Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:33

Bu pul rayonların hansı probleminə çatar?


Aprelin 19-da Azərbaycan prezidenti İlham Əliyev Astara, Masallı və Salyan rayonların sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama görə, adı çəkilən hər rayona prezidentin ehtiyat fondundan 2 milyon manat pul veriləcək.

Müsavat partiyası Astara rayon təşkilatın sədri Asən Həşimlinin dediyinə görə, bu pul məmurların heç tum pulu deyil:

«Dövlət büdcəsindən on milyonlarla rayonlara pul verilir. Bu pullarla hasar tikirlər, binaları rəngləyirlər. Saldıqları yollar bir ildən sonra yenidən dağılır. Bunlar hamısı görüntüdür, insanların maddi- rifah halına təsir etmir»

A.Həşimli sosial-iqtisadi inkişafa görə, rayonlara verilən pulların göyə sovrulduğunu deyir:

ASTARA ŞƏHƏRİNDƏ KANALİZASİYA YOXDUR. AMMA...

Asən Həşəmli
«İki il əvvəl Heydər Əliyev muzeyi tikdilər. 3-4 ay bundan əvvəl muzeyi söküb yerində yeni iki mərtəbəli Heydər Əliyev mərkəzi inşa etdilər. Bildiyimə görə hər iki binanın inşasına 2 milyona yaxın pul xərclənib. Rayonda evsizlərin sayı gündən günə artır. Evi olmadığına görə ailə qura bilməyənlər var. Astara şəhərində kanalizasiya yoxdur. İçməli su hələ çəkilməyib. Sovet dövründə Astara şərində kanalizasiya çəkmək üçün 7,5 milyon sovet manatı tələb olunurdu»

«Cənub Xəbərləri» qəzetinin baş redaktoru Zahir Əmənov isə deyir ki, rayonda büdcə xərclərində şəffaflıq yoxdur:

«Mənim şübhəm var ki, bu pullar qəpiyinə qədər Masallının sosial-iqtisadi inkişafına xərclənəcək. Bundan əvvəl də bu istiqamətdə pullar ayrılıb. Lakin nəticə yoxdur. Astara rayonunda 100 min, Masallıda isə 200 mindən çox əhali yaşayır. Lakin rayonlar üçün bərabər məbləğdə vəsait ayrılıb. Bu nə deməkdir?»

Astara rayon icra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Xanverdi Şirinov prezidentin ehtiyat fondundan rayon üçün ayrılan vəsaitin yol-abadlıq işləri üçün nəzərdə tutulduğunu deyir:

KANALİZASİYA DÜNYA BANKININ VƏSAİTİ İLƏ TİKİLƏCƏK

«İri yaşayış məntəqələrinə gedən yollar asfaltla döşənəcək. Kanalizasiya və içməli su xəttlərin çəkilməsi üçün Dünya Bankı vəsait ayıracaq. Hazırda bu layihə üzərində işləyirik.»

Masallı rayon icra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Seymur Nuriyevin sözlərinə görə ayrılan pul, əsasən yolların təmirinə yönələcək:

«Birinci növbədə Şıxlar- Qızılağac yolu abadlaşdırılacaq. Rayon mərkəzində olan küçələrə də əl gəzdiriləcək. Qaldı şəhərinin kanalizasiya məsələsinə, bu böyük layihədir. Prezident Masallıda olarkən bu layihə ilə tanış olub. Bununla bağlı rayona Almaniyadan nümayəndələr gəlmişdi. Bu problemi aradan qaldırmaq üçün iş gedir»

«RÜŞVƏTXORLUQ VƏ KORRUPSİYA ÖZ AXARI İLƏ GEDİR»


İş adamı Vidadi Mirzəyev deyir ki, prezidentin regionlara verdiyi diqqət müsbət hadisədir. Lakin o belə hesab edir ki, regionların əsas problemi bunlar deyil:

«İşsizlik baş alıb gedir. Gənclər təhsil alıb rayona qayıdırlar, iş tapa bilmirlər. Məmur özbaşınalığı hökm sürür. Rüşvətxorluq və korrupsiya öz axarı ilə gedir. Arada bir az çəkindilər. İndi eyni vəziyyətdir. Narkomanlıq böyük bəlaya çevrilib. Kənd təsərrüfatı rayonları olsaq da Cəlilabad rayonu çıxmaq şərti ilə digər rayonlarda torpaqların çox hissəsi əkilməmiş qalır. Birinci növbədə bu məsələlər həll edilməlidir»

Vidadi Mirzəyev də ayrılan vəsaitin son manatına qədər təyinatı üzrə xərclənəcəyinə də şübhə ilə yanaşır. O deyir ki, rayonlarda bu sahələrə xərclənən pullar barəsində heç yerdə məlumat getmir:

«Şəffaflıq yoxdur. Belə halda mənimsəmə qaçılmazdır»
XS
SM
MD
LG