Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:36

Ella Leya – Amerika radiosundakı azərbaycanlı cazmen


Ella Leya
Ella Leya
“Gözəl səsi və qəribə taleyi olan Ella Leya Azərbaycanda doğulan, cazı sevən bir müsəlman qızıdır”. ABŞ İctimai Radiosu - NPR həftəsonu buraxılışında Bakıda doğulan, indisə ABŞ-da yaşayan Elladan belə bəhs edir.

Ella Leya NPR-ə Azərbaycandan danışanda buranı möcüzəli yerə, sanki sehirli xalçaya bənzədir:

“Mən böyüdüyüm ölkə - Azərbaycan, qismən müsəlman, qismən də sovet ölkəsiydi. Yəni, müsəlmançılıqla, dinlə kommunizmin çox maraqlı qabinasiyası idi. Moskva bizdən yetərincə uzaq idi. Yəni bəlkə də demək olar ki, biz Sovet İttifaqının digər yerlərinə baxanda daha müstəqil idik”.

Ella ən çox Azərbaycan muğamından təsirləndiyini deyir, amma musiqiyə klassikadan başlayıb, sonradan caza keçib. Deyir ki, “bəlkə də Bakıda, kafedə piano çalıb, cazz ifa edən ilk qadın olmuşam”.

Ella yüksək rütbəli bir hərbçiylə ailə qurandan sonra Moskvaya köçüb. Orda Moskva Caz Orkestrində çıxış edib. Eyni zamanda klublarda da çalışsa da, musiqiylə çox az qazana bilib:

“Məzəli bir əhvalat deyim. Biz uşaq mahnıları albomu yazmışdıq. Mən hələ SSRİ-də olan vaxtı bu albomun 3 milyon nüsxəsi satılmışdı. Amma mən cəmi 15 rubl qazandım”.

Ella Moskvada olarkən ABŞ səfirliyiylə üzbəüz bir klubda çıxış edirmiş. Günlərin bir günü amerikalı milyarder iş adamı Armand Hammerın Moskvaya 90 yaşını qeyd eləmək üçün gəldiyini öyrənir. Ad gününə gələn amerikalıları Moskvanın caz klublarına getmyə yardımçı olur, sonradan da onların yardımıyla 5 yaşlı oğluyla birgə ABŞ-a mühacirət edib.

Orda bir ravvinlə ailə quran Ella Çikago yaxınlığında yaşamağa başlayır. Amma sonra oğlu qəfildən xəstələnir.

“Hər şey birdən oldu. Bir gün dedi ki, ana, qarnım ağrıyır. Belə... Ona leykimiya diaqnozu qoyanda cəmi 5 yaş yarım idi. 9 yaşının tamamına bir neçə gün qalmış öldü”.

Oğlu dünyasını dəyişəndən sonra Ella özünü müusiqiyə həsr edir, səbəbini isə belə izah edir:

“Yadımdadır, bir qadın mənə çox faydalı məsləhət verdi. Dedi ki, sən heç vaxt unuda bilmərsən, sadəcə, başını nə iləsə qatmağa çalış. Məncə, bu, insanın təbiətindədir ki, həyata davam etmək üçün hansısa səbəbdən yapışsın... Mənim üçün bu, musiqiyə dönmək oldu”.

Azərbaycanlı cazmenin Amerika ictimai radiosuna qonaq olmasının səbəbi isə “Qadınların sirli həyatı” adlı yeni albomudur. Bundan əvvəl də kompozisiyaları ilə hətta Hollivud filmlərinə də yol tapıb. Bəzi albomları da yetərincə populyar olub. İndiki, son albomda isə bir çox məşhur qadının həyatına həsr olunan mahnılar var. 1-ci Dünya Müharibəsi vaxtı Alman casusu olmaqda ittiham olunan və Fransada güllənən Mata Haridən tutmuş, Misir hökmdarı Kleopatra və ya faciəli şəkildə həlak olan Şahzadə Dianaya kimi.

Ella deyir ki, əslində musiqisiylə bu qadınların keçmşinə nəzər salmaqla, gələcəyini qurmaq üçün onlardan nəsə öyrənməyə çalışır.
XS
SM
MD
LG