Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:43

Amnesty International Əfqan Muxtarlıya görə Bakını və Tbilisini ittiham edir


Amnesty İnternational insan haqları təşkilatı mayın 29-da Tbilisidə “yoxa çıxmış” və sonradan Azərbaycana gətirildiyi xəbər verilmiş təhqiqat jurnalisti Əfqan Muxtarlının həyatından narahatlıq ifadə edən bəyanaytla çıxış edib.

Təşkilatın yaydığı bəyanatda bildirilir ki, Əfqan Muxtarlı Azərbaycan prezidenti İlham Əliyevin iddia edilən korrupsiya əlaqələrini araşdırması ilə bağlı məruz qaldığı təhlükəyə görə 2015-ci ildən Gürcüstana könüllü sürgünə getmişdi.

Levan Asatiani
Levan Asatiani

Amnesty International təşkilatının Cənubi Qafqaz üzrə nümayəndəsi Levan Asatiani deyib ki, bu olay “uzun müddətdir, jurnalistlər və insan haqları fəalları üzərinə hücumları ilə tanınan ölkədə hadisələrin dərindən vahiməli inkişafı” hesab olunmalıdır.

“Əfqan Muxtarlı dərhal və qeyd-şərtsiz azad edilməli və işgəncə və ya hər hansı başqa pis rəftardan müdafiə olunmalıdır. O yalnız jurnalist kimi işinə görə həbs edilmiş vicdan məhbusudur” – deyib hazırda Tbilisidə olan Asatiani.

Təşkilatın verdiyi məlumatda qeyd olunur ki, Əfqan Muxtarlı qısa müddət ərzində vəkili ilə görüşə bilib və ona Tbilisidə mülki geyimli şəxslər tərəfindən oğurlandığını, bərk döyüldüyünü və iki dəfə dəyişdirilən maşınlarla Azərbaycan sərhədinə gətirildiyini, habelə cibinə 10 min avro pul qoyulduğunu bildirib.

Levan Asatiani deyib ki, “belə görünür, Əfqan Muxtarlının oğurlanması və zorla Azəbaycana aparılmasında Gürcüstanın hakimiyyət orqanları da iştirak ediblər”.

Muxtarlının ailəsi Amnesty İnternational təşkilatına bildirib ki, jurnalist Tbilisidə azərbaycandilli şəxslər tərəfindən izləndiyini hiss etdiyini deyirmiş.

“Gürcüstan baş verənləri dərhal və tərəfsiz qaydada təhqiq etməli və bu rəzil əməliyyatda iştirak edənlərin hamısını məsuliyyətə cəlb etməlidir” – deyib Levan Asatiani.

XS
SM
MD
LG