibimə basdı. Dedi, get, qaranoy, bir də bu tərəflərdə görünmə. Çıxdım aradan, asta qaçan namərddi. O pula bir-iki ay dolandım, necə lazımdı. On beş-iyirmi il sonra o yetimi Akademiyada gördüm. İstədim salam verim, hal-əhval tutum, gördüm yox e, özünü tanımazlığa vurdu. Dedim, qudurasan qurbağa, Şıxəlinin hesabına alim olub, indi məni priznavat eləmir. Professora bax!.. İnsanlar cürbəcürdü: yaxşısı da var, pisi də. Adam var, çörəyi dizinin üstədi, adam da var, yaxçılığı unutmur...

Sinə dolusu nəfəs aldı, nəzərləri yenə harasa uzaqlaşdı. Büzüşüb durmuşdu, elə bil dəmir-dümür dolu buruqlar səltənəti bütün əzəmətiylə çiyinlərindən onu yerin altına itələyirdi, guya qır dolu çuxur o dünya deyilən bir dünyanın qapısıydı.

- Student, - Şıxəli sükutu pozdu. - Səninlə əntiqə qonşuluq eliyəcəkdik, heyif ki, qismət olmadı. Yaxçı planlarım vardı, bayramlarda "DK İliç"ə gedəcəkdik. Alayı haqq-hesabdı, o qədər moryak arvadı, polkovnik qızı gəlir, bilmirsən hansını seçəsən. Sən də məni bağışla, şokolad kimi rus qızları özləri adama kişniyir. Bir yannan baxanda, oları da qınamalı deyil, ərləri aylarla dənizdə üzür, ev, ailə görmür - çelovek-amfibiyadılar. Arvad bədbəxt də neyləsin, gözü orda-burdadı. Şanxay uşaqları da pişik siçanı tutan kimi "hop" eliyib oları qapazlıyır. Bunu ərləri də bilir, çoxu arvadlarının məşuquynan dostluq da eliyir. Kaspiyski flotilyanın nə hərbi sirri var, hamısı bizimkilərin ovcunun içindədi. Hansı gəmi nə vaxt reydə çıxacaq, nə vaxt uçenie olacaq - bunları kontr-admiraldan qabaq Şanxay uşaqları bilir, mən ölüm. Moryaklar arvadlarına deyir, arvadlar da lyubovniklərinə. Qədeş, belə baxıram, razvedçiklərə gərək yoxdu, nə voyenni tayna deyirsən, ortalıqdadı.

- Maraqlıdı, - qeyri-ixtiyari qonşumun sözünü kəsdim.

- Maraqlı nədi, qədeş, kinoydu, kino, - qonşum həvəsləndi. - Uzağa nöş gedirik, öz başıma gələni danışım. Cavan vaxtlarım idi, vid-fason da necə lazımdı. Çesuna parçaların mod vaxtıydı, amma hər adamda olmazdı. Dərzi Qrişaya yaxçı şalvar tikdirmişdim - qızqaytaran. Bir cüt də lakirovannı çəkmə almışdım, yeriyəndə cır-cır cırıldayırdı. Belə çəkmələr dəbdəydi. Tanış qızım vardı, adı Katya idi, mən Katyuşa deyirdim. Bir kərəm qızla qolboyun gedirdik. Bayıl bazarının yanında əri qənşərimizə çıxdı. Starşi leytenant idi. Özümü yığışdırdım ki, dava-dalaşa hazır olum. Gördüm yox ey, obstanovka mirnidi. Katyuşa ərinə dedi, İqoryok, poznakomsya, eto izvestniy Şıxəli iz Şanxaya, xaroşiy paren. Nəsə, başa saldı ki, sən dənizdə olanda məni yalqız buraxmır. İqoryok da sağ olsun, əlini gicgahına aparıb "çest" verdi. Dedim, bərəkallah, moryak!.. O günnən dostlaşdıq. "Stremitelni" esminesində xidmət eliyirdi, mərifətli də içən idi, "Ağdam" vururdu. İçəndə voyennidə nə sirr var, açıb tökürdü ortalığa. Deyirdim, İqoryok, doroqoy, belənçik şeylər danışma, özüvi də zibilə salarsan, məni də. Deyirdi, arvadım Katyanı sənə etibar eliyirəmsə, deməli, hərbi sirləri də danışa bilərəm. Bilirəm, Şanxay uşaqlarının ağzı bərkdi... Nə isə... Başıma çox işlər gəlib. Vaxt ola, mən danışam, sən yazasan - hazırca kinodu mən ölüm, çəkən lazımdı. Kinostudiyanın mənnən xəbəri yoxdu, yoxsa yapışarlar yaxamnan, əl çəkməzlər. Amma sənə deyim, cavanlığımı yaxçı keçirmişəm, gileyim yoxdu. Sən yaşda olanda gündə üç-dörd qıza svidanie verirdim, hamısı da leytenant arvadı, ya da podpolkovnik qızı, konfet kimi. O yannarın qızları göyçək olur, ağappaq, qaymaq təki... Mən olara Beluqa deyirdim.

- Beluqa? - təəccübləndim.

- Həri. Yəni ağ balıq də, - açıqladı. - Qədeş, sənə deyim, indinin özündə də cavanlıq havası başımdadı a. O günnəri parkda bir qıza yanaşıb ürəyimi açmaq istədim. Ürək də ki, maşallah, çoxmənzilli ev kimidi, hamıya yer tapılır. Nə başıvı ağrıdım, saldım dilimin şirin yerinə. Mən danışıram, qız da gülümsüyür. Komplimentdən döşüyürəm, opıtnı uxajoram, mənə nə var? Birdən qız qəyidəsən, dyadya Şıxəli, vı menya ne uznali? Bunu eşidəndə çaşıb qaldım, fikirləşdim məni hardan tanıyır? Vnimatelni baxanda üzündəki xaldan tanıdım, xəcalətdən ət tökdüm. Mən qızın anasına svidanie verəndə, o, uşaq idi, detsada gedirdi, indi böyüyüb krasavitsa olmuşdu... Dedim, yaş gedir, baş gedir, Şıxəli, ayağını yorğanıva görə uzat... Parka çıxanda hərdən polkovnik arvadlarına qırmaq atırdım, düşən də olurdu, otval verən də. Ömür-gün keçir, əlində deyil ki, vaxtı tutub saxlıyasan.

Qonşumun bu sözləri məni tutdu, başımdan bir fikir ötdü: "Görəsən, insan vaxtı saxlamağa qadir olsaydı, bəşəriyyətin taleyi necə olardı?" Bu sual, əlbət, mənə qədər də kimlərisə düşündürüb. Düşündürmək bir yana dursun, bəlkə buna cəhd edənlər də olub. İnsan nələrə əl atmır, nə xülyalarla yaşamır? Bunun hesabını aparanmı var?.. Amma yox, mən zamanı saxlaya bilmişdim. Bu nə qədər də asanmış, heç bilməzdim. Bir göz qırpımında dünya-aləm candan oldu, heydən-hərəkətdən düşdü. Mədəni başına götürmüş mancanaqlar donub qaldı, boruların içiylə axan neftin fışıltısı kəsdi, günəş şüaları hərarətini itirdi, buludlar səmada hərəkətsiz durdu. Qeybə çıxan bir də ürəyimin döyüntüsüydü. Beynim də işləmirdi. Komadaydım. Yox, əslində, mən komaya düşmüş bir Dünyadaydım. Bu vəziyyətdən insanı çıxartmaq müşküldü, qalmışdı o yekəlikdə Dünya olsun. Həyatda hərəkətsizlikdən dəhşətli şey yoxmuş, elə hərəkətsizliyin özündə də həyat yoxmuş...

İt hürüşünə diksindim, gözlərimi geniş açıb baxdım. Dünya komadan çıxmışdı, günəşin hərarəti özünə qayıtmışdı, buludlar yenə bir-birini qovur, qaçdı-tutdu oynayırdı. Mancanaqlar yeri dimdikləyirdi, borularda axan neftin fışıltısı gəlirdi. "Tıp-tıp-tıp" - bu da mənim ürəyimin döyüntüsüydü. Bu döyüntü zamanın saniyələrinə köklənmişdi, bəlkə də əksinə, zamanı insan ürəyinin döyüntüsünə görə saniyələrə bölüblər?..

- Yaşamaq yaxçıdı, qərdeşim, - Şıxəli dərindən köks ötürdü. - Heyf, vaxtsız getdim! İndi kim kimin ölüsünü ağlayır? Heç kim. Gərək, bir qohum-əqraban olsun ki, ağlasın... Yetim oğlanam - bıvşiy detdomovskiy malçik. Məni ağlasa, təzə lyubovnitsam Valentina Semyonovna ağlayacaq, alayı kimim var? Dul qadındı, Bayıldakı Admiralski domda yaşayır... Student, bilirsən, bizim millətdən nöş moryak çıxmır? Belənçik şeylərə görə. Evin kişisi ailəsinin başının üstündə durmalıdı, gedib dəryada üzməməlidi. Nə bilim? Qurban olduğum Allah hər milləti bir xasiyyətdə yaradıb, deyib-danışmaqla düzələn deyil.

Qonşum kiridi, yenə dərindən köks ötürdü. Mənə elə gəldi ağzını açıb ta danışmayacaq. Sükut məni darıxdırırdı, elə darıxdırırdı, guya qır çuxuruna düşən Şıxəli yox, mən özüməm. Oturduğum yerdəcə çubuqla torpağın üstündə şəkillər cızırdım, nə cızırdım, nə çəkirdim bilmirdim. Gözlərimə inanmadım: cızığa qara böcək düşmüşdü, baş alıb gedirdi. Bu iyli-qoxulu məkanda nə ölümü var, başına yer qəhətdi? Nə biləsən, bəlkə bu həşaratı yaşadan elə üfunətdir. Yer üzündə nə sayaq desən canlı tapılır. Amma yox, beləsi görünməyib, uzun bığları, güclə sezilən nöqtə gözləri vardı. Allahın yaratdığına bax... Əlbət yaradıb ki, dünya boş qlmasın. Yox, o Yer canlısına oxşamırdı, oxşamaq bir yana dursun, elə bil heç canlı deyildi, xırda-mırda dəmir hissəciklərdən yığılmışdı. Əyri-üyyrü tüklü ayaqları, uzun, qara bığları nazik telefon telini andırırdı. "Başqa planetdən gəlmiş robot-böcək" - fikrimdən keçirdim və bu kəşfimdən həzz aldım. Böcəyin hərəkəti qəribəydi: gah gedir, gah dayanır, bığlarını dikəldib ora-bura döndərirdi. Hərəkətdə olanda güclə eşidilən cırıltılı səs çıxardırdı, sanki oynaqlarının sürtkü yağı qurumuşdu. "Görəsən hansı planetdən gəlib, onu Yerə niyə göndəriblər?" - özüm-özümdən soruşdum. Öz sualım özümə gülməli gəldi. "Necə yəni niyə göndəriblər? İnsanlar başqa planetləri öyrəndikləri kimi, oradakılar da bizimlə maraqlanırlar. Niyə də olmasın? Əlbət, o əlçatmaz planetlərdə sivilizasiya yerdəkinnən milyon il qabaqdır, biz onlara yetmərik. Gör, oralarda elm, texnika nə qədər inkişaf edib ki, Yerə robot-böcək göndəriblər. Yəqin göndəriblər ki, yerdəki sərvətlərimizi öyrənsinlər, onlara yiyələnsinlər..." Bu fikir məni əməlli-başlı ovundururdu. Sərxoş beynin uydurmasınnan olmaz, ayıq vaxtımda belə şeylər çətin ki ağlıma gəlsin? Yoxsa, bütün fantastik əsərlər, uydurmalar elə içkili beyinlərin məhsuludu?..

Böcək alataş qalmışdı, cızıqdan çıxmağa can atırdı, amma çıxa bilmirdi - qapanmış dairə təki qarmaqarışıq cızıqların da çıxışı yox idi. Nədənsə bu idbar həşərata yazığım gəldi. Görəsən, necə gəlib buralara düşmüşdü?.. Bu cansız məkanda indi biz dörd canlı idik: iki insan, bir it və bir böcək. Dəhşətli oydu ki, birazdan, bəlkə də bir neçə dəqiqədən sonra sayımız bir nəfər azalacaqdı.

Böcəyi ovucumun içinə aldım, o, xilaskarına minnətdarlıq edirmiş kimi dal ayaqları üstə dikəldi, üzümə baxıb uzun qara bığlarını oynatdı. Döyükdü, deyəsən, əlimin hərarəti ona təndir istisi təki dözülməz gəldi, ovucumun içindəcə ora-bura çovudu, qanadlarını açdı ki, havalansın, amma bacarmadı. Ağzımı yaxınlaşdırıb astadan üfürdüm.

-Uçağan uç, xəbər apar ki, qır çuxuruna düşən var, - pıçıldadım. Nəfəsim həşaratdan ötrü külək qədər güclüydü. Xırda qanadlarını bu küləyə sarı açıb havalandı, ancaq uça bilmədi, qondu yerə. Böcək uçmaq üçün yaranmamışdı, çətir tək açılan qanadcıqları isə onu hündürlükdən endirməyə yarayır, özgə işə yox...

Deməyəsən, bu mənzərəni bayaqdan qonşum da izləyirmiş.

- Alə, o hara uçur? - dedi. - Donuzanqurdudu. Bununki odu, zir-zibildən şarik düzəldib diyirləsin ora-bura. Sən də o yetimin boynuna qoyursan ki, xəbər aparsın: düşübdü qır çuxuruna, özünü tez yetir ona...

Mən dinmədim. Əslində, dinmək istəyirdim, amma nə deyib, nə danışacağımı bilmirdim. Durub qonşuma təzədən təskinlik verməyəcəkdim ha. Onsuz da ondan ötrü bunun heç bir mənası yox idi.

- Student, bir şey soruşum sənnən - de görüm təqaüd alırsan? - Şıxəli maraqlandı.

Bu vurhavurda belə bir fikrin hardan ağlına gəldiyinə təəccübləndim.

- Hə, alıram, - ağzımı sürüdüm.

- Voenni tayna deyilsə, nə qədər? Heç olmasa, işinə yarayırmı?

- Belə də, əlimnən tutur. Ayda iyirmi səkkiz manat verirlər, min bərəkət.

- Qədeş, nə bərəkət, nə hərəkət, o nə puldu ki, şükür eliyirsən? Nə başa yaraqdı, nə də coraba yamaq... Mənnən sənə əmanət, aldığının hamısını kitab-dəftərə xərcləmə. Beşdən-üçdən at zapasa, gərəyin olar. Bu gün-sabah moryak qızlarıynan tanış olaceysən. Elə olsun, yeri gələndə, cibinnən marojna pulu çıxsın, yoxsa özüvü biabır eliyərsən. Şanxay uşaqlarının nəyi olmasa da, marojna pulları həmişə var. Bunnan belə Şıxəli olmuyacaq ki, dara düşəndə sənə əl tuta. Şanxayda elə bir tanış-bilişin də yoxdu, ona ağız açasan... Hə, yaxçı yadıma düşdü: Nora var ha, ilişməyə musurman oğlan axtarır. Desə, gəl bizə, sənə erməni dili öyrədim, getmə. Nəyivə lazımdı? Əmisi oğlu Vova Bayıl türməsində naçalnikin şoferidi, qara "VOLQA" sürür. Milisdə dost-tanışı çoxdu, heç nədən səni ilişdirər. Student adamsan, nöş özüvü zibilə salasan?

Köpək ağzını açdı, dilini bir qarış çıxardıb əsnədi. Şıxəli iti indi görürmüş kimi onu qıyqacı süzdü. Köpək quyruğunu buladı, astadan zingildədi.

- Halal olsun bu itə, - qonşum minnətdarlıq elədi, - yal verməmişəm, sümük atmamışam, amma dar ayaqda yanımızdan əl çəkmir. Başqası olseydi, deyərdi, alə, nə işimə qalıb, kim batır, kim qalır. Heyvan insanın çoxunnan etibarlıymış, mən ölüm. Onsuz da olan olub, keçən keçib, amma dünyaya ikinci kərəm gəlseydim, bu iti aparıb qapıda saxlıyardım, xəcalətinnən çıxardım, necə lazımdı.

- Polina xala qoymazdı, - mən xatırlatdım.

- Doğrudan a, heç ağlıma gəlmir. Həyətin komendantı odu axı. Tyotya Polinada siçan-siçovul bir yana, it-pişiyə də dəvə kini var. Amma elənçik olmağı yaxçıdı, yoxsa xəstəlik, mikrob həyəti basar.

- Polina xala müharibə vaxtı Leninqrad blokadasında olub, - dedim. - Danışırdı ki, insanlar acından əllərinə keçəni yeyirmişlər, it-pişikdən, siçan-siçovuldan da iyrənmirlərmiş.

- Nə danışırsan, alə? - Şıxəli üz-gözünü turşutdu, tüpürdü. - Görəsən, tyotya Polina da yeyib? - soruşdu.

Mən dinmədim.

- Deyirəm axı, onda bu qədər kin hardandı? Allaha qurban olum...

Başını qabaq ayaqlarının üstünə qoyub uzanmış köpək yerindən qalxdı, silkindi, qıçını qaldırıb dəmir borunun dibini islatdı. Torpaq sapsarı, zəhərli sidiyi su bilirmiş kimi, acgözlüklə canına çəkdi. Üzdə qabarcıqlı sarımtıl köpük qaldı. Şıxəli bu mənzərəni səssizcə seyr edirdi.

- Bu köpək də işini görməyə vaxt tapdı, - donquldandı. - Mənim də yadıma saldı, havayı deyil, nə qədər pivə içmişəm. Pivəni içən mən, yüngülləşən köpək. Bir anekdot var e, deyir mən olmuşam zənci, bu olub gürcü...

Şıxəli nəsə üdülüyürdü, mən onun dediklərin eşitmirdim, öz aləmimdəydim. Allaha yalvarırdım ki, bir möcüzə yetirsin və o möcüzə bizi, daha doğrusu, qonşumu düşdüyü bu girdabdan qurtarsın. Möcüzə isə yalnız nağıllarda olur: otur gözlə ki, cəsur Məlikməmməd, ya da ağıllı Ağatlı oğlan özünü köməyə yetirəcək. Nağıla inanmağın özü bir nağıldı.

Gözlərimi qıyıb ilıq şəfəqlərini yan-yörəyə səpmiş Günəşə baxdım. Gözlərim qamaşdı. Aydın səmada tək-tək bəyaz bulud topaları gəzişirdi. Bir əlçim bulud isə ağ at şəklindəydi, sanki Ağatlı oğlan atını Günəşə doğru çapırdı. Az çapdı-çox çapdı, axırda Günəşi haqladı. Buludun özündən qat-qat böyük kölgəsi mədənin üstünə çökdü. Havanın ilıqlığı bir andaca çəkilib itdi, buruqların arasına sərinlik gətirən xəfif meh əsdi.

Qıçlarımı qan tutmuşdu. Ayaqqabılarımı çıxardıb ayaqlarımı ovxaladım. Torpağın sərinliyi ayaqlarımdan üzüyuxarı, ta beyniməcən yayıldı. Bu sərinlik kütləşmiş beynimi qıcıqlayıb ayıltdı elə bil. Oturduğum yerdən sıçrayıb qalxdım. Qışqırdım:

- Tapdım! Tapdım!..

Səsim mədəni başına götürmüşdü. İt döyüküb üzümə baxdı, niyə sevindiyimi qanırmış kimi quyruğunu buladı, burnunu dikəldib bir ağız hürdü. Onun hürməyi gülməliydi. Elə bil səsinin parası qaldı içində və bir it də içində hafıldadı - boğuq-boğuq.

- Tapdım!.. - bu dəfə lap ucadan çığırdım.

Şıxəli mənim çığır-bağırımdan bir şey kəsdirmədiyindən çaşıb qalmışdı.

- Alə, nolub, nə bayramdı, nəyi tapmısan, deginən biz də bilək, - həyəcanlandı. Matdım-matdım mənə baxırdı. Mənsə elə bir kəşf eləmişdim ki, nəinki qonşumun, heç bədbəxt Arximedin ağlına gəlməzdi, necə ki, gəlməyib. Adamı batırmağa nə var, asandı, oğul istəyirəm, batanı qurtarsın... Yeni kəşfimlə ta qədimdən bəri dillərdə dolaşan "sərxoş başda ağıl olmaz" klassik bir fikri də alt-üst eləyirdim. Əgər sərxoş başda ağıl olmasaydı, belə işıqlı fikir ağlıma hardan gələrdi?

Mənim kəşfim sadə bir məntiqdən doğurdu: qıra yapışan Şıxəlinin ayaqqabılarıdı, ayaqları ki, deyildi. Bir az da keçsə, gec olar, yumşalmış qır ayaqqabılarının üstünü örtməkdəydi. İndi hər dəqiqənin, hətta saniyənin əhəmiyyəti vardı. Mən iri taxtanı çuxurun ortasına atdım, Şıxəliyə dedim ki, ayaqyalın taxtanın üstüylə gəlsin. O, hələ də bir şey anlamırmış kimi, durub mənə baxırdı. Ölümdən qurtarmağın bu qədər bəsit yolu olduğuna heyrətləndiyindən, danışmağa söz tapmırdı, bəlkə də gördüyünə inanmağı gəlmirdi. Özünü cəmləşdirdi, dərindən nəfəs aldı, müvazinətini itirməsin deyə, kəndirbaz kimi qollarını yana açıb taxtanın üstüylə mənə tərəf gəldi, əlimnən yapışıb çuxurun kənarına sıçradı. Əli buz təki soyuq idi, barmaqları qıc olduğundan açılmırdı. Bir müddət durduğu yerdəcə səssiz-ünsüz dayandı, cınqırını da çıxartmadı, elə bil dili tutulmuşdu. Arabir üzünün ətsiz əzaları səyriyirdi, sudan çıxmış adam kimi titrəyirdi. Deyəsən, cəmi bir neçə dəqiqə əvvəl ölümlə üz-üzə dayandığını indi dərk eləyirdi. Heysiz halda yerə çökdü, əlləriylə üzünü tutub hönkürdü. Şıxəlinin indi sevincdən ağladığını qara köpək də hiss eləmişdi, bu dəfə təpərli zingildədi. Dili olsaydı, görən, bizə nə deyərdi? Mən əlimi onun dalğalı tüklərinə çəkdim, heyrətə gəldim. Bayaqdan qara köpək bildiyim heyvanın rəngi, sən demə, ağmış. Mədənin kirindən-pasağından bu kökə düşübmüş. Üstündən də it iyi yox, elə mazut qoxusu gəlirdi. Tükləri eyzən "qara qızıla" bulaşsa da, amma bu biçarənin günü elə it günüydü. Heyvana yazığım gəldi. Onun kirli başını tumarladıqca, köpək xoşlanır, minnətdarlıq əlaməti olaraq, quyruğunu bulayırdı. Məndən gələn spirt qoxusunu alıb başını çevirdi, Şıxəliyə sarı getdi, eyni iyi ondan da duyub geri çəkildi.

- Bu köpeyə halal olsun, mən ölüm, - Şıxəli heyvanı təriflədi. - cənnətə bir də gələndə, bunun xəcalətinnən çıxarıq, kolbasa-çörək gətirərik. Allah insanı itə də borclu qoymasın.

Şıxəlini bilmirəm, mənə belə Cənnət lazım deyildi. Bir Cənnətin ki, yolu Cəhənnəmdən keçsin, orada nə xeyir olar? Ot-alaf bir yana, qanqal belə bitirməyən bu cansız, qısır məkandan baş götürüb hara gəldi qaçmaq istəyirdim.

- Student, - Şıxəli dilləndi, - başıvı lap vaxtında işlətdin, yoxsa o dünyalıq olmuşdum, saniyə söbəti vardı. Şanxaya mənsiz qeyidəcəkdin. Boynuva minnət qoymuram, özümnən çox, səni fikirləşirdim ki, qonşum buralara nabələddi, buruqların arasınnan necə çıxacaq? Qır çuxuruna düşüb o da o məsələ...

Əsl dost belə olar. Sən demə, bayaqdan mən onun halına yananda, Şıxəli də mənim dərdimi çəkirmiş. Duyğulandım, gözlərim nəmləndi.

- Çox sağ ol, Şıxəli! - minnətdarlıq elədim.

- Dəyməz, söbət deyil ki... - dedi, - qonşu deyilik bəgəm?

Bu sözləri elə bir tərzdə dedi, elə bil bayaqdan qırda batan o yox, məndim və kəlləsini işlədib məni ölümün cənginnən o qurtarmışdı.

- Sənə deyim, ümidimi üzməmişdim, - dedi. Ruslarda misal var - nadejda umiraet posledney. Yəqin, bu da bir sınaqmış, Tanrı məni sınağa çəkirmiş. Həm də, mənə ümid verən qaraçı arvadın sözləriydi. Dənizkənarı bulvarda falıma baxıb demişdi, Şıxəli, sən bir kərəm dolu çuxura düşəceysən, amma qorxmaginən, qurtaraceysən. Deyirəm, işə baxginən, qaraçı arvad necə demişdi, elə də oldu. Nə bilim, bəlkə də hər şey alayı cür qurtarardı, göydəkinin məsləhətinə şükür.

Nəsə xatırladı, səsinin tonu dəyişdi, kiminsə eşidəcəyindən ehtiyat edirmiş kimi astadan dedi:

- Qədeş, bayaq bir söbət elədim ha - cücəli toyuq məsələsi...

- Həə, tapança...

- Bilməzsən, orda-burda ağzınnan qaçırarsan, salarsan məni zibilə. O söbəti unutginən, mən elənçik şey danışmamışam, sən də eşitməmisən. Özüm də detdom uşağı deyiləm: atam frontda qalıb, anam da bir santexnikə qoşulub qaçıb... Öz günahımdı, çərənçilik elədim. Dedim, ta gedirəm, hardan bileydim ki, yarı yoldan qeyidəcəm. Həyatın işlərini nə bilmək olur? Düz deyil, qədeş?

- Düzdür, - başımı tərpətdim. Ancaq mənim bu cavabım onun yalnız həyatla bağlı verdiyi sualın cavabıydı, başqa dediklərinin yox.

- Bir şey yaxçı olmadı, çəkmələrim getdi, təptəzəydi, köhnə univermaqdan almışdım. Qədeş, alayı yol yox idi ki, qonşuvu çəkməli-zadlı qurtareydin?

Heyrətdən az qaldı nitqim tutulsun. İşə bax, ölümdən qayıdıb, indi nəyi özünə dərd eləyir? Onu inandırmağa çalışdım:

- Qonşu, inan ki, başqa yol yox idi, olsaydı, gizlətməzdim. Sənin çəkmələrin, mənim çəkmələrim, nə fərqi varmış, qırda batmağına qıymazdım. Bu, yeganə xilas yoluydu. Bəlkə də gələcəkdə alimlər nəsə yeni bir üsul tapacaqlar, amma hələ ki...

- Doğru deyirsən, mən ölüm. Gəmidə spasatelni kruqacan hər şeyi fikrləşiblər, amma qır məsələsi ağla gəlmiyib. Əlbət, onun da vaxtı gələr... Bəribaşdan bir şeyi də deyim - yadında qalsın, Şanxaylı Şıxəli hüştülüm cayıllardan deyil. Bu çağeycən heç kəsə borclu qalmamışam. Şəhər yeridi, kim bilir sabah adamın başına nə gələcək? Hələ havalar isti keçir, bazar günü plyaja da gedərik. Rayon adamısan, dənizi harda görmüsən? Şər deməsən, xeyir gəlməz: suda boğulub eləsən, onda göreceysən qərdəşivin qabiliyyətini. Borclu borclunun sağlığını istər.

Qonşumun çəkdiyi atalar misalı onun dilə gətirdiyi fikirlə uzlaşmırdı: borclu borclunun borcunu qaytarmaqdan ötrü onun suda boğulmağını gözləməliydi. Bir də, mən Şıxəlini borca xilas eləməmişdim axı...

- Student, səni Şanxayda tanıyan var? - nə fikirləşdisə, qəfildən soruşdu.

- İt də tanımır, - əlüstü dilləndim. Cavabım qonşumun xoşuna getdi.

- Lap kinodakı kimi danışdın. "Uzaq sahillərdə" Karranti şlyapalı kişidən soruşur, səni Triyestdə tanıyan var? O da sənin kimi cavab verir. Qədeş, olmuya, sənin də könlünnən artistlik keçir?

- Artistlik?.. Yox!

- Yoxluyarsan, bəlkə alındı... Belə baxanda, insanların hamısı artistdi, mən ölüm... Kimisi tragediya oynuyur, kimisi komediya...

Qonşumun sözlərini qəribliyə salmadım, hardasa sözlərində həqiqət vardı. Bəs görəsən o özü həyat deyilən nəhəng teatrın hansı aktyorudu: traqik, ya komik? Yoxsa, traqikomik?..

Şıxəli yalın ayaqlarına baxıb barmaqlarını oynatdı. Hovunu almaq üçün ayaqlarını ovuşdurdu. Sözlü adam təki üzünü mənə tutdu.

- Şanxayda özümə görə vesim, xatir-hörmətim var, - dedi, - baxaceylər, Şıxəli gəlir, özü də bosoy - ayaqyalın. Məhlə cayılları da ki, şəbədə qoşmağa adam axtarıllar. "Bosoy Şıxəli" deyerlər mənə. Şıxəli, bunnan sonra yaşa, görüm necə yaşayırsan? Onnansa ölüm yaxçıdı, Ətağa cəddi. Kaş ki, qırda bataydım. Nöş məni qurtardın, qədeş?.. Bosoy Şıxəli! Alə, pozordu, mən ölüm!

Oturduğu yerdən dikəlib, qır çalasına tərəf getdi. Mən dəhşətə gəldim. İt də təlaşlandı, hürdü. Qır layı xeyli sıyılmışdı, Şıxəlinin çəkmələrini udmuşdu. İri çala iştaha gəlmişdi, yekə, qara ağzını açıb qurban gözləyirdi, canlı-cansız deməzdi, hamısını bir göz qırpımındaca "hop" eləyib udardı.

İçkinin məstliyindən başım dönsə də, yerimdən yay təki sıçradım. Özüm də bilmədim bu güc mənə hardan gəldi. Şıxəlinin qolundan yapışıb, onu geri çəkdim. O isə dartınıb, əlimdən qurtarmağa çılışırdı.

- Qədeş, burax qolumu! - səsini qaldırdı. - Kişi deyil, öz payına, ölərəm, o adı üstümə götürmərəm. Bosoy Şıxəli!.. Burax qolumu, köyneyimi cırarsan, kitayskidi - firma "Drujba!.."

Hələ də bir şey qanmayan köpək bir yerdə dayanmır, zingildəyə-zingildəyə vurnuxurdu. Şıxəli ipə-sapa yatmırdı.

- Məhlənin burnufırtıqlı şpankələri də məni "Bosoy Şıxəli" çağıracaq! - dartınıb əlimnən qopmaq istədi. Mən var gücümlə ona müqavimət göstərsəm də, hiss eləyirdim ki, çox dayana bilməyəcəyəm. Güc bir şeyə yaramayacaq, odur ki, qonşumu dilə tutmağa çalışdım.

- Şıxəli, - dedim, - sakit ol, fikirləşib bir yol taparıq.

- Skazka danışırsan, student! Bunun yolu-zadı yoxdu, nə yolu olacaq?! Yoxsa, şanxaylıların ağzını bağlayaceysən? Söbət deyil, mən ölüm... Priçoskamı zay elədin, - barmaqlarını daraq yerinə saçlarına çəkdi. Amma deyəsən, sözüm onu tutmuşdu. Sual dolu nəzərini üzümə dikdi, yəni təklifin nədi?

- Mənim ayaqqabılarımı geyərsən, - təklif elədim. Əslində, bu, yeganə çıxış yolu idi. Bəlkə başqa yol vardı, sadəcə, düşünüb-daşınmağa vaxt gərəkdi. Məsələ də elə vaxtın darlığındaydı. Hər şey dəqiqələrə, saniyələrə bağlıydı. Sərxoş beynimin tutması tutsa da, hərdən işləyirdi.

Şıxəli sakitləşdi, təklifim ağlına batmışdı. Cibindən kiçik bir güzgü çıxardıb özünə baxdı, üz-gözünü turşutdu - elə bil güzgüdən baxan tanış gəlmirdi. Ağzını əydi, dilini çıxartdı. Güzgüdəki də eyni hərəkətləri təkrarladı. Çöhrəsinə bic bir təbəssüm yayıldı. Elə bil qrim otağındaydı, tumar çəkib əyri-üyrüsünü hamarlamaq istəyirmiş kimi üzünün dərisini dartışdırdı, saçlarını sahmana saldı. Guya indi pərdə qalxacaq, bu tosqun-tösmərək adam səhnəyə çıxıb öz böyük rolunu oynayacaqdı. Götürsən, qırlı-mazutlu mədən özü nəhəng və geniş bir səhnəydi, saysız-hesabsız buruqlar, mancanaqlar, şaxələnmiş paslı borular isə bu səhnənin dekorları. Budur, tamaşa başlayacaq. Yox, bəlkə də tamaşa çoxdan başlamışdı, bundan beləsi isə son pərdənin son akkordlarıydı.

Şıxəli qançıxmış gözlərini, ayaqqabılarıma dikdi.

- Neçə razmerdi? - soruşdu.

- Qırx bir.

- Mən qırx iki geyirəm.

- Olsun, birtəhər geçir ayaqlarına, onsuz da köhnədi.

Məni tərifləməkdən qalmadı:

- Tələbə, sən kəlləsənmiş, mən ölüm. Elənçik fikirlər tapırsan, akademikin ağlına gəlməz... Yaxçı, bəs özün neyniyəceysən?

- Əşşi, kimdi məni tanıyan?

- Düz söbətdi, mən ölüm. Amma bir az yaxçı alınmır axı... Kitab-dəftərini verərsən, mən götürərəm, nöşün ki, avtobusda millət səni ayaqyalın görüb elə biləcək ağıldan o məsələ... Eybi yoxdu, yarımca saata Şanxaydıyıq. Kinoda necə deyir - terpi kazak, atamanom budeş... Kimnən utanaceysən, tem bolee səni, özün demiş, it də tanımır. Düz demirəm, qədeş?

Mən başımı tərpətdim. Söz ağzımdan çıxıb, dünya qopsa belə, sözümün yiyəsiyəm.

Şıxəli hıqqıldıya-mıqqıldıya ayaqqabıları ayağına keçirdi. Ayağa qalxıb yerində atılıb-düşdü, guya idmançıydı, qaçışa hazırlaşırdı. Elə bildim Şıxəli sıyılmış qır-mazut çuxurlarıyla dolu bu mədəndə məni yalqız buraxıb qaçacaq. Vücudumu soyuq tər bürüdü.

O, bir neçə dəfə də yerində atılıb düşdü. Sağ ayağının barmaqları ayaqqabının ucundan bayıra çıxdı.

- Alə, sənin çəkmələrin indidən ağzını ayırdı ki... - qımışdı, - nə tez acdı?.. Eyb etməz, sapojnik Aşota verərik, iki-üç dənə mıx vurar.

Bayırda qalmış barmaqlarını oynatdı, köynəyinin yaxalığını qaldırıb əliylə saçlarını alnına dağıtdı, çubuğu çiyninə aldı. Qarşımda hansısa hind filminin qəhrəmanı dayanmışdı.

- "Cənab 420" kinosunda Rac Kapur necə deyir, qədeş? - gülümsədi. - "Yapon başmaqları, aparın məni..."

“ Mera cita hecabani,

İpatlun İngilistani,

Torpelal kopi Rusi,

Pirpidil he Hindustani...”

Şıxəli məşhur hind mahnısını oxuya-oxuya düşdü yolun ağına. Mən yalın ayaqlarımı ehtiyatla yerə basır, ondan geri qalmırdım. Daldan isə köpək gəlirdi. Eşitdiyi melodik, şən ahəngdən hər şeyin yaxşı bitdiyini hiss etdiyindən heyvanın da qırımı dəyişmişdi, təpərli yeriyirdi, elə bil bayaqkı əfəl it deyildi. Günəşli bir payız səhəri başımıza gələn bu macəranın şən mahnıyla bitməyinə daha çox mən sevinirdim.

Şəhərə aparan asfalt yola çatmağa macal, birdən köpək durdu, şöngüdü. Zingildədi. Mən qayıdıb onu dilə tutsam, başına tumar çəksəm də, yerindən tərpənmədi. Məsum gözləri elə bil deyirdi: "Mənimki buracandı, başım qarmaqarışıq şəhəri götürmür. Orda nə itim azıb ki, biri daşı götürüb nallıya ayağıma, ac başım, dinc başım".

- Qədeş, itnən oynamaginən, qov getsin işinin dalısıycan. Gəl gedək! - Şıxəli məni tələsdirdi. - Bir o qalmışdı, dəli Əbə kimi dalımızca it gəzdirək.

İtə acıqlandı:

- Poşol otsyuda!

Köpək sıçrayıb keri çəkildi, heyrətlə dönüb mənə baxdı, nəsə soruşmaq istəyirdi. Şıxəli köpəyi söyüb qovmasaydı belə, it bizimlə gedəsi deyildi. Əlbət, neft qoxuyan bu miskin məkana, buruqların arasına elə insanların əlindən təzikib.

Köpəyin kirdən qapqara qaralmış tüklərini sığalladım. - Əlvida, vəfalı dost! - dedim.

Yolun qırağındakı dayanacağa çatanda dönüb arxaya baxdım. Köpək hələ də arxamızca baxırdı. Sonra qalxıb taytıya-taytıya gəldiyi yolu geri qayıtdı. Uzaqlaşdıqca kiçilirdi. Buruqların arasında görünməz oldu...

Avtobusda sərnişin az idi. Özümə yer tapmırdım, yalın ayaqlarımı adamların nəzərindən gizlətməyə çalışırdım. Deyəsən, bu davranışımla əksinə, daha çox diqqət çəkirdim. Şüşədə əksimi görüb özümü tanımadım, saçlarım qarışmış, köynəyimin qolu sökülmüşdü.

Dodaqları boyalı, cavan qadın yan tərəfdən heyrətlə mənə baxırdı.

- Oy, mamoçka!.. - içini çəkib tez irəli keçdi. Daha kimsə nəsə donquldadı. Donqultular, pıçıltılar bir-birinə qarışdı, yəni ictimai nəqliyyatda beləsinin nə ölümü var? İnsanların bu qədər üzüdönük olduğunu bilməzdim. Bir-birlərini tanımayan yad adamlar birdən-birə doğmalaşmışdılar elə bil. Biri deyəni tezcənə digəri təsdiqləyirdi. Ağzını açmayanlar isə baxışlarıyla danışırdılar. Sanki avtobusdakıların hamısı bir ailənin üzvləriydi, təkcə məndən savayı. İnsanların bu sayaq münasibəti kimi deyirsən ağıldan eləyərdi. Yad baxışların ağırlığı məni sıxırdı. İstəyirdim qapını açıb atılım yerə, qaçım insanlardan. Mənim bu hərəkətim yəqin ki, heç kimi təəccübləndirməzdi.

- Yazıq, cavan uşaqdı, - orta yaşlı bir kişi əyilib dostunun qulağına pıçıldadı.

- Əlbət psixdi, bolnisadan qaçıb, - dostu mülahizə elədi. - Durdomun ostanovkasında düşər.

- Alə, durdomun ostanovkasında özün düşərsən, - Şıxəli dözməyib bozardı. - Bu millət belədi də - adam axtarırlar fışdırığa götürsünlər. Elə baxırsınız, guya Marsdan gəlib. Tələbədi. Boğulan, batan vardı, onu xilas eliyəndə bu kökə düşüb, yoxsa qərdeşimizə nolub, güləbətin kimi oğlandı.

- Suda batırdı? - törəboy kişi marağını boğmadı. Əslində, o, bütün sərnişinlərin əvəzindən soruşurdu.

- Yox, quruda, - Şıxəli bic-bic qımışdı. - "Azərbaycan gəncləri" qəzetini oxuyanda bilərsiniz dünyada necə cayıllar var.

Şıxəli əsl dost kimi vaxtında köməyimə yetmişdi. Elə bil avtobusdakılar bayaqkı adam deyildilər, sanki dayanacaqda əvvəlkilər düşmüş, başqa sərnişinlər minmişdi - hamısı da mehriban, gülərüz. İndi mənə özgə sayaq baxırdılar və bu baxışlarda xoş bir ilıqlıq vardı. Tanımadığım adamlar mənimlə eyni avtobusda getdiklərilə açıqdan-açığa fəxr eləyirdilər. İnsanlardan baş açmaq olmur - gah belədilər, gah da elə...

Bayıl meydanında avtobusdan endik. Sərnişinlər arxamızca boylanırdılar. Tösmərək kişi başını pəncərədən çıxarıb hayladı:

- Qardaş, bağışla, gənc qəhrəmanın adı nə oldu?

- Daşdəmir! - Şıxəli dönüb avtobusun dalınca qışqırdı.

- Yumşalırsan, yumşalır! - yanımızdan keçən birisi məşhur atalar misalını tamamladı.

Ensiz küçəylə üzüyuxarı qalxdıqca aşağıdakı meydan kiçilib balacalaşır, dəniz ayaq götürüb uzaqlaşırdı. Neft iyindən başı dönən şəhər heysiz-heysiz sahilə sərələnmişdi. Xəzri əsirdi...
XS
SM
MD
LG