Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:51

Prezident Əliyev Qarabağ erməniləri ilə danışıqlar üçün şərtini açıqladı


Münhendə Cənubi Qafqazda təhlükəsizliklə bağlı müzakirələr.
Münhendə Cənubi Qafqazda təhlükəsizliklə bağlı müzakirələr.

Bakı Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyinin müzakirəsinə hazırdır, ancaq bir şərtlə ki, danışıqları Rusiyadan gəlmiş biznesmen Ruben Vardanyan aparmasın. Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də Münhendə Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ-nin dövlət katibi Entoni Blinkenlə (Anthony Blinken) üçtərəfli görüşdən sonra deyib. AzadlıqRadiosunun erməni xidməti (Azatutyun) görüşün Vaşinqtonun vasitəçiliyi ilə keçirildiyini yazır.

Əliyev, Paşinyan və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Münhendə Qafqazda təhlükəsizlik müzakirələrinə qatılıblar.

İki istiqamətdə anlaşma

Əliyev artıq razılaşmaların əldə olunduğunu deyib:

“Amerikalı və avropalı tərəfsaşlarımızla təmaslardan, eləcə də bu gün baş nazir Paşinyanla üçtərəfli görüşdən anladığım qədərilə, iki istiqamətdə yanaşmaların vacibliyi haqda ümumi anlaşma var: Ermənistan-Azərbaycan sülh danışıqları və Azərbaycanla Qarabağın erməni əhalisi arasında təmaslar. Beynəlxalq tərəfdaşlarımızla həmçinin Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi barədə danışıqlar üzrə razılaşmalar əldə olunub”.

Ancaq Əliyev özünü Qarabağın “dövlət naziri” adlandıran Ruben Vardanyanla danışıqları istisna edib, onun Qarabağa “kontrabanda yoluyla” yerləşdiyini deyib.

“Biz danışıqları aparmağa hazırıq, ancaq Qarabağda doğulan və orada yaşayan erməni icmasıyla, Rusiyadan göndərilən şəxslə deyil”, – Əliyev vurğulayıb.

“Azatutyun” yazır ki, İlham Əliyev “beynəlxalq tərəfdaşlarla razılaşmalar” deyəndə nəyi nəzərdə tutduğunu, Azərbaycanın Qarabağdakı ermənilərlə beynəlxalq mexanizm çərçivəsində danışıq aparmağa hazır olub-olmadığını açıqlamayıb. Çünki Əliyev daha öncə Qarabağı Azərbaycanın daxili işi adlandırır, vasitəçiliyi rədd edirdi. Prezident deyirdi ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, Azərbaycan Konstitusiyası çərçivəsində təhlükəsizlik və hüquqlardan, eləcə də dil və mədəniyyət imtiyazlarından bəhrələnə bilərlər.

“Vardanyan getməlidir”

Əliyevin sözlərinə görə, dövlət katibi Blinkenin iştirakıyla keçirilən görüşdə təminat verib ki, Azərbaycan Qarabağdakı erməni icmasıyla praktiki kontaktlara başlamağa hazırdır, ancaq bir daha şərtini dilə gətirib: “kriminal oliqarx” Ruben Vardanyan Qarabağdan getməlidir.

Prezident Əliyev daha öncə də Vardanyanın Moskvadan xüsusi missiya ilə göndərildiyini və onunla heç bir danışıqlar aparılmayacağını bəyan edib.

Bir sıra Qərb şərhçiləri Vardanyanın Rusiya Prezidenti Vladimir “Putinin adamı” olduğunu deyirlər. Onların fikrincə, Vardanyan Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını və Qarabağda tənzimlənməni pozmaq tapşırığı ilə gəlib.

Türkiyəylə Ermənistanın barış yönündə addımlarına necə baxırsız? - Bakıda sorğu
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Rusiyanın vasitəçiliyi ilə döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG