Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:31

Məmməd İsmayıl. Bayat (6)


əvvəli

Bu sonuncu dedi-qodu Bayatın canına sarı yağ kimi yayılırdı. Adamlar onun ev tikdirdiyini görüb ümidlənir, köçəri quşlar kimi perikməyin qarşısı alınırdı... Bayatın məqsədi elə bu deyildimi? Bayat bu dedi-qoduları eşitdikcə yenə Allaha üz tuturdu:
- A şükür kərəminə, bu nə millətdir, hərəsinin ağzından bir avaz gəlir, bəs nə zaman ağızbirliyimiz olacaq? Bizə nə vermirsən vermə, heç olmasa ağız­bir­liyi ver, a kərəminə şükür. Bayatın öz-özünə etdiyi bir kəşfi də vardı. əgər çox yox, bir günlüyünə, tək bircə günlüyünə Azərbaycanda hamı bir nəfər kimi eyni şeyi düşünə bilsə, Azərbaycan torpaqlarını işğal etmələri bir yana dursun, heç Ermə­nistanda nübar üçün bir erməni də qalmaz. Torpağın bioenerjisi ilə onun üstün­də yaşadığı xalqın bioernerjisi üst-üstə düşmürsə, torpaq o toplumu üstün­dən qovur, ermənilər torpağın sevmədiyi bir toplumdur, tarix boyu yüz yer dəyi­şiblər, bu səfər də olsun yüzbirinci. Amma hardaydı bizdə o ağızbirliyi ki, hamı eyni şeyi düşünəydi və ermənilər də bunu uzaqdan-uzağa hiss edib dabanlarına tüpürüb qədim türk torpaqlarından cəhənnəm olub gedəydilər. Onlar uzaqdan-uzağa yox, uzun illər içimizin içində yaşadıqlarından bizim kim olduğumuzu bizdən yaxşı bilirlər, bilirlər ki, bizdə ağızbirliyi yoxdur, bunu bildiklərindən də fürsət bu fürsətdi deyib aldıqları ilə yetinməyib başqa torpaqlarımıza da göz dikirlər...
- Ya Rəbb, biz nə təhər xalqıq, bir toyda, şənlikdə bir yerə yığılıb xor da oxuya bilmirik, çünki hərəmizin ağzından bir avaz gəlir, xor oxuya bilməyən bir toplumun fikir birliyi haradan olacaq? Hamı sifətinə bir yalan maskası taxıb gününü gün edir... Belə olmasaydı, Bakıdan sərhəd rayonlarına təbliğat - "qardaşlıq" briqadaları göndərilərdimi? Bizim başıboşların sayəsində ermənilər vaxt qazanıb sonra da başımızın üstünü aldılar.
Bakıdan rayonlara kömək yerinə pozucu, ürəkbulandırıcı xəbərlər gəlirdi... Bakı milli düşüncənin mərkəzi olmaq əvəzinə xımına qoyulan beynəlmiləl xəyanəti nəticəsində o biri yerləri də uğursuzluğa sürüyürdü.

* * *

Haraya getməli, nə etməli? Yenə əsgərlik dostu Sergey yada düşmüşdü. Sovetlər birliyi dağılsa da, dostluqları hələ az da olsa davam edirdi. İrkutska teleqram vurub Seryojaya oraya işləməyə gəlmək istədiyini söylədi:
- Gəlsəm, mənə işə düzəlməkdə kömək edə bilərsənmi?
Seryojanın cavabı gecikmədi:
- Gəl, hər halda bir iş taparıq.

Özünümüdafiə dəstələri ləğv olunur və ermənilərə güllə atanlara xalq düş­məni kimi baxılırdı. Bayat fikirləşdi ki, deyəsən, yenə beynəlmiləlçilik zamanı başlayır... Üzüsulu ikən kənddən ayrılmağa qərar verdi. Bu, onun kənddən neçənci ayrılışı idi?.. Gözə görünən yaraları tənziflə sarıyırsan, görünməyən yaraları isə zaman və məsafələrlə. Zamanın vurduğu yaraları sağaltmaq üçün özünü məsafə və məkanların qucağına atdı, sağalda biləcəklərmi görəsən?
Seryoja hansı reyslə gələcəyini bilirdi. Bayatı təyyarə meydanında qarşıladı. İrkutskda iş olmayacaqdı. Seryoja onu meşədə ağac qırmaqla məşğul olan briqadaya işə düzəldəcəkdi... Həm maaşı çox olacaq, həm də elə o qırılan ağaclardan kənddə tikdirdiyi ev üçün bəlkə inşaat materialı da göndərə biləcəkdi. Nə də olsa özü bu işlə məşğul idi... Başının üzərindən qrad mərmiləri uçan evi yarımçıq qalmışdı... Harda yeni tikilən bir ev görürdüsə, öz evi yadına gə­lirdi. Tərs kimi də burada Sibirin ortasında elə gözəl evlər tikilməyə baş­lanmışdı ki! Yaşıl meşələrin arasındakı talalarda qırmızı kərpicdən tikilən evlər, yaşılla alın rəng qovuşağı onda elə şirin xatirələr oyadırdı ki! O da sağlıq olsa, evin yerdə qalan qismini qırmızı kərpicdən hördürəcəkdi. Amma Azərbaycanda hardadır belə gözəl kərpic. Sanki havanın saflığı, meşələrin yaşıllığı kərpiclərə də təsir etmişdi. Buranın kərpicləri bir başqaydı, elə gözəl və saf idi ki, adamın bu kərpicləri sacda qızardılmış xamralı çörəyi kimi yeməyi gəlirdi...
Bayat qədərin iki anlayışını öz həyatında təcrübədən keçirmişdi. Birincisinə kadəriyyə deyilir ki, burada insan öz iradəsi ilə öz taleyini müəyyən edə bilir. Başlangıc budur. İkincisi isə cəbriuyyə adlanır. İnsan öz əlləri ilə öz taleyini də­yişə biləcəyini düşünsə də, yaşanan hadisələri görəndə iradəsinin üstündə baş­qa bir iradənin olduğunu və insanı arxasınca sürüklədiyini və taleyini müəy­yən­ləş­dirdiyini hiss edir. Bayat xeyli hissəsi keçmiş ömrünün keçid dolaylarına dal­dıq­ca heyrətlər içində qalırdı. Buna bəlkə burada - Sibirdə buddist rahiblərlə tanış­lığı da səbəb olmuşdu. Yaşadığı həyat onun öz həyatı idimi, yəni doğru­danmı karma var, yəni doğrudanmı keçmiş həyatlarda etdiyimiz bəd əməllər bizim gələcək həyatlarımızın da sərgüzəştini bəlirləyir. Mən hara, Sibirin tayqa or­manları hara? Bu karma deyilsə, bəs nədir? Yaxşı, bəlkə keçmiş həyatlarında bunu bilmirdi, indi ki, karmanın, yəni insan əməlinin ya bu dünyada, ya da o biri dünyalarda onu qarabaqara izlədiyini və taleyini müəyyənləşdirdiyini an­lamışsa, indi, bundan sonra niyə yanlışlığa yol verir? Bir fərdin satqınlığı, bütün toplumun satqınlığı deyilmi, bir fərdin günahına bütün toplum cavab verəcək düşüncəsi Dədə Qorqud dastanlarından gəlmirmi? İndi bu Sibir ormanlarında xırxının ağzına verib Allaha, bəndəyə sığmayan bir günahla ağacları məhv edərkən Bayat yavaş-yavaş bunların da fərqinə varmağa başlamışdı...

* * *

Hər gecə bir-birindən maraqlı, bir-birinə bənzəməyən yuxular görür. Bu yuxuların bolluğunu səhər oyanarkən qürbətə düşməyinə yozur. Bu onun yozumudur, əslində isə... Bu yuxuları bəzən sistemli, bəzən də düşəndən-düşənə ya yuxular üçün ayırdığı dəftərə, ya da əlinə keçən kağız parçasına qaralamağı var. Amma gündəlik qayğılardan başı açılıb vaxt tapıb bu gəlişinə, səliqəsiz yazıların arasında eşələnəndə gördüyü bir yox, bir neçə filmə hazır ssenari olacaq yuxuların bir əsas süjeti olduğunu fərq eləyincə özü özünə eymənmişdi. Bu yuxuların böyük əksəriyyəti bir evin başında dönüb dolanır, - tənha yetim bir evin başına. Yaşının bu çağına qədər irili, xırdalı iki-üç kümə tiksə, tikdirsə də onların heç birini yuxuda görmür, görmək istəsə də görə bilmir. Gördüyü evlərin heç biri onun görmək istədiyi evlərin heç biri deyil. Çeşidli dəftərlərə səpələnmiş bu yuxu qırıntılarını bir yerə toplasan, orda həyəcandan, intizardan, təəssüf və sızıdan başqa bir şey görməzsən. Bunun bir çox səbəbi ola bilərdi. Ya budur ki, o, arzuladığı, xəyalı ilə illər boyu yaşadığı evi tikdirə bilmədiyindən, arzularında deyil, imkanlarında bir ev tikdirə bildiyindən tikdirdiyi yox, arzuladığı evi və ya evləri yuxuda görür. Bu yuxular yoxluqla varlıq arasında dönüb dolanır, nə yoxluqdan yoxluqdur, nə varlıqdan varlıq. Bu ikilik, ziddiyyət səbəbiylə də elə yuxuları da çox nigarandır. Heç zaman, ən azı yuxularında olsa da, istədiyi evə qovuşa bilmir, qovuşduğu evlərin heç birisi onun gizli arzularına uyuşmur, elə hey nigarandır. Ona onun evi kimi göstərilən evlər ya tərs tikilib, ya da yanlışlıqla qapılarla pəncərələrin, pilləkənlərlə buxarıların yeri səhv qoyulub. Elə aşkarda da aralarından soyuq yellər əsən və onun bu yetim torpağının hətta bir qarışında belə gözü olan qonşusunun yenə bir qə­lət qarışdırdığının şahidi olur. Yuxuda söyür, söyür, söylənir, əsib-coşur, özünü yeyib-tökür, kiminsə qarasınca deyinir, amma bir kimsə də əlinə keçmir. Sə­hər qan-tər içərisində oyandığında həyatda gördüyü kimi canlı yaddaşının ay­na­sında güzgülənən bütün bu olaylara bir anlam verə bilmir... Bu yuxuların pa­ra­lelində və bəlkə də arxa planında təkrar- təkrar gördüyü bir qutsal yuxusu da var ki, bu yuxunu gördüyü günün sabahı, içinə səbəbi onun özünə də bəlli ol­ma­yan bir fərəh dolur, sanki gerçəkdən də yuxuda gəzdiyi yerlər cənnətin özüdür...
Sibirdə kəsdikləri ağaclar da hərdənbir yuxusuna girir. Bu yuxulardan sonra əli işə yatmır. Uzandıqca uzanan, Allaha çatmaq istəyən şüy şam ağaclarına əlləri qalxmır. O, sadəcə kəsilmiş ağacların qol-budaqlarını arıtlayır... Bəlkə heç bunu da etməzdi, amma buraya yuxusunu tez-tez qarışdıran yarımçıq evini tamamlamaq üçün pul yığmağa gəlməmişdimi? Pul da ki, ağac qırmaqdan çıxır... İki daş arasında qalmışdı, nə edəcəyini bilmirdi. Bu ağacları kimdən icazə alıb kəsirik, ağacların özündənmi, yoxsa onları yüz il çiynində böyüdən torpaq­danmı? Onlardan bunu soruşsaydılar, soruşa bilsəydilər icazə verərdilərmi? Çətin! Dərədəki təpələrlə boy ölçmək üçün yarışıb ucalan şamlar şalğam kimi qırılmışdı, indi növbə yamacların lap yuxarısındakı əlçatmazlığa sığınan ağaclara qalmışdı... Bu ağacların arasında hələ bir ağac vardı ki, Bayatın bu ağacın gövdəsinə yox, heç çıl-çırpısına da əli qalxmazdı... Amma bir azdan ona da sıra gələcəkdi...
...O hansı dağ yamacındasa yaşılca bir ağac idi... Yazına yağmurlar yağardı şıdırğı, iynə yarpaqları başına ələnən damlaları içinə çəkərdi. Bu yağışlı-günlü yağmur, üfüqdə bathabatda olan günəşin son şəfəqləri ilə bu şivərək şam ağacını yaşıllığında xırdaca rəngarəng lampalar yanan yeni il yolkasına döndərmişdi; saf və canayatımlı dağ havasında işım-işım işıldayır, par-par yanırdı. Bu şivərək şam ağacının ömrünün ən yaşanası çağlarıydı. Yenicə özünü tanıyan, dərk edən, kimliyini içinə sindirən və dərki çətin duyğunun sevincqarışıq anlaşılmazlığının içərisində nazlanan çağı idi. Ağ atlı oğlanların gələcəyi xəyali yollara boylanan qız kimi bu yağmurdan bəyazlaşan yaz buludları, bu günlü yağış altında əbədiyyətə yaşıllıq məktubları göndərən uçsuz-bucaqsız vadiyə göz və könül dolusu baxır və kim bilir nə arzular qururdu. Tanrıya çatmasa da ən azından gəlib dünyaya düşdüyü yeri müsait idi...
Bayatın yuxusuna da elə bu görkəmdə girmişdi şivərək şam ağacı. Gəl, bundan sonra ona əl qaldır görüm, necə əl qaldırırsan... Bayatın hərdən dalğıcın dənizə dalmağı kimi özünə dalmağı, içində bir şeylər aramağı, saf-çürük eləməyi vardı... Burda - uzaq Sibirdə isə özünə dalmalar daha tez-tez olurdu. O da bunun səbəbini araşdırmaq istəyir, yenə kələfin ucunu itirir, sonunu bir yana çıxara bilmirdi... İnsanın əməli gecə yol gedən maşına bənzəyir. Maşın öz içindən işıq salıb öz yolunu aydınlatdığı kimi, insanın əməli də onun gələcək yoluna işıq tutur. Yalnız bir fərq var; maşın ötüb keçdikdən sonra yollar yenidən qaranlığa bürünür. İnsanın xeyirxah əməli isə hər zaman aydınlığını qoruyur, insan bu dünyadan köçüb getsə belə... Hərdən öz düşüncələrinə özünün də gülməyi vardı. Amma bu düşüncələrini kiminlə bölüşə bilərdi ki?! Üzdə olmasa da ürəkdə ona için-için gülərdilər. Bəlkə onu Sergey anlaya bilərdi, onunla da arası erməni məsələsinə görə dəymişdi. İnsan xəyalından keçənlərin həyata keçdiyini gördükcə bir az da ürəklənir və həyatın boşuna olmadığına və hər şeyin gizli bir məna daşıdığına inanır... Bayatın bu fikirlərə düşməyə haqqı da vardı... Hələ Bakıda fəhlə yataqxanasında yaşayarkən yataqxananın alt qatında olan bilyard otağında bilyard oynamağı öyrənmişdi, elə öyrənmişdi ki, hətta yataqxanada qarşısına çıxacaq bir oyunçu tapa bilmirdi. Hərdən uduzanlar ona acıq vermək üçün sataşırdılar da: - Tovuzdan patafasını çıxarıb dünən gəlib, bu gün burda bilyarddan bizə dərs deməyə çalışır. Qudurassan, qurbağa. Başqa birisi onun səsinə səs verirdi:
- Eh, bir təsadüfdü də uddu, oğuldu gəlsin bir də oynayaq, gününü o zaman görsün.
Bir də oynayırdılar, Bayat bir də udurdu, amma bu söz-söhbətlər yenə davam edirdi. İndi burda - İrkutskda inşaatda çalışdığı vaxtda bilyard oynamağı Bayata əməllicə şöhrət qazandırmışdı, iş elə gətirmişdi ki, onu vilayət birinciliyinə yarışmağa göndərmişdilər. Bayat bu yarışda da birinci yerə çıxmış və qızıl medalla mükafatlandırılmışdı. İnşaat qəsəbəsinə qızıl medalla dönürdü. Amma dönmədən öncə İrkutsk bazarını, dükanını dolaşıb ayından-oyundan alacaq, sonra gecə qatarı ilə yola çıxacaqdı... Şəhər meydanlarının birində səyyar bazar açılmışdı. Tərəcələrin üzəri çeşidli geyim-kecimlə dolu idi... Şıdırğı alver gedir­di. Bayat əsgərlik illərini xatırlamışdı, o zamanlar bir belə bolluğu xəyal belə etmək olmazdı. İndi isə... Tərəcələrin birinə yaxınlaşdı. Üz-gözündən nur yağan, bəyaz saqqallı yaşlı birisi alt paltarları satırdı. Belə bir nurlu sifətin alverlə məşğul olmağına içində bir təəssüf hissi də keçirdi, bundan yaxşı molla, axund olardı, deyə fikirləşdi. Qarşısındakı adamın Sibir tatarlarından biri olduğunu düşündü. Üz-gözündən buralar adamı olmadığı bəlli idi. Orta Asyadan, ya da Qafqazlardan gəldiyini də güman etmək olardı. Elə rusca da aksentlə danışırdı. Bayat əvvəlcə üç alt dəyişəyi seçdi, sonra nə ağıl etdisə də- almışkən çox alım, onsuz da bəzən gündə birini dəyişmək lazım gəlir,- deyə qərarını dəyişdi. Və beləcə 5 dəyişək götürdü, pulunu yaşlı adama uzatdı, çevrəsi alıcılarla dolu olan yaşlı adam Bayatın əlindəki dəyişiklərə bir gözucu nəzər salıb pulun qalığını Bayata qaytardı. Qatar vağzalına bir xeyli yol vardı. O bu səmti pis tanımırdı. İstirahət günləri Seryoja ilə birlikdə İrkutska tez-tez gələrlərdi. Amma aradan uzun zaman keçdiyindən ətrafda xeyli dəyişikliklər olmuşdu. Nə də olsa sovet hökuməti yıxılıb, yerini kapitalizmə buraxdıqdan sonra hər yanda olduğu kimi burda, İrkutskda də bir canlanma vardı, yollar, meydanlar ticarət köşkləri, tərəcələrlə dolub-daşırdı...
Əvvəlcə taksiyə minmək istədi, sonra bu fikrindən vaz keçdi, tələsəcək yeri yoxdu. Saatına baxdı, qatarın yola düşməyinə hələ üç-dörd saat qalırdı. Buna görə də yavaş-yavaş dükan və mağazalara baxa-baxa yoluna davam etdi. Yorulmuşdu, göl kənarındakı parkın yaşıllığında dincəlmək istədi. Həm dincələcək, həm də aldığı şeyləri yerbəyer edəcəkdi. Elə problem də bu yerbəyer etmədən başladı. Üç dəyişik almaq yerinə beşini almış, amma üçünün pulunu vermişdi. Dəfələrlə sınamışdı, əyər bilə-bilə birinə bir yanlışlıq edirdisə, beşi qarşısına çıxırdı. - Mütləq geri qayıdıb o adamın pulunu verməliyəm, ya da dəyişəyin ikisini geri qaytarmalıyam, - deyə düşündü. Amma tərəddüd də baş qaldırırdı: "Necə qayıdacaqsan, buradan oraya ən azı 3-4 km yol var, yenə əlimdə bu zir-zibil olmasa, nə vardı ki? Bir də, canım, mən onu bilə-bilə aldatmadım ki, pulunu verdim, özü pulu səhv çıxıb, burda mənim nə günahım?".
Bayat inşaat qəsəbəsinə səhərə yaxın çatmışdı, qatarda rahat yata bilməmişdi, içindəki tərəddüd dalğaları hələ də fikrini döyəcləyirdi, ona görə də işə çıxmadı, bütün günü yataqxanada istirahət etdi. Axşama doğru yataqxananın sükutu pozuldu, işçilər işdən qayıdırdılar. Bayatın yarışın qalibi olması və qızıl medal alması həm vilayət qəzetlərində, həm də radioda verilmişdi. Hətta radiodan verilən xəbəri qatarda öz qulaqları ilə eşitmişdi. Axşam yataqxana yoldaşları onunçün sürpriz hazırlamışdılar. Bazarlıq edib gözəl bir süfrə açmışdılar. Yeddi-səkkiz adamdılar. Məclisin gur yerində Bayatın sağlığına badələr qaldırıldı:
- Hə, çempion, göstər görək aldığın qızıl medalı, araq şüşəsinə salaq görək həqiqi qızıldır, yoxsa adını qızıl qoyub sənə saxtasını sırıyıblar. Bayat medalı özü ilə götürməmişdi, niyə də götürməli idi ki, deməzdilərmi ki, görməmişin oğlu oldu, çəkdi ... çıxardı... Bayat:
- Nəyinə baxacaqsınız, adi bir medaldır,- deyə mızıldandı. Yoldaşları əl çəkmədi. Bayat otağına gedib medalı gətirəsi oldu, medal əldən-ələ gəzdi, təbriklər, sağlıqlar bir-birinə qarışdı. Gecə gecədən keçəndə hər kəs öz otağına çəkiləndə medal bir də yada düşdü. Amma medal, yeddi-səkkiz adamın arasında yox olmuşdu. Otağın sahibi Sergey çıxılmaz vəziyyətdə qalmışdı:
- Sluşay, çto za bezobraziyi, iz vas kto vzyal? Nemedlenno vernite obratno. A - nu - ka davay.
Hər kəs bir-birinin üzünə baxır, yəni mənimi deyirsən, deyə çiyinlərini çəkirdi. Hətta Sergey bu bəd xəbərin bədliyindən içkili başları avazıyan dostların ciblərini axtarmaq istədi. Buna heç kim etiraz etmədi, hər kəs yarıkönül ciblərinin astarını çevirməyə başlamışdılar ki, Bayat imkan vermədi:

- Seryoja, ne nado, eto ya vinovat. Medal məndə imiş, unudub döş cibimə qoymuşam. Sergey inad etdi:
- A - nu - ka pokaji.
Amma Bayat heç nə çıxarmadı, çıxara da bilməzdi, nə çıxarasıydı ki? O, medalını iki "şmotkaya" qurban vermişdi, bazarda o yaşlı satıcının pulunu düzgün vermədiyi vaxtdan itirmişdi... Günahkar özü idi, yalnız özü. Haramın ona düşmədiyini ta uşaqlıqdan bilirdi. Elə isə niyə nəfsinə qurban getmişdi?
Allah daha betərindən saxlasın. Bəlkə Allah, onu nəfsinin ucbatından gələcəkdə gözləyən bəlalardan qurtarmaq üçün qarşısına belə bir sınaq çıxarmışdı.

* * *

Televiziya, radio, qəzetlər vasitəsi ilə vətəndən gələn qara xəbərlər Bayatı qürbət eldə üzüb haldan çıxarırdı. Bayat buraya pul qazanmaq üçün gəldiyinə görə min peşman olmuşdu. Qalıb nə edəsi idin ki, onsuz da dəstəni ləğv etmişdilər... Yenə başqa bir fikir də baş qaldırırdı. Sən də açıq-aşkar mübarizə aparmazdın, partizan dəstəsi yaradar, ermənilərdən aranda ala bilmədiyin qisası dağlarda alardın... Niyə qırx ildə israillilərə qarşı ölüm-dirim mübarizəsi aparan fələstinlilər bunu bacarırlar, biz yox? Allahım, belə də qısır topluluq olar? Hələ bircə nəfər də Ermənistan ərazisində partizanlıq edib şəhid olmamış, halbuki Ermənistandan gələn, torpaqları əlindən alınmış, erməni dilini ana dili kimi bilən nə qədər soydaşımız var? Onlar harda itib-batıb? Bir nümunə, tək bircə nümunə də yoxdur ki, təsəlli tapasan... Qalıb qul yaşamaq gümanı varsa, ölüb azad olmaq imkanı qalır... Niyə sən bunu başqalarından umursan, özün niyə etmədinə Necə edəydim? Partizan olmaq məgər təkbaşına mümkündürmü? Dağdakı qaçağı, partizanı aşağıdakı el-oba dəstəkləməsə bir gün də partizanlıq etmək olmaz. Xalqdan gileylənməyə dəyərmi? Bu əliyalın xalq nə qədər şəhid verdi, bu azdımı?
Özü ilə həsbi-hal davam etdikcə qürbət canını sıxır, vətən üçün burnunun ucu göynəyirdi.
Sibirə gedəli ağlına gələn fikirləri bir dəftərə yazmağı vardı. Masanın üstündə açıq qalan dəftərdəki son yazıya gözucu baxan olsa, aşağıdakı cümlələri oxuyacaqdı:
"Ey gələcəkdəki düşüncədaşlarım, mən də sizin təki millətimin arzuladığı kimi yaşaya bilməsi üçün yanıb-tutuşurdum; bu yolda nə etməli, necə etməli sualı üzərində illər boyu baş sındırır, çalışıb-çarpışırdım. Bunu elə-belə söz olaraq demirəm. Siz əgər gördüyüm işlərə baxsanız, dediklərimin tarixə yalançı şahidlik etmək üçün söylənmədiyini görəcəksiniz. Amma nə edim ki, tək əldən səs çıxmır, çıxmadı da... "
Yox, o, bu sözləri kənddə yaza bilməzdi, gərək mütləq bu uzun yolu keçib sonra yazaydı. Bax, sirrin qapısı o zaman açılacaqdı. Açıldı da.
Buralar o on doqquz-iyirmi yaşlarında qoyub getdiyi yerlər deyildi... Həm də o zaman əsgəri qanunlar sərt olsa da, yemək, içmək dərdi, filan da yoxdu. Onunku nümunəvi xidmətdi, onu da edirdi. Sovet ittifaqı zamanı idi, mənim, sənin söhbəti də edilməzdi. İndi burası dədə-baba türk torpaqları olsa da, başqa bir dövlətin ərazisi idi və burda artıq başqa qanunlar işləyirdi. Bayat, bədəni Sibirdə olsa da, fikri hey kəndlərində hörüyünün üstü açıq qalan evində idi. Axşamdan gecə gecədən keçənə qədər çalışsa da, qəpiyi qəpiyin üstünə qoysa da, elə də yaxşı pul qazana bilmirdi. Beləcə, tökə-tökə gəldiklərini yığa-yığa qayıtmaq məcburiyyətində idi. Gəldiyi bu iki ildə cəmi üç min dollar pul yığa bilmişdi, düşünürdü ki, elə Azərbaycanda da toqqanı belinə bərk çəksən bəlkə bu pulu yığmaq olardı... Qərara gəlmişdi, işdən əlaqəsini üzüb vətənə qayıtmalı idi. Hər kəsin vətəni uşaqlığı deyilmi? Vətənə qayıtmaq elə qayğısız uşaqlığa, onun şirinli, acılı xatirələrinə qayıtmaqdı...



Uşaqlığında evlərinin önündə kolxoz bağları vardı. Hələ sovet höküməti de­yi­lən əjdaha da ayaqda idi... Kolxoz bağları da onun - bu gözəgörünməz əjda­ha­nın, yəni kolxozundu. Əslinə baxsan, kənddə yaşayan adamların heç birinin bağında belə nəhəng ceviz ağacları yoxdu. Bunun iki səbəbi vardı; o Sovet deyilən əjdaha kəndə ilk ayaq basanda yaxşı nə varsa ona əl qoymuşdu. Ya da dədə-babadan qalma bağlarının çox az bir qismini əlində saxlayan, acı qışın iliyə işləyən soyuğunda ehtiyac ucundan bir zamanlar qollarının kəsilməyinə razı olan, amma bu ağacların bir budağına qıymayan kənd adamları əlacsız qalıb "torpaqlı meşə" adlandırdıqları bağda bar ağaclarına da balta çəkmişdilər. Bəlkə zəmanənın özü kimi sərt olan qışlar bağlardakı ağacların hamısını çoxdan həzm- rabedən keçirmiş olardı, bar verən, verməyən hər ağaca qoyulan vergi olma­saydı. Amma uşaqları ocağa atan sərt qışlar adamları xəlvəti də olsa, bağdakı ağacları qırmağa məcbur edirdi. Başqa bir çıxış yolu da yoxdu. Göz görə-görə ciyərparalarını soyuqda dondurub öldürəsi deyildilər ki?.. Beləcə qorunan kolxoz bağı, şəxsi bağlardan daha toxunulmaz qalmışdı. Ona görə belə hüröyün və gümrah idilər. Kolxoz bağları çökəkdə yerləşirdi. Minillik qoz ağacları dərə boşluğunu doldurmuşdu... Yuxarıdan-təpədən baxanda adama elə gəlirdi ki, bu ağacların bir belə ucalmasının səbəbi onların təpə ilə bərabərləşmək arzusudur. Payız aylarının sisli günlərində aşağıda ceviz bağları dərəni limhəlim dolduran sarı dumana bənzəyirdi... Uşaqlar səhərin tülküdurmazında isti yerlərindən ilan kimi sıyrılıb hələ hava yellənməmiş, qoruqçular ayaqlanmamış özlərini kolxoz bağlarının nəmli soyuğuna təpirdilər... Və gecənin nəfəsindən islanan sarı pələş yarpaqlarla birlikdə nəm çəkən ceviz qərzəkləri də dodağını açır, göz yaşı kimi meyvələrini aşağı boşluğa buraxırdı... Bunu qış azuqəsi yığan siçovullar bildiyi kimi, bijəltək kənd uşaqları da bilirdi... Və beləcə səhərin gözündən yuxu tökülən tülküdurmazında ceviz ağaclarının dibində sarı pələş yarpaqların arasında şıldır axtaran uşaqların milçək vızıltısı kimi: "Ağ daş, qara daş, buna bir yoldaş" arayış nəğmələri qanadlanardı... Bayat da tay-tuşları ilə o kolxoz bağla­rında qoruqçuların gözündən iraq az belə ceviz yığmamışdı. Hətta Bayat, qonşu uşaqlarından xəlvət, dərədəki belinə örkən gəlməyən və kənddə, payızda çırpmaq üçün Mehralı kişidən başqa belinə ip bağlayıb, ölümünü göz önünə alıb kimsənin çıxmadığı, çıxa bilmədiyini Yastı cevizə dırmanmış və qoynunu-qoltuğunu cevizlə doldurmuşdu. Çıxanda çətinlik çəkməyən Bayat enəndə, enə bilmirdi. Həm yuxarıdan baxanda onsuz da qaranlıqlaşan gecədə qorxudan, vahimədən gözləri bir az da qaralır, həm də qoynuna, qoltuğuna doldurduğu cevizlərin soyuqluğu canına işləyir və ona ağacın gövdəsindən tutmasına mane olurdu. Əvvəlcə qoynundakı cevizləri aşağı boşaltmaq istədi. Amma deyək ki, boşaltdı, sonra onları qaranlıq yerdə bir də təzədən necə yığacaqdı? Yastı cevizin dadı bir başqaydı... Elə Bayatı kolxoz bağlarının ən dadlı cevizinin başına oğurluğa çəkən də yağlı cevizin bu dadı deyildimi? Sanki bu oğurluğun şahidi olmaq istəməyən Ay da çoxdan qara buludların arxasına çəkilmişdi. Göyün Qızıl qayaya dirəndiyi yerdə qara buludların çevrəsini zərə bəzəyib kənara çıxmaq istəsə də çıxa bilmirdi... Əslində, heç Bayat da oğurluq etmək istəməzdi. Qonşu uşaqlardan fərqli olaraq o, səhərin tülküdurmazında qoruqçulardan xəlvət kolxoz bağlarına şıldır yığmağa yox, öz bağlarındakı qoz ağaclarının dibinə enərdi. Amma qonşuların ondan yaşlı uşaqları Novruzla Qoca onu birlikdə kolxoz bağlarına ceviz yığmağa şirnikləndirər, hələ desən, təhrik də edərdilər. Amma Bayatın ağlına da gəlməzdi ki, Novruzla Qoca onu suç ortağı etmək üçün özləri ilə aparırdılar. Bəs çaya balıq tutmağa gedəndə niyə ona - sən uşaqsan, nə yaşın var, otur oturduğun yerdə, bizimlə gəlmə, başına bir iş gələr, ananın əlində qalarıq, gəlmə bizimlə deyərdilərmi? Bağ məsələsində isə vəziyyət bir başqaydı. Bayatgilin çəpəri ilə kolxoz bağları yanaşı idi. Yəni onsuz da Bayat onların gizlicə kolxoz bağlarından oğurluq etdiklərini görəcəkdi. Və sabah bu gördüklərini öskürüyü başından çıxan, cevizlərin dibinin silinib süpürüldüyünü görən "Te indi, te indi" deyə söyür-söyür söylənən qoruqçu Hasan Hasanoğluna xəbər verə bilərdi... Bu dəfəki isə onun öz pəstahı idi. - Mehralı kişinin gündüz çıxdığı ağaca mən gecə də çıxa bilərəm inadı və qışa yastı cöyüzdən torba tikmək arzusu onu bu ağılagəlməz işə sürükləmişdi. Bir də "Anası gəzən ağacı, balası budaq-budaq gəzər, demirlərmi? Mehralı kişi Bayatın yadı ha deyildi, dosdoğma əmisi idi.
Nə edəcəyini bilmirdi, bir zülüm -zillətlə ağacın haçasına qədər endi. Oradan aşağı necə düşəcəyini bilmirdi. Amma ağacın başında qalası deyildi ki? Əlləri nə zaman ağacın gövdəsindən üzüldü, arxası üstə nə zaman ağacın kökünə düşdü, özü də bilmədi... Nəfəs almaq istəsə də, ala bilmirdi, çığırıb bağırmaq istəyirdi, səsi çıxmırdı. Eləcə "Hı... hı... hı... " səsi çıxara bilirdi. Amma ağlı başında idi. Uşaq yaşında ağlına gələn fikirdən özü-özünə məəttəl qalmışdı: - Allahım, məni bura­dan qurtar, bir də oğurluq etməyəcəm... Handan-hana nəfəs almağa başlamışdı. Yaxşı ki, heç yeri qırılmamışdı. O boyda yüksəklikdən yıxılasan və sənə də bir şey olmaya, lap möcüzə idi. "Allah saxlayanda saxlayır" buna deyirlər. Uşaq ağlıyla bunun bir möcüzə olduğuna inanacaq və ömrü boyu da bu inamla yaşayacaqdı... Yerindən bir zorla qalxdı, üstünü, başını çırpdı, evə-ana­sının yanına toz-torpaq içində getsəydi, şübhələnərdi. Ağacın gündöyər yerindən min zülüm-zillətlə yığdığı şıldırlar yerə, sarı yarpaqların arasına pəsələng olmuşdu. Əvvəlcə əyilib birtəhər toplamaq istədi, amma qıçları, beli əzildiyindən əyilə bilmirdi, bədəni sızım-sızım sızıldadı, bu halda gözünə ceviz toplamaqmı görünürdü?
... Aradan nə qədər vaxt keçmişdi. Yox, bunlar yuxu deyildi, bunlar uşaqlıqda başına gələnlərdi. Bəs niyə indi bu qədər yol keçib qürbətdə beynini qurcalayırdı. Bəlkə o keçmiş xatirələrin corab ipliyi kimi çözələnməsinə qeyb olan medalın itməsi, itirilməsi səbəb olmuşdu? Tərs kimi vətənə səfər ərəfəsində bu gecə də qürbətdə elə həmin o kolxoz bağları yuxusuna girmişdi. Sovet dönəminin kolxoz bağları. Halbuki, sovetlər yıxıldıqdan, torpaqlar kəndlilərə paylandıqdan sonra o bağlarda da bir bağlıq qalmamışdı. Sanki sarı duman o dərə boşluğundan çəkilmiş, yerində isə ceviz ağaclarının başdaşı kimi kötükləri qalmışdı. O dərə boşluğu indi bağdan daha çox ağac gəbiristanlığını xatırladırdı... Elə bir zaman gəlmişdi ki, sözdə də olsa Sovet hökumətinin ellik mal-dövləti bir qrup işbazın əlində cəmlənmişdi, "eybəcər kapitalizm" məzarın­dan xortlamış, sanki iyirminci əsrin əvvəllərində yarımçıq qalan ömrünü yenidən yaşa­mağa davam edirdi... Varlı-hallı adamların villaları yağışdan sonrakı göbələk kimi Bakının ucqar məhəllərində ucalmağa başlamışdı. Və buna görə də qapı-pəncərələrin qoz taxtasından olması dəbdə idi. Dəb olduğundan da az qala qızıl qiymə­tində məzənnəyə minmişdi. Kəndlərdəki qoz ağacları kapitalizm balta­sı­nın zərbəsinə qurban getmişdi... Tamah baltaları işə düşmüş, qoz ağacları doğ­ran­mış, dərə boşluğunu dolduran sarı duman çəkilmiş, kənd gözəlliyini itir­mişdi. Amma yox, Bayatın yuxusuna girən elə sovet dönəminin cah-cəlallı ceviz bağları idi... Bayat o bağların gümrah çağlarını görmüşdü... Həm də qəribəsi o idi ki, Bayat yuxuda özünü bir dəfə çıxdığına min dəfə peşman olduğu Yastı cevizin başında görürdü. Və bu yuxu elə inandırıcı bir yuxu idi ki, Bayat az qala yuxu gördüyünü hiss edə-edə bu yuxunu gördüyünə məəttəl qalmışdı. Ağacın lap uc budağından aşağı baxırdı. Sarı yarpaqların arasında dollar gizlədilmişdi; İki amerikan yüzlüyü... Birdən xatırladı ki, bu pullar onun kiməsə verəcəyi borcudur. Amma yüzlükdə yüzlük qalmayıb, gündənmi, yağışdanmı kənarları didik-didik olub, sanki siqaret közü ilə yandırıblar, uclarında yanıq yerlərinin dairələri aydınca gözə dəyir. İndi bu pulu borc əvəzinə necə verəcək, versə də, adam bunu qəbul edəcəkmi? Çətin. Fikrindən keçir ki, bəlkə ya bankda, ya da dollardəyişmə məntəqəsində bir az ucuzuna dəyişə bilər. Fikrindən o da keçir ki, "bə deyirlər bu "mənfur kapitalizmin" pulları möhkəm olur, budumu möhkəmliyi? Yastı cevizin gündöyən tərəfində isə bir yerdə qomalanmış "paçka-paçka" pullar gözə çarpır, amma bu pullar dollarlar kimi əzik-büzük, piltə-piltə olmayıb. Onlar kimin puludur, hansı dövlətə aiddir, heç fikirləşmir də. Niyə də fikirləşsin, onun borcu dollarladır, onları salmağa çalışmalıdır. İndi bu pulları budağın əlçatmaz yerindən necə salacaq? İstəsə də budağın uclarına qədər gedə bilməz. Yuxuda xatırlamasa da, aşkarda canında Yastı cevizdən yıxılmaq qorxusu hələ də var. Əlac budaqları silkələməyə qalır. Və o, belə də edir. Var gücü ilə budaqları bir-bir silkələyir, uzun əlləşmədən sonra, pullardan biri sarı yarpaqlara qoşulub xırda budaqlara ilişə -ilişə aşağı enir. O biri isə uzun bir budağın ucuna ilişib qalır. Yerə endiyində ağacın dibində adamlar olduğunu görür, tanıdığı, tanımadığı adamlar... Onlar burada nə axtarırlar sualı keçir fikrindən. Şıldır yığmağamı gəliblər? Bəlkə onlar da dollar yığmağa gəliblər, səssizcə davranan bu adamların hallarından Bayatın dərdinə şərik olduqları görünür. Pələş ceviz yarpaqları arasından palçığa bulaşmış dollarları yığmağa çalışırlar, belə çıxır ki cevizin başında sadəcə o iki yüzlük deyilmiş. Bayat da özünü yarpaqqarışıq otların arasına verir, budaqlardan saldığı pulları axtarır, tapmasa necə olacaq? Bu qayğılar içində yarpaqların arasından bir yüzlüyü tapır! Amma yüzlükdə yüzlük qalmayıb. İndi bu pulu borc sahibinə necə verəcək? Bu zaman əlində bir dəstə pul olan bir qadın ona yaxınlaşır, görünür, o da cevizin dibinə pul səpildiyindən xəbərdardır, toplamağa gəlib. Əlindəki puldan bir neçəsini dinməz-söyləməz Bayata uzadır, qəribədir, pullardan biri səksənlikdir, yerdə qalanları birlik, ikilik, beşlik... Bayat səksənlik dolların olmadığını bilir. Amma fikrində özünə təskinlik verir, görünür, mən bilmirəm, yeni səksənlik dollar da çıxarıblar, indi bunun üstünə bir iyirmilik də qoyub borcumu ödəyərəm deyir... Beləcə, bu qat-qarış yuxular içində gecəni səhər edir. - Allah, sən özün saxla, bu nə əcaib yuxu idi belə, mən gördüm? Tərs kimi özü də səfər ərəfəsində, Allah, sən özün xeyirə cala, - deyə düşünür. Döşəyin altında gizlətdiyi pula əlini sürtür. Pulun yerində olduğunu görüb hələ sevinir də... Sanki puldan canına bir enerji də yayılır: Allah, sənə min şükür!

* * *

Əvvəlcə İrkutska gedəcək, oradan Moskvaya uçacaq, sonra Bakı və əlini ver... - Tovuz. Orada vəziyyətə baxacaqdı. İşi üzünə gülsə, dönməyəcəkdi, işdi işlər tərs getsə, Sibir dururdu, o, dururdu. Yenə dönə bilərdi.
Təyyarə ilə Moskvaya uçmuşdu, təkərli kiçik əl çamadanını təyyarə meyda­nında saxlama kamerasına verib şəhərə getmək istədi. Hələ Bakıya uçmasına bütöv bir gün qalırdı. Amma nə olar, nə olmaz düşüncəsiylə çamadanını da yanına alıb əvvəlcə avtobusla, sonra da metro ilə şəhər mərkəzinə gedəcək, oradan da şəhəri gəzməyə çıxacaqdı... Moskva da heç əvvəlki Moskvaya bənzəmirdi. Qanadları sınmış quş kimi idi, elə ilk baxışdan yaralarını sağaltmağa çalışdığı görünürdü. Zarafat deyil, candan can ayrılmış, Rusiyadan neçə-neçə dövlətlər qopmuşdu. Moskva artıq böyük bir imperiyanın deyil, sadəcə Rusiya Federativ Respublikasının paytaxtı idi. Həm də kapitalizmin sosializmlə amansız mübarizəsi indi-indi başlamışdı. Metro meydanlarında bu daha aydın hiss olunurdu. Satış köşklərinin sayı birə-on artmışdı, ətrafda insanlar qarışqa kimi qaynaşırdı... Çeşidli yönlərə gedən yolların kəsişdiyi Novoslobodskaya stansiyasına enmişdi. Bayat Moskvanın bu yeraltı dünyasını yaxşı tanıyırdı, çaşıb-eləyəsi də deyildi. Metronun içinə enəcək, oradan pilləkənlərlə qalxıb Domodedovaya gedən qatarların xəttinə keçəcəkdi... Polisin Qafqazdan olanlara şübhə ilə baxdığını bilirdi. Amma Allahdan, bütün günü qarşısını bircə polis belə kəsməmişdi. Seryoja deyirdi ki, narahat olmağa dəyməz, sən də qrek profili, intelligent üzü var, kimsə sənin Qafqazdan olduğunu bilməz. Sergeyin təxmini doğru çıxmışdı. İnsan axını arxasınca qarşı stansiyaya keçmək üçün pilləkənlərə doğru üz tutdu... İnsanlar bir-birini itələyə-itələyə pilləkənləri qalxırdılar. Pul kisəsini şalvarının arxa cibinə qoyub düymələmişdi. Sanki canı arxa şalvar cibindəydi, ürəyi orada döyünür, nəbzi orada vururdu. Hərdən-hərdən ilan vurmuş kimi diksinib qeyri-ixtiyarı əlini arxasına aparır, qorxduğunun yerində olduğunu hiss edib arxayınlaşırdı. Amma yenə də arxadan kiçik bir təmas hiss edəndə eyni hal təkrarlanırdı... Olub-qopanı, varı-yoxu, Ziynət arvad demiş, canı cibindəydi... Bu zaman heç gözləmədiyi bir hadisə baş verdi; qarşıdan gedən adamlardan tam önünə bir "paçka" dollar düşdü. Amma qəribəsi bu idi ki, düşən pul düşüb mərmər pilləkənlərdə qalmır, hərəkət edib sürünürdü. Bu hadisə elə ani baş vermişdi ki, Bayat olub-bitənlərin nədən ibarət olduğunu düşünməyə macal belə tapmamışdı. Bu elə bir an idi ki, Bayat - mənə nə var, deyib keçə bilməzdi, bu onun adəti deyildi. Ona görə də tam qarşısında gedən adama, - pulunuz düşdü, götürün, - demədi, eləcə çiyninə vurdu. Adam sanki bunu gözləyirmiş kimi tez geriyə qanrılıb əlini dodağına gətirməklə, yəni "suss" işarəsi verməklə pulu yerdən götürməyi bir oldu:
- Səs eləmə, - dedi.
Və sanki min ilin tanıdığı adam kimi Bayatın qoluna girib geriyə nərdi­van­la­rın aşağısındakı skamyalar tərəfə dartdı. Bayat çəkinib qolunu tanımadığı ada­mın əlindən qoparmaq istəsə də, bir şey alınmadı. Bir əlində çamadan vardı, o biri qolundan isə tanımadığı adam yapışmışdı. Əlacsız qalıb adamla birlikdə aşağı endi. Əndişə etməyə gərək görmədi, hələ təyyarənin uçmağına çox vardı və bu adam bu boyda adamın içində ona nə edə bilərdi ki, həm də metronun hər tərəfində polislər dolaşırdı, bərkə qalsa onları çağıra bilərdi.
- Səs eləmə, - deyirdi tanımadığı adam.
Bayat bu darmacalda qarşısındakı adamı kiməsə oxşatmışdı? Adamın rucsa o qədər də yaxşı danışmaması şübhəsini bir az artırsa da, yenə işin sonunu öyrənmək marağı ona güc gəldi.
- Sən gördün, mən götürdüm, şərikik, bölüşərik, səs eləmə.
Kəndlərində qaraçıların xoruz və toyuqları tutmaq üçün qarğıdalı dəninə sap bağlayıb yerə atdıqlarını və toyuqları dimdiyindən tora saldıqlarını, hətta bu barədə qoşduğu iki misranı xatırladı:

Sən demə ip varmış buğda dənində,
Toyuq dimdiyindən çidara düşdü...

Xatırladı xatırlamağına, amma içinə dolan şübhədən niyə nəticə çıxarmadı, bu, bəlli deyil. İnsan niyə belədir görəsən. İçi insanı heç zaman aldatmır. O, qarmaqarışıqlığın içində səni gözləyən təhlükədən xəbər gətirir, sən isə... Görünür, insanın içi göylərdən, Allahdan, çölü - bədəni isə yerdən, torpaqdan olduğundan içinə dolan hissi, gələn təhlükəni zamanında dəyərləndirə bilmir, içi çölünə əngəl olur. Bütün bu fikirlər bir yana, hətta gecə ceviz ağacının başında gördüyü yanları didilmiş dollarlar da gəldi gözlərinin önünə. Bəlkə bu yuxu xatırlanması onu bir az silkələdiyindən Bayat anında cavab verdi:
- Yox, mənə başqasının pulu lazım deyil, sahibi kimdirsə, ona verək, ya da polis çağırıb məsələni ona deyək.
- Dəli olmusan nədir, kim qarşısına çıxan bu fürsəti əldən verər? Cibə girməmişik, oğurluq etməmişik, göydən qarşımıza çıxan puldur, nə bilək sahibi kimdir, polisə versək, sən elə bilirsən polis bizə inanacaq, deyəcək ki, kiminsə cibindən çıxartmısınız, sən Moskva polisini tanımırsan, neçə gün get-gələ salacaqlar, əynindən, başından buralar adamına oxşamırsan, qarşımıza çıxan qismətdir, gedək bir yerdə bölüşək, sonra sən sağ, mən salamat.
Bayat yenə inad etmək istəyirdi ki, bir az öncə endikləri pilləkənlərlə birisi başı alovlu onlara tərəf qaçdı:
- Mən, mən pulumu salıb itirmişəm, bir az əvvəl cibimdəydi, bəlkə, bəlkə təsadüfən görmüş olasınız, əyər görmüşsünüzsə, Allah rizasına mənə yardımçı olun.
Adam onların üstünü elə anında aldı ki, Bayat götür-qoy etməyə macal tapmadı. Pul itirən adam yüzlərlə adamın içində niyə itmiş pulunu gəlib onlardan soruşurdu? Ağzını açmışdı ki, desin:
- Ver bu adamın pulunu çıxıb getsin, mən pay-filan istəmirəm. O biri buna imkan vermədi:
- Nə pul, nə filan, get, işinlə uğraş, bu boyda izdihamın arasında pulmu qalar, bizə mane olma, vacib işimiz var.
Yalana şərik olduğuna görə Bayat içində hələ özünü söydü də. Yalanın sahi­bi sənsən, həqiqətin sahibi Allah, indi özün bilərsən, istər yalan danış, istər ger­çə­yi söylə... Dilin xəyanəti bədənin xəyanətindən daha betərdi. Dil xəyanəti bilə­rəkdən şüurlu bir şəkildə edir... Bədən isə heyvani hissin əsiri olduğundan xə­yanətə girişir. Sözlə əxlaqsızlıq bədəninlə əxlaqsızlıqdan daha dəhşətlidir... Çün­ki söz şüurlu düşüncənin, bədən isə heyvani hisslərin ixtiyarındadır və onlar­dan qaynaqlanır. Yalan da siqaret tərgitmək kimi bir şeydir, gündə bir yalan yaz, bir də görəcəksən ki, yalanın axırına çıxmısan... Ömrü boyu risk etməmiş və hə­ya­tın sakit axarında qocalığa gəlib çatmış, qocalığın imkan və rahatlığından ya­rar­lananlar bəlkə də xatırlanası və anıb da qürur duyacaqları yaddaş köşələrində bir şey tapa bilmirlər. Bax, faciə burdadır. İndi Bayat da bunları düşünə-düşünə tərəddüd içində qalmışdı. Sussun, yalana şərik çıxsın, ya risk eləsin?
Fikrindən keçən bu düşüncə axını onu cəsarətləndirmişdi ki, bu ara Bayata elə gəldi ki, yanındakı adam pulunu itirdiyini söyləyən adama göz vurdu. O da eyni şeyi təkrarladı. Pul itirən adam da bunun fərqindəymişcəsinə gözünə çöp düşmüş adam kimi bir neçə dəfə gözünü yumub-açdı, sanki Bayata demək istəyirdi ki, göz-filan vurmadım bu, mənim adətimdir. Pul itirən adam ümidsizcə yenidən gəldiyi səmtə doğru qaçıb izdihamın içində gözdən itdi... Pul tapan adam Bayatın qolundan tutub:
- Gedək, - dedi, - burda olmaz, dalda bir yerdə pulumuzu bölüşək... Bayat bu dəfə:
- Burax qolumu, - dedi, - yoxsa polis çağıracağam, nə pul, nə filan, indi ki, sahibinə vermədin, nə var sənin olsun, yaxamdan əl çək.
Adam qırsaqqız olub yapışmışdı Bayatın qolundan:
- Elə şey olarmı, - dedi. - Polis çağıracaqsan, mən də sənin üzünə duracağam ki, pulu mən yox, sən çıxartdın. Şahidin var həqiqətin kimin tərəfində olduğunu sübut etməyə? Polis pulu da bizdən alacaq, ən azı yeddi sutka da türməyə salacaqlar. Sən gəl mən deyənə bax, boşuna polis - filan çağırma, gedək münasib bir yerdə qismətimizə çıxan pulu bərabər bölüşək.
Bu zaman Bayatın içində tərəddüdlər başlamışdı... Gözümlə gördüm, o boyda paçkada ən azı əlli-altmış min dollar olar, cibimdəki üç min nəmənə şeydir, onunla ev tikdirmək, evlənməkmi olar? Bölüşsək, payıma dinməzcə 20 min dollar düşəcək, götürərəm, kasıblığın da daşını ataram... Bu fikirdə idi ki "pulunu itirdiyini" söyləyən adam yenə başlarının üstünü aldı:
- Axtarmadığım yer qalmadı, mənim pulum sizdə olacaq, Allah rizasına verin mənim pulumu, - deyə fəryad etməyə başladı.Bu zaman adətinin xilafına Bayat:
- Bizdən nə istəyirsən, nə pul, pul-filan görmədik, dəf ol get,-dedi. Adam bu də­fə də kor-peşman metro qarqaşasında gözdən itdi. - Molodes, - dedi qarşısın­da­kı adam, - bax, indi gəldin Allah yoluna, gedək. Metrodan çıxmışdılar... Adam ön­də, Bayat arxada suyu süzülə-süzülə gedirdi. Çamadanı saxlama kamerasına vermədiyinə görə indi elə peşmanlıq çəkirdi ki. Bu zəhirmar əlimdə olmasaydı, heç olmasa, qaçıb canımı qurtarardım. Canavarın gözlərinin cəzbinə onu qara­ba­qara izləyən qoyun kimi adamın arxasınca düşmüşdü. Adam onu haraya aparırdı? Tamahla insaf bir-biri ilə ölüm-dirim mübarizəsinə çıxmışdılar. İnsaf deyirdi:
- Axmaq adam, haram puldan fayda yoxdu, günahın yarısından da qayıtmaq savabdandır, qayıt bu yoldan, itirdiyin qızıl medal nə tez yadından çıxdı?
Tamah isə:
- Oğlum, - deyirdi, - birdən-birə varlı olacaqsan, ev də tikdirəcəksən, evlə­nə­cəksən də, daha nə istəyirsən? Allah yox yerdən bir qapı açıb başına göydən bə­rəkət yağdırıb, tanrına təpik atıb şadlığına şitlik etmə... Adamın əlinə fürsət bir dəfə düşür, bunu unutma. Bəlkə elə gecə yuxuna girən dollarlar da bunun işarətiymişə
Metrodan xeyli aralanmışdılar, qarşıdakı binanın arxasına keçdilər, bura gediş-gəlişsiz dalda bir yerdi. Bunu görən Bayatı sanki ildırım vurdu. Ruhu bir andaca sanki iki addımlıqdakı böyük təhlükəni anlamışdı, içində çırpınır, haray qoparırdı. Geriyə qayıtmaq, qaçmaq istədi. Bir yandan da içindəki vahimədən qarşısındakının xəbəri olmasın deyə özünü tox tutmağa çalışdı... Adam əvvəlcə cibindən öz pul kisəsini çıxardı, sonra qoltuğunda gizlətdiyi dollar "paçkasını":
- Bu məndə olanlar, - dedi, - indi də sən pul kisəni çıxart görək,- dedi.
- Mənim pul kisəmlə nə işin var?
- Nəyimiz var, qardaş malı kimi bir yerə qatıb ikiyə böləcəyik, yarısı sənin, yarısı mənim.
Bayatın nitqi tutulmuşdu. Özündən asılı olmayaraq ürəyi istəməsə də əlləri avtomatik bir şəkildə pul kisəsini çıxartdı. Adam bir göz qırpımında kisəni dartıb Bayatın əlindən aldı. Öz dədə malı imiş kimi kisədəki üç min dolları aldı, sonra bir qədər rus rubli vardı, onları da götürdü, yerdə qəpik-quruş qaldı. Və kisəni Bayata qaytardı...
Bu zaman qarşı döngədən yenə pulunu itirdiyini söyləyən adam başı alovlu qaça-qaça gəldi:
- Mən bilirəm, mənim pulum sizdədir, verin mənim pulumu, verməsəniz polis çağıracağam,- dedi, - bax, görərsiniz... - Bu sözləri söyləməyi ilə geriyə qaçmağı bir oldu. Adam da onun arxasınca üz qoydu. Bayat:
- Haraya? Qaytar mənim pulumu, bəs biz pul bölüşdürəcəkdik, - dedi. Adam sanki Bayatın bu harayını gözləyirmiş kimi:
- Polis gəldi, polis, polis, - deyə-deyə qaçmağa başladı. Bayat nə edəcəyini bilmirdi. Qaçsınmı? Qaçsa da əlindəki çamadanla adamı tuta bilməyəcəkdi. əvvəlcə çamadanı atmaq istədi. Amma çamadanını ata bilməzdi, bütün sənədləri də çamadanda idi, onsuz da itirdiyini itirmişdi, sənədlərinidəmi itirəydi? Əgər adamın dediyi kimi doğrudan da polis gəlirdisə nə cavab verəcəkdi? Bəlkə pulunu itirdiyini söyləyən adam doğru deyirdi, polisə xəbər vermişdi. Bayatın ağlı başında olsaydı heç belə düşünməzdi. Pul itirən adamı metronun qarqaşası içində qoyub gəlmişdilər. Adam onların gedəcəyi yeri hardan bilirdi ki, polis də çağıraydı. Bunun bir qurğu olduğunu Bayat anlamaq durumunda deyildi. İki illik zəhmətini iki dəqiqədə yelə vermişdi, indi isə can hayında qalmışdı. Əgər doğrudan da bu çevrədə polis vardısa və onu yaxalardısa, o zaman varı cəhənnəm, canı da gedəcəkdi. Ona görə də varının - o adamın arxasınca deyil, canını götürüb əks istiqamətə doğru qaçmağa başladı... Nə qədər qaçdığını bəlkə özü də bilmirdi. Amma aranın sakit olduğunu gördüyündən polisin gəlmədiyini yəqin etdi. Və içi boşalmış pul kisəsini cibindən çıxarıb baxdı, qalan qəpik-quruş onu təyyarə meydanına qədər apara biləcəkdimi? Metronun qiymətini bilirdi, avtobusun qiymətini soruşdu, yaxşı ki, təyyarə meydanına qədər gedə biləcəkdi... Təyyarəyə bileti vardı, Bakıya uçacaqdı. Bakıdan sonrasına Allah kərimdi, kəndə əli ətəyindən uzun dönəcəkdi...
İnsan saxta pul kəsir, pul saxta adam axtarır. Pul, demək olar ki, nadir hallarda saxtakarın deyil, səxavət sahibinin əlinə keçir... Yol boyu başına gələnləri xatırlayacaqdı... Bu xatirələr içində iki şey ağlından çıxmırdı. İtirdiyi qızıl medal və bir də uşaqlıqda Çinarda gördüyü qəzəbi bülöv daşında qığılcıma dönən erməni dığası... O erməni dığası ilə indicə metroda qarşısına çıxan adam arasında elə qəribə bənzərlik vardı ki!!!

... Qaraçılar qarğıdalıya sap keçirib arxaları ilə sürüyüb kənd toyuqlarını dimdiyindən tora saldığı kimi kvadrat kəsilmiş kağız topasının altına, üstünə saxta yüz dollarlıq yapışdırıb onu tora salan da bəlkə elə Çınarda qarşılaşdığı erməni dığası idi. Fikirləşdikcə, tüstüsü təpəsindən çıxırdı. Min bir ümidlə dişiylə, dırnağı ilə qazandığı pul cəhənnəm, erməninin gülləsi qarşısında duruş gətirən, onları ta çıxdıqları yerə- vəngə qədər qovan Bayat burda erməni hiyləsinin toruna düşdüyünə, qabağından qaçdığına yanırdı. Çinardakı erməni dığası ilə onu metroda qandıran adamın sifətini müqayisə etdikcə ikinci birincinin böyüdücü aynada görünən sifəti kimi gəlirdi. Elə isə niyə indi, iş-işdən keçəndən sonra xatırlamalıydı bütün bunları? Yenə ağlına gələn bir fikir əlfini çaşdırmağa başladı. Erməni demirmi "müslümanın sonrakı ağlı məndə ola"... Müsəlmanın sonrakı ağlı! Həyatdan nə istədiyini bildinmi və sənin istəyinlə Allahın səninçün istədiyi eynidirmi? Bəlkə sən istəyən heç Allah səninçün istədiyi ilə üst-üstə düşmür.

İçində atlı burulğanlar oynaşırdı; bulaq niyə çaya, çay niyə dənizə can atır, görəsən? Bulaq çayda, çay dənizdə adını itirəcəyini, yox olacağını bilə-bilə yoxda var olmağa bu canatım inadı hardan gəlir axı? Onun başına gələnlər də buna bənzəmirdimi? Başına gələnlər, gələcəklər hardan gəlir? Kimdi onları bizə tərəf itələyən? Yoxsa, bütün bunların hamısı biz dünyaya gəlmədən içimizə qoyulmuşdur, hər toxum içindəki xassəni aça-aça özünü böyütdüyü kimi, biz də ba­şımıza gələnləri içimizdən dünyaya-başımıza gətiririk bəlkə? Sonradan heç nəyi dəyişdirə bilmirik, içimizə bizdən xəbərsiz nə qoyulubsa, oyuq. "Əslində olan dırnağında bildirər" atalar misalı boşuna yaranmayıb ki? Birdən-birə Məm­mədəli kişinin bir hədisi fikrinin xatirə deposunda canlanmağa başladı. Birdən-birəmi? Yox, içimizə damanlar da bizdən asılı deyil. Məmmədəli kişinin adəti idi, kənddə birinin başına dolaşıq bir iş gəldimi, özünü o adamın yanına yetirər, gəlmişdən, getmişdən söhbət açar, sözü döndürüb, dolandırıb qarşısındakı adamın başına gələnlərə bağlayardı. Qarşısındakı adam əvvəlcə Məmmədəli kişinin ona mənasız və boş görünən söhbətlərindən bezsə də, sonunda kişinin danışdıqlarından dərdinin azaldığını hiss edər, üstündən dağ götürülərdi... Məmmədəli kişinin hədisləri bitməzdi ki! Bu savadsız adam bu qədər hədisi çinadanına harda, nə zaman yığmışdı, bir Allah bilir... Çay kənarında paltar yuyanlara iş avandlığı üçün "Günün yağlı olsun" deyərlər. Uşaqlığında Bayat bu deyimi eşidəndə içində şübhələr də baş qaldırmışdı. Gün, qoyundumu yağlı ola? Amma deyilən bu alxışlardan, dualardan insanların doğrudan da günün yağlı olduğunu, işinin avand getdiyini Bayat sonralar biləcəkdi. Bəlkə elə Məmmədəli kişinin də içinə bu hisslər bu alxışların, duaların səbəbi kimi elə uşaqlıqdan qo­yul­muşdu. Böyüyəndən bəri əlini kisəsinə aparıb pul çıxarar kimi, yeri gəldi­yində içinə yerləşdirilmiş hədisləri bir-bir sözünə sökək edirdi. Belə idisə bu, haqdan gəlmə bir şeydi, oxumaqla-filanla da bir əlaqəsi yoxdur. Bu hədisi Məmmədəli kişidən Bayat harda, nə zaman eşitmişdi, indi xatırlaya bilməzdi. Əsas olan o idi ki, neçə illər yaddaşının harasındasa ilişib qalan bu hədis indi bu darmacalda yadına düşmüşdü. Düşməsi də, görünür, elə-belə deyildi. Məmmədəli kişi çoxdan dünyasını dəyişsə də, söylədiyi hədis biletsiz-filansız onunla birlikdə Moskvada idi...
Bir padşahın ağıllı bir vəziri vardı. Padşah nəyi olsa onunla məsləhətləşirdi. Amma bir dəfə sözləri çəp gəlmişdi. Sözləri çəp gəldi deyəndə ki, vəzir, padşahını tanımırdımı, bir sözünü iki eləyəydi? Olan etirazı da padşahını yersiz, səbəbsiz bəlalardan qorumaq idi. Padşah deyirdi ki, vəzir, soy-sop, əsil-nəcabət bir yana, əsas olan o dünyadan gətirdiyin deyil, bu dünyada öyrəndiyin, qazandığındır. Vəzir isə başqa cür düşünürdü:
- Padşah sağ olsun, doğru buyurursunuz, amma...
Padşah:
- Nə amma? Amması-filanı yoxdu.
Padşahın Nuh deyib, peyğəmbər deməməyinin də səbəbi yox deyildi. O ax­şam şah sarayının gözləri qamaşdıran çil-çiraqlı sarayında şənlik vardı. Rəqqas­lar, şərqiçilər, məddahlar, oyunbazlar əyanlar qarşısında məharətlərini göstərir­dilər. Bu zaman səhnəyə, bellərinə bağlanmış xonçalar üzərində şamlar yanan pişiklər çıxdı... Pişiklərin bu gözlənilməz, alışılmamış yanar rəqsi salonda alqışlarla qarşılanırdı. Keyfi yerində olan padşah çevrilib məğrur, dediyinin doğru çıxdığından əmin bir ədayla vəzirə baxdı:
- Gördün? Hər şeyə əmma qoymaq sənin əski adətindir. Bax, gözünə işıq gəlsin.
Vəzir:
- Padşah sağ olsun!
Padşah əlinin işarəsiylə vəzirin sözünü ağzında qoydu, yəni kor ha deyilsən görməyəsən. Allahın heyvanına belə vərdişlər öyrədilirsə, o zaman insan hay-hayla öyrənər.
Padşahın əl hərəkətində, ədasında deyilməyən bu sözlərin zindan ağırlığı vardı. Amma vəzir də ağıllı adamdı. Anında cavab qaytarıb, hamının qarşısında padşah tərəfindən alçaldılmasını istəmədi, tədbirli tərpəndi...
... Çil-çiraqlı salonda yenə şənlik vardı. Saray əhli nəşə içində idi... Vəzirə də vəzir deməzdin fürsəti əldən versəydı. Əvvəlcədən ölçüb-biçmiş, tədbirini tök­müşdü... Məddahlar bəy tərifini bitirmiş, rəqqaslar rəngli rəqsləri ilə salon­dakı­ları sehrləmiş, müğənnilər bir-biri ilə yarışmış, sıra oyunbazlara çatmışdı... Bir azdan pişiklərin yanar rəqsi başlayacaqdı... Vəzirə də elə bu lazım idi... Elə ki pişiklər səhnəyə çıxarıldı, torbada gizlətdiyi siçanları xəlvətcə salona buraxdı. Siçan­ların qoxusunu duyan pişiklərin bircə qöz qırpımında pərənləri pozuldu, öy­rəndikləri rəqslər büsbütün unuduldu, anadangəlmə fəhm işə düşdü və bu dəfə yanar rəqs yerinə siçan-pişik qaçdı-qovdusu başladı... Padşah da ağıllı padşah idi. Ağıllı olmasaydı, heç yanında belə ağıllı vəzir saxlardımı? Vəzirin bu hərəkətinə qızmadı. Əksinə, ona ənam verilməsini tapşırdı. Yenilməyi bacarmaq da bir məziyyətdi...
- Allah sənə rəhmət etsin, Məmmədəli kişi, yoxsa, hardasa, haçansa başıma gələnləri hansı ayın hansı günündəsə "A qızım, sənə deyirəm, a gəlnim, sən eşit" misalı, bu hədisi başqa birisinə mənə eşitdirmək üçün danışmışdın?
Bayat Bakıya uçan təyyarədə çıxılmazlıq içində bunları- sonrakı peşmanlığın faydasız olduğunu düşünür, özünə bir təsəlli yeri arayırdı. Sonunda yenə Məmmədəli kişidən eşitdiyi başqa bir əfsanə düşdü yadına... Və bu hədis və əfsanələri xatırladıqca heyrətlər içində qaldı. Allah bilir, bu hədis və əfsanələr onun yaddaşında neçə ildi ki, yol gəlir, xatırlanmırdı. - Bu darmacalda onları mənim yadıma salmaqda məqsədin nədir, a şükür kərəminə, - deyə ürəyində Allahı ilə dərdləşirdi...
... Dənizin ortasında duyğular adası vardı. Bütün duyğular bu adada yaşayırdı. Qabaran dalğaların duyğular adasını dənizə göməcəyi an bütün duyğular qayıqlarına minib dənizdən sahilə çıxmağa çalışır, yalnız Sevgi duyğusu adadan ayrılmaq istəmir. Amma artıq adanın batmaqda olduğunu görən Sevgi də adadan ayrılmağa qərar verir. Ən yaxında Var duyğusunun qayığı idi. Sevgi Var duyğusundan onu da qayığına almasını xahiş edir. Var duyğusu:
- Qayığım qızıl, gümüş, yaqutla doludur; yer yoxdur, səni haraya alım? -deyir.
Bu dəfə Sevgi üzünü Xoşbəxtlik duyğusuna tutur:
- Nə olar, məni də qayığına al.
Başı sevincdən, bəxtiyarlıqdan məst olan Xoşbəxtlik duyğusu da Sevgini qayığına götürmək istəmir:
- Başım onsuz da öz bəxtəvərliyimə qarışıb, sənə bizim aramızda yer yoxdur.
Əlacı kəsilən Sevgi bu dəfə də Dərd duyğusuna üz tutur. Dərd duyğusu:
- Dərdim o qədər çoxdur ki, bir qayığa onları zorla yerləşdirmişəm, səni haraya götürüm?
Bu vaxt dənizdən Sevgiyə kömək əli uzanır; Zaman duyğusuydu.
- Qayığım sənə peşkəşdir, gəl yanıma,-deyir.
Sevgi özünü Zamanın ixtiyarına buraxır.
Bayat da özünü zamanın ixtiyarına buraxacaqdı. Zaman onun günahlarını yuya, yaralarını sağalda biləcəkdimi? Bəlkə, əziz oxucum, sən deyəsən, hə?!

* * *

Əvvəllər yer üzündə heç nə yox idi, elə vaxt da boş-boşuna gəlib keçirdi. Dünyanın nə ağacı-daşı vardı ki, ilişib yaşıl yarpağını saraltsın, qayasını üyüdüb quma döndərsin, nə insanı vardı, cavan ömrünü qoca etsin... Sonra dünya dünya oldu, ağacı-daşı və bu ağaca-daşa "mənimdi" deyən insanı yarandı, beləcə Zamanın iş görmə zamanı gəldi...

Mart-avqust, 2008
Çanaqqala-Bakı

"Azərbaycan" jurnalı
XS
SM
MD
LG