Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:00

Nizami Gəncəvi. Leyli və Məcnun (34)


əvvəli

LEYLİNİN EŞQİ İLƏ MƏCNUNUN AĞLAYIB
SIZLAMASI


Məcnun qohumların yalvarışından
İnciyib daha da oldu pərişan.
Cırdı köynəyini, lüt qaldı bədən,
Dedi ki: "Ölmüşə nə lazım kəfən?
Bu iki aləmə sığmayan bir kəs
Bir can köynəyinə yerləşə bilməz".
Əzraçün Vamiq tək düşmüşdü dərdə,
Gah dağda yaşardı, gah da çöllərdə.
O evdən türk kimi çıxaraq yenə,
Düşdü köçərilik düşərgəsinə.
Geymini yırtaraq, tikdi bir kəfən,
Qırıb zəncirini, çıxdı məhbəsdən.
Döşədək cırılmış halda ətəyi,
Uzaqda gəzirdi qəriblər kimi.
Canına qəsd etmək xəyalı vardı,
O, yalnız oturub, yalnız durardı.
Dəli tək hər evə yaxın gedərdi,
Leyli! Leyli! deyib xitab edərdi.
Ah! O ayaq yalın, bir də baş açıq,
Məlamət yurduna düşmüşdü yazıq.
Istər pislik olsun, istər yaxşılıq
Yamanı yaxşıdan seçməzdi artıq.
Yəmən ulduzunun xəyalilə tək,
Nəğmələr deyərdi, inildəyərək.
Beyitlər axdıqca onun dilindən,
Yadında saxlardı hər gəlib gedən.
Hamı bu matəmə olmuşdu heyran,
Görənlər ağlardı bu hala candan.
O da xəbərsizdi görən gözlərdən,
Dalınca söylənən acı sözlərdən.
Həyat dəftərindən silmişdi eybi,
Yaşardı nə ölü, nə diri kimi.
Qəlbinin başında bir sövda daşı,
Olmuşdu xar kimi daşın sirdaşı.
Altı daş, üstü daş, o əzilərək,
Bədəni bir xılta dönmüşdü, gerçək.
Şam kimi keçinib, o qaralmışdı,
Quş kimi tayından ayrı qalmışdı.
Qəlbinin başında çal-çarpaz dağlar,
Üzünü örtmüşdü tozlar, torpaqlar.
Ələmi, qüssəsi başdan aşaraq,
Insan məclisindən uzaqlaşaraq,
Ah çəkib, ağladı: "Əlacım nədir?-
Dedi, - könül mülkü bir viranədir.
Avara düşmüşəm xanımanımdan,
Məskənim olmuşdur mənim biyaban.
Nə öz qapımıza gedir bu yollar,
Nə də yar yurduna bir cığırım var.
Həyamın şüşəsi, adımın camı
Sındı daş üstündə, eşitdi hamı.
Ah, səadət təblim gedəli bada,
Köç təbli çalıram artıq dünyada.
Gah mənə "bir sərxoş" deyir bu yerlər,
Gah da "bir bütpərəst aşiq" deyirlər.
Öylə zənn etmə ki, bir bütpərəstəm,
Mən torpaqla deyil, gül ilə məstəm.
Olmuşam o türkə çolaq bir şikar.
Oxuna hədəfəm açıq, aşikar.
O yarın quludur bütün varlığım,
Ona can verməkdir bəxtiyarlığım.
Mənə sərxoş desə, neyləməliyəm?
Dəli də söyləsə, yəqin, dəliyəm!
Madam ki, dəliyəm, sərxoşluğum var,
Dəlidən, sərxoşdan ağıl ummazlar.
Elə bir divanə deyiləm ki, mən
Bir də azad olam zəncirlərimdən?
Suyum bərk bulanmış, bir də durulmaz,
Mənim viran könlüm heç abad olmaz.
Kaşki dəli bir yel əssin bir kərə,
Sovursun kül kimi məni göylərə.
Yaxud da şiddətlə ildırım çaxsın,
Evimi, canımı yandırıb, yaxsın.
Odlara salsaydı məni bir insan,
Yanan varlığımdan qalmazdı nişan.
Bir nəhəng ağzına atılsaydım mən,
Dünya qurtarardı xəcalətimdən.
Bəd övlad yaratdı məni zəmanə,
Evdə div oluram, çöldə divanə.
Baxdıqca xar olur qohum-qardaşlar,
Adımdan utanır yaxın yoldaşlar.
Xəstəyəm, qanımı tökən o cəllad
Öz keyfində gəzir qisasdan azad.
Of! Salamat qalın can sirdaşlarım!
Məclis yoldaşlarım, söz yoldaşlarım!
O şərab şüşəsi əlimdən düşdü,
Sınıb parçalandı, yadlar gülüşdü.
Yolumda şüşələr qırılsa da, bax,
Onları, göz yaşım sel tək coşaraq,
Yudu ki, o şüşə qırıntıları
Dostlar ayağına batmasın barı.
Ey mənim dərdimi anlamayanlar
Yolumdan çəkilin, nə işiniz var?
Özümdə deyiləm... məni anmayın,
Itgin bir insanam, mənə yanmayın.
Bəsdir bu zülmünüz, halıma baxın,
Məni öz dərdimlə azad buraxın!
Qovmayın məni siz ana vətəndən,
Onsuz da, qaçmağa atlanmışam mən.
Taqətdən düşmüşəm, əlacım nədir?
Canan! Əlimdən tut, can viranədir!
Sənə könül verən xəstəyəm, ey yar!
Uğrunda ölməyim daha xoş olar.
Bir salam lütf elə, durult suyumu,
Bircə sifarişlə oxşa ruhumu.
Divanə bir mənəm, gizli deyildir,
Bəs sənin boynunda nədir o zəncir?76
Canan! O zənciri salma boynuna,
Qoy mən zəncirlənim, layiqəm buna.
Uçurdu könlümü zülfüyün bağı,
Kim öyrətdi sənə bu ev yıxmağı?
Könül ovçusudur o qara saçlar,
Oğrudur saçların, kordur ruzigar...
Ey mənim diləyim, ağzımda dilim!
Əl ver, bu quyudan çıxım, sevgilim!
Ya əlimdən yapış, sevimli canan!
Ya da ki, qoy öpüm ayaqlarından.
Bir kömək əli ver, işsiz oturma!
Əllərin qoynunda bir küncdə durma!
Nədən mənə qarşı mərhəmətsizsən?
Bəs "İrhəm-türhəm"i oxumadın sən?77
Dərdlərdən, qəmlərdən azad bir ürək
Özgənin dərdini hardan biləcək?
Toxun ac olandan nə xəbəri var?
Verdiyi çörəyi xırdaca doğrar!
Əlini vurmasa oda bir nəfər,
Odun istisini necə hiss edər?
Sevgilim! İnsanıq ikimiz də, bax:
Mən tikan koluyam, sən şümşad budaq.
Qızılı zırnıxdan seçərək, tanı,
Onun bir misqalı, bunun batmanı.
Hardasan, ey mənim dərdimə dərman?
Nə üçün can almaq xəyalındasan?
Şikəstə könlümün nədir pənahı?
Səni sevməkmidir onun günahı?
Nolar bir gecəlik bizə gələndə?
Bir dəfə yanılıb, səvab et sən də.
Gəl inad eyləmə, boyun ol buna,
Bu işin babalı mənim boynuma.
Bu dərdli aşiqin günahı çoxdur,
Sənin ki, lütfün var, qorxusu yoxdur.
Qəzəbin yandırır, qəlbi, ciyəri,
Yoxmu iltifatın, ey gözəl pəri?
Sənin qəzəb odun yandığı zaman
Ona göz yaşımdan su çilə, canan!
Ayımdır, günümdür səndəki camal,
Onunçun seyr edir aləmi xəyal.
Yaxşı ki, görmürəm səndən nəvaziş,
Dəli təzə ayla bağlamaz saziş.
Səni kölgəmdən də sormuram, ey yar,
Çünki kölgəmə də yoxdur etibar.
Mən ki, öz kölgəmdə görürəm səni.
Başımdan kəsirsən sən öz kölgəni.
Apardın könlümü, aldın canımı,
Zalım cəllad olub, tökdün qanımı.
Eşqindən aldığım bu şöhrət, bu ad
Elədi ömrümü, eşqimi bərbad.
Sənin visalına yetməyir ünüm,
Lakin ümidinlə keçir hər günüm.
Evdə susuz qalıb yatsa bir uşaq,
Görsə yuxusunda sulu bir bardaq,
O şirin yuxudan qalxdığı zaman
Sorar barmağını susuzluğundan.
Qatlandı dizlərim qoşa, "lam" kimi,
"Yey" kimi bükmüşəm öz əllərimi78.
Ah, adın məni də adın tək edir,
O da, bax, iki "lam", iki də "yey"dir.
Eşqin çıxan deyil candan, ürəkdən,
Nə çıxar aləmə sirr söyləməkdən.
Süd ilə gəlmişdir canıma bu sirr,
Canımdan ölüncə çıxan deyildir".
Bunu söyləyərək, yıxıldı yerə,
Çökdü qəm buludu baxan gözlərə.
Mərhəmət üzündən kömək etdilər,
Onu evlərinə alıb getdilər.
Məhəbbət daimi olmasa əgər,
Gəncliyin bir şəhvət oyununa dönər.
Məhəbbət odur ki, odu sönməsin,
Insan yaşadıqca, üzü dönməsin.
Həqiqi məhəbbət bir məhəbbətdir,
Ilki də, sonu da əbədiyyətdir.
Məcnun məhəbbətlə yetdi kamala,
Yayıldı şöhrəti bütün mahala.
Məhəbbət yükünü çəkən o ürək
Sövda nəsimiylə açıldı gül tək.
Indi onun gülü olmuşdur xarab,
Ondan xatirələr bir damcı gülab.
O gözəl gülabın xoş ətirindən
Arxımın suyunu durulduram mən.

davamı
XS
SM
MD
LG