Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:23

ABŞ-da koronavirusdan ölüm 800 minə çatır


Nyu Yorkda laboratoriya, arxiv fotosu
Nyu Yorkda laboratoriya, arxiv fotosu

“Omikron əvvəlki ştammların heç birində görmədiyimiz sürətlə yayılır”

Birləşmiş Ştatlarda COVID- 19-dan ölüm 800 mini keçib. Bu hesablamanı Cons Hopkins Universiteti aparır.

Prezident Co Bayden dekabrın 14-də bunu “faciəvi göstərici” adlandırıb, peyvənd olunmayanları vaksin vurdurmağa, olunanları isə buster doza qəbul etməyə çağırıb.

“Sağalmaq üçün xatırlamalıyıq. Eyni zamanda hərəkət etməliyik. Qışa doğru getdiyimiz və yeni ştammla üzləşdiyimiz bir vaxtda bu virusla birlikdə mübarizə aparmalıyıq”, – o deyib.

Dünya üzrə ölümlərin 15 faizi

Amerikalıların 200 milyona yaxını, yaxud əhalinin 62 faizi tam peyvəndlənib. Hazırda virusdan ölümlərin çoxu peyvənd olunmayanları əhatələyir.

Birləşmiş Ştatlarda dünya əhalisinin cəmi 4 faizi yaşayır, amma ölkələr üzrə ən yüksək ölüm göstəricisi onun payına düşür.

Dünyada koronavirusdan qeydə adlınmış 5.3 milyon ölümün 15 faizə qədəri Birləşmiş Ştatlara aiddir. Ancaq dünya üzrə ölü sayının daha yüksək olduğu güman edilir.

Adambaşına ölü sayına görə ABŞ 20-ci yerdədir. Birinci yerdə Peru, daha sonra Bolqarıstan, Bosniya və Herseqovina, Monteneqro və Macarıstan gəlir.

ABŞ-da xəstəliyin beşinci dalğası yayıldığı bir vaxtda yoluxma və ölüm artmaqdadır.

Omikron dominanta çevrilir

Bu arada yüksək yoluxucu Omikron ştamı dünyanı təşvişə salıb, bir neçə həftəyə dominant ştamma çevriləcəyi gözlənir.

“Omikron əvvəlki ştammların heç birində görmədiyimiz sürətlə yayılır”, – Dünya Səhiyyə Təşkilatının (DST) Baş direktoru Tedros Adhanom Gebreyesus dekabrın 14-də brifinqdə deyib.

İlkin məlumatlar Omikronun mövcud vaksinlərdən daha yaxşı yayındığını göstərir. Amma peyvəndin yenə də xəstəliyin ağırlaşmasından və ölümdən qoruduğu bildirilir.

Tedros deyib ki, ilkin əlamətlər Omikronun daha yüngül simptomlarla keçdiyini göstərsə də, bu ştammı “yüngül” deyib gözardı etmək olmaz.

“Omikron xəstələyi ağırlaşdırmır, amma yoluxmalarda kəskin artım yenə də hazırlıqsız səhiyyə sistemlərini yükləyə bilər”, – o deyib.

DST-nin fövqəladə hallar üzrə direktoru Mayk Ryan deyib ki, Omikrona yoluxmalar “bir neçə həftəyə” pik həddə çata bilər, artıq dünyanın bəzi yerlərində dominant Delta ştammını geridə qoyub.

XS
SM
MD
LG