Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:44

Baydenin böyük şirkətlər üçün vaksinasiya tələbi bloklandı


Arxiv fotosu
Arxiv fotosu

Hindistanda yoluxmaların gələn həftə pik həddə çatacağı gözlənir

Yanvarın 13-də ABŞ-ın Ali Məhkəməsi Prezident Co Baydenin böyük bizneslər üçün vaksinasiya tələbini bloklayıb. Məhkəmənin qərarında deyilir ki, bu qayda on milyonlarla amerikalının həyatına və səhhətinə qeyri-adekvat təsir göstərib.

100 və daha artıq əməkdaşı olan şirkətlərə aid edilən qayda Bayden administrasiyasının koronavirusun yayılmasına nəzarət işinin əsas komponenti sayılırdı. Vaksinasiyadan imtina edənlərin isə mütəmadi test olunmasına icazə verilirdi.

Əmək Departamenti oktyabrda qaydanı tətbiq edib, bir sıra ştatlar, biznes qrupları və fərdlər isə dərhal ona qarşı iddialar qaldırıblar. Tələbin 84 milyona yaxın özəl sektor işçisinə aid edildiyi bildirilir.

Tərəfdarlar və əleyhdarlar

Tələbə qarşı çıxan biznes qurumları bunu hakimiyyətin səlahiyyətini aşması, fərdlərin özəl tibb qərarlarına müdaxilə kimi dəyərləndiriblər.

Qayda tərəfdarları isə onu işçi və müştərilərin sağlamlığı ilə əlaqələndirirlər.

Bayden mühafizəkarların üstünlük təşkil etdiyi məhkəmənin qərarından məyusluğunu bildirib. O, ştatları və işə götürənləri özlərinin vaksinasiya tələblərini qoymağa çağırıb, bir çox böyük korporasiyanın artıq bunu etdiyini deyib.

Məhkəmə eyni qərarında federal büdcədən maliyyələşən tibb ocaqlarının əksər işçiləri üçün vaksinasiya tələbini qüvvədə saxlayıb. Bayden bu qərarın “həyatları xilas edəcəyini” bildirib.

Bu arada Birləşmiş Ştatlarda koronavirusun omikron ştammına yoluxmalar artmaqdadır.

Bayden altı ştatda xəstəxanalara daha çox hərbi tibb işçisinin göndərilməsinə göstəriş verib. O, hökumətin pulsuz maskalar paylayacağını, COVID-19 testlərinin alışını iki dəfə artıraraq 1 milyarda çatdıracağını söyləyib.

Avropa, Asiya

Digər ölkələrə gəlincə, İspaniya təcili koronavirus testlərinin qiymətini 3 avrodan da salacağını, buster doza proqramının yaşı 18-dən yuxarı hər kəsi əhatə edəcəyini bildirib. Ölkədə yoluxma sayı artsa da rəsmilər sürətin səngidiyini deyirlər.

Almaniyada yanvarın 13-də bir günə 81 mindən çox yoluxmanın aşkarlandığı açıqlanıb. Artıq 12-17 yaşlıların da buster doza vurulması tövsiyə olunur.

Britaniyada isə yanvarın 13-də 109 mindən çox yoluxma qeydə alınıb. Bu, bir gün öncəkindən 20 minədək yoluxma azdır.

Hindistanda yoluxmaların gələn həftə pik həddə çatacağı gözlənir. Yanvarın 13-də ölkədə maydan bəri ən çox yoluxma aşkarlanıb.

Yaponiya paytaxtı Tokioda son dörd ayın ən yüksək yoluxma səviyyəsi qeydə alınıb. Ekspertlər omikron ştammının ayın sonunadək gündəlik yoluxma sayını üç dəfə artıracağını deyirlər.

Dünya Səhiyyə Təşkilatı (DST) şərqi Aralıq dəniz regionunda yoluxmalarda “şokedici” artımı omikron ştammı ilə əlaqələndirir. DST rəsmisi bu regionda bəzi ölkələrdə vaksinasiya səviyyəsinin hələ də çox aşağı olmasıyla bağlı xəbərdarlıq edib.

XS
SM
MD
LG