Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:24

Beynəlxalq Bank hansı işlərinə görə batdı?


Beynəlxalq Bank
Beynəlxalq Bank

Ekspertlər sağlamlaşdırma mərhələsi yaşadığı bir zamanda Beynəlxalq Bankın layihəyə bu məbləğdə bank təminatı verməsini riskli sayırlar...

Azərbaycan Beynəlxalq Bankı (ABB) dekabrın 19-da yarımillik hesabatını açıqlayıb. Hesabatda bildirilir ki, ABB «Silk Way Airlines» şirkətinə iki «Boeing B747-8F» təyyarəsinin və bir «GEnx-2B67» modelli ehtiyat mühərrikin alınması üçün müvəkkil «Wilmington Trust Company»nin (ABŞ) xeyrinə 300 milyon ABŞ dolları məbləğində təminat verib. Fevralda verilən qərar indi ictimailəşdirilib.

Buna da bax:​ Beynəlxalq Banka yeni baş direktor

Ekspertlər sağlamlaşdırma mərhələsi yaşadığı bir zamanda ABB-nin layihəyə bu məbləğdə bank təminatı verməsini riskli sayırlar.

Holdinqin öz bankı kənarda qalıb

«Silk Way Airlines» MMC-nin daxil olduğu holdinqin özünün də kommersiya bankı var. Ancaq mütəxəssislərin sözlərinə görə, bank təminatının həcmi bank kapitalının məbləğinə bağlı olduğundan, «Bank Silk Way» təkbaşına bu «yükün» altına girə bilməzdi.

Buna da bax: "Mərkəzi Bankı yoxlasalar, Beynəlxalq Bank toya getməli olacaq..."

«Silk Way Airlines» MMC-nin mətbuat xidmətində AzadlıqRadiosu-na «Boeing» təyyarələrinin alınıb Azərbaycana gətirildiyini, 3-cü hava gəmisinin də sifariş verildiyini bildiriblər. Lakin maliyyələşmənin mənbəyi, ödəmələrin gedişi barədə suala «əlavə araşdırma tələb olunduğu üçün» cavab verə bilməyiblər.

Aviaşirkətin maliyyə durumu qaranlıqdır?

Sözügedən aviaşirkət Nazirlər Kabinetinin «İctimai əhəmiyyətli qurumlar» siyahısına daxil etdiyi 27 kommersiya təşkilatından biridir. Siyahıya salınmanın meyarları aktivlərin və illik dövriyyənin həcmi və işçilərin sayıdır. Siyahıdakı şirkətlər illik maliyyə hesabatını açıqlamağa borcludurlar. Ancaq «Silk Way Airlines» MMC bu tələbə əməl etmir. Bu səbəbdən, onun maliyyə durumu barədə dəqiq məlumat yoxdur.

Buna da bax:​ 'Nazirlik iki bankın öhdəsindən gələ bilmədi'

«Silk Way Airlines»ın iki karqo şirkəti yaratması və təyyarə donanmasını daim genişləndirməsi hava nəqliyyatı ilə beynəlxalq yük daşımalarının yetərincə mənfəətli iş olduğunu bir daha təsdiqləyir. Dövlət Statistika Komitəsinin rüblük hesabatlarına görə, hava nəqliyyatında yük daşımalarından yerli şirkətlərin qazancı dövriyyənin 30 faizini aşır. Bununla belə, ekspertlər ABB-nin bank təminatını ondan ötrü təhlükəli sayırlar.

Ekspert: «Riskləri göz önünə almadılar»

Təminatın müəyyən gəlir gətirdiyini deyən hüquqşünas Əkrəm Həsənov AzadlıqRadiosu-na mümkün risklərdən danışıb:

«Təminat alan tərəf öhdəliyini icra edə bilməyəndə, bu, bank üçün problemə çevrilə bilər. Riski göz önünə almaqdan ötrü təminat istəyənin özünün maliyyə durumu aydınlaşdırılmalıdır. Çünki təminathaqqı (məbləğin-1-3 faizinədək) cəlbedici olsa da, ödəmədə yaranacaq problem təminatçı kimi bankın başağrısına çevrilə bilər».

Buna da bax:​ Beynəlxalq Bankın büdcəyə xeyri dəyməyəcək

«Bank elə belə işlərə görə batdı»

Əkrəm Həsənov «VTB Bank (Azərbaycan)» ASC İdarə Heyəti sədrinin müavini işlədiyi dönəmdə bənzər durumla üzləşdiyini xatırlayır:

«Beynəlxalq Bank əvvəllər də təminatı sağa-sola paylayırdı. Yadımdadır, VTB sədrinin müavini kimi, hüquq və risklərin idarə olunmasına nəzarət edirdim. İndi müflisləşmiş AZMECO o zaman bizim bankdan 20 milyon manat kredit istəmişdi. Mən etiraz etdim, şirkətsə bildirdi ki, Beynəlxalq Bankdan təminat məktubu gətirəcək. Mən «VTB Bank»dan getdim və bir il sonra iş elə gətirdi ki, ABB təminat verdiyi həmin məbləği ödəməli oldu. ABB, bax, belə şeylərə görə batdı».

XS
SM
MD
LG