Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:49

Aeroflot təyyarəsini təmir üçün İrana göndərib


Aeroflotun Airbus təyyarələrindən biri (Arxiv fotosu)
Aeroflotun Airbus təyyarələrindən biri (Arxiv fotosu)

Rusiyanın Aeroflot aviasiya şirkəti tarixində ilk dəfə olaraq sanksiyalara görə özünün Airbus A330-300 markalı təyyarəsini təmir üçün İrana göndərib.

Bu barədə mənbələrə istinadla məlumat verən RBK agentliyi bildirib ki, təyyarəyə İranın ən böyük aviasiya şirkəti Mahan Air-in texniki ekspertləri xidmət göstərəcəklər.

Xəbərə görə İran aviasiya şirkətinin mütəxəssisləri avialaynerin şassi dayaqlarına texniki xidmət edəcəklər.

Bundan əvvəl belə təmirlər üçün Aeroflot başqa provayderlərə, o cümlədən Honq Konqun müvafuiq şirkətlərinə müraciət edirdi.

Lakin Moskvanın Ukraynaya əsassız və səbəbsiz hücumuna görə onun üzərinə qoyulmuş sanksiyalarla Rusiya təyyarələrinə ehtiyat hissələrinin verilməsi və ya bu təyyarələrə texniki xidmət göstərilməsi qadağan olunub.

Mənbələrin verdiyi məlumata görə Aeroflot təyyarələrinə İranda texniki xidmət göstərilməsi üçün Tehranla bir neçə ay danışıqlarda olub.

Aeroflotun nümayəndələri iddia edirlər ki, Mahan Air şirkətinin təyyarələrə yüksək səviyyədə xidmət göstərilməsi üçün “zəruri maddi bazası, sertifikatları və böyük təcrübəsi var”.

Fransız mühərriki, ABŞ komponenti

Bundan əvvəl xəbər verilirdi ki, Rusiya aviasiya şirkətləri Rusiyanın yerli reyslərində Sukhoi Superjet təyyarələrinin uçuşlarını dayandıra bilərlər.

Buna səbəb təyyarə mühərriklərinin alışdırma şamlarının çatışmazlığıdır.

Ehtiyat hissələri isə ona görə tapılmır ki, Rusiya istehsalı Superjet təyyarələrinə Rusiya yox, Rusiya-Fransa mühərrikləri qoyulub və bu mühərriklərin alışdırma şamlarını isə ABŞ şirkəti istehsal edir.

Bu şamları hər min uçuşdan bir dəyişdirmək lazımdır.

Komplekt və ehtiyat hissələrin qıtlığı ilə Superjet təyyarələrinin ən böyük əməliyyatçısı olan Rossia aviaşirkəti də üzləşib. Şirkətin aviasiya parkında 76 belə təyyarə var.

Türkiyə xidmət göstərmir

Rusiyanın Ukraynaya hücumundan sonra xarici şirkətlər Rusiyanı yeni Airbus və Boeing təyyarələri ilə təchiz etməkdən imtina edirlər.

Prezident Vladimir Putinin göstərişi ilə Qərb lisenziyaçılarının təyyarələrini onlara qaytarmayıblar.

Söhbət Rusiya tərəfindən faktiki olaraq qanunsuz müsadirə edilmiş 595 təyyarədən gedir.

Belə bir şəraitdə Rusiyanın Sukhoi Superjet təyyarələrindən istifadədən başqa çıxış yolu qalmırdı.

Bundan başqa Türkiyənin Gömrük və Ticarət Nazirliyi Rusiyadan və Belarusdan olan 40-dək təyyarənin texniki xidmətini qadağan edib.

Türkiyənin belə bir qadağan qoymasını ABŞ-ın Ticarət Nazirliyi tələb etmişdi.

XS
SM
MD
LG