Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:27

Beynəlxalq məhkəmə «Barmek»in hökumətə qarşı iddiasına baxır


Hüseyn Aarabulu beynəlxalq məhkəmədə yeddi nəfər vəkil təmsil edir
Hüseyn Aarabulu beynəlxalq məhkəmədə yeddi nəfər vəkil təmsil edir

Mayın 18-də Azərbaycan hökumətinin təmsilçiləriylə «Barmek» nümayəndələri Londonda-məhkəmədə üz-üzə gələcəklər.


«Barmek» prezidenti Hüseyn Arabul Azərbaycan hökumətindən mərkəzi Vaşinqtonda yerləşən investisiya mübahisələrinin yoluna qoyulması üzrə beynəlxalq mərkəzə şikayət edib. Bu qurumun qısa adı İCSİD-dir (İnternational Center for Settlement of İnvestment Disputes). Şirkətin prezidenti Hüseyn Arabul deyir ki, Azərbaycan hökuməti və Türkiyənin «Barmek» şirkəti görüşün Londonda keçirilməsi barədə özləri razılığa gəliblər.


Arabulun iddiasına görə, Azərbaycan hökuməti ona 460 milyon dollar ödəməli və «Barmek»lə bağlı cinayət işinə xitam verilməlidir.


Hüseyn Arabul tələb edir ki, şirkətin həbsdə olan əməkdaşlarını buraxılsın, onun üzərindən ölkəni tərk etməklə bağlı qadağa götürülsün. Nəhayət Azərbaycan hökuməti etiraf etsin ki, indiyə qədər deyilənlər düzgün deyil, yəni şirkət iddia olunduğu kimi köhnə transformatorları rəngləyib təzəsi kimi təqdim etməyib və s.


Bugünkü məhkəmədə Hüseyn Arabul şəxsən iştirak edə bilməyəcək - ondan ölkəni tərk etməmək barədə iltizam alıblar. Amma prosesə Dünya Bankının Bakı ofisindən videokonfrans vasitəsilə qatılacaq. Onu məhkəmədə yeddi nəfər vəkili təmsil edir. Hüseyn Arabulun dediyinə görə hökuməti İqtisadi İnkişaf nazirinin müavini Mikayıl Cabbarov təmsil edəcək.


İqtisadi mübahisələr üzrə ixtisaslaşmış vəkil Muxtar Mustafayev deyir ki, İCSİD-in məhkəmə prosesləri adətən uzunu çəkir, iki-üç ilə qədər uzana bilir: «Bu məhkəmənin qərarı Azərbaycan üçün məcburi olacaq, çünki Azərbaycan beynəlxalq arbitraj məhkəmələrinin qərarlarının tanınmasına dair konvensiyası-Nyu-York konvensiyasını ratifikasiya edib».


«Barmek» prezidenti isə deyir ki, bu iddianı qaldırmaqda məqsədi o deyil ki, hökumətdən 460 milyon dolları alsın, əsas məqsədi dövlət başçısının diqqətini üzərinə çəkməkdir: «Əgər prezidentin səlahiyyətli nümayəndəsi ilə üzləşə bilsəm, iddiamı geri götürərəm».


Arabul deyir ki, indiyə kimi ona dərdini dövlət başçısına deməyə imkan verilməyib. Türkiyəli işadamı əmindir ki, məmurlar səhvlərinin üstünün açılmasından qorxurlar. O isə ümid edir ki, Beynəlxalq Arbitraj Məhkəməsi vasitəsilə diqqəti cəlb edə biləcək.


Hüseyn Arabul deyir ki, onu keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin də məhkəməsinə də şahid qismində dəvət edə bilərlər və o bundan çəkinmir.


Hökumət Türkiyənin «Barmek» şirkətilə 25 illiyinə müqavilə bağlamış, Bakı və Sumqayıtın elektrik şəbəkələrinin idarə olunmasını bu şirkətə vermişdi. Keçən il şirkəti müqavilə öhdəliklərini yerinə yetirməməkdə günahlandırdılar, müqaviləyə birtərəfli qaydada xitam verildi. «Barmek»lə bağlı Azərbaycanda cinayət işi açılıb. Hüseyn Arabulu şirkətin yeddi nəfər başqa əməkdaşı ilə birgə mənimsəmədə, israfçılıqda və vəzifə səlahiyyətlərini aşmaqda günahlandırılırlar.


«Barmek»in iddiasına baxan İCSİD beynəlxalq arbitrajlardan biri hesab olunur, bu, avtonom beynəlxalq təşkilatdır. Eyni zamanda Dünya Bankı ilə çox sıx əlaqələri var. İCSİD-in bütün üzvləri həm də Dünya Bankının üzvləridir, qurum əsasən, xarici sərmayəçilərin hökumətlərlə mübahisəsinə baxır.


XS
SM
MD
LG