Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:42

Ata Abdullayev keçmiş MTN işçisini də şantaj etməkdə suçlanır


Ata Abdullayev
Ata Abdullayev

Özünü videobloqer kimi təqdim edən Ata Abdullayevin hədə-qorxu ilə pul tələb etdiyi iddia olunan şəxslər arasında keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı da var. Bu, oktyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində Abdullayevin işinə baxılarkən məlum olub.

Keçmiş MTN əməkdaşı Elçin Əliyev deyir ki, Sabunçu rayonu ərazisində torpaq sahəsi var, orada tikinti ilə məşğuldur. Onun sözlərinə görə, yanvarın əvvəlində Abdullayev əraziyə gəlib, çəkiliş aparıb, onu ağacları kəsməkdə, qanunsuz tikinti aparmaqda suçlayıb: "Əraziyə gedəndə gördüm ki, oradadır. Dedi ki, ya 15 min manat pul verəcəksən, ya da bunu yayıb, camaatı üstünə qaldıracağam. Dedim ki, get, nə istəyirsən, elə. Fevralın 3-də yenidən gəldi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də xəbər vermişdi, oradan da nümayəndə gəlmişdi. Eşitdim ki, canlı yayım eləyib, orada mənim ünvanıma təhqirlər səsləndirib. Mənə dedi ki, hələ bu nədir, sən bundan sonra görəcəksən...".

"Göydə Allah, yerdə də onlar məni qoruyurlar"

Əliyev fevralın sonunda vaxtilə işlədiyi quruma şikayət edib. O, hadisədən təxminən bir ay keçəndən sonra şikayətçi olmasını isə səhhətindəki problemlərlə izah edib. Zərərçəkmişin sözlərinə görə, fevralın 3-də Abdullayev əraziyə gələndə xəstəxanada idi, oradan təcili çıxıb gəlib və sonra geri qayıdıb, fevralın 16-na qədər orada qalıb.

Bu zərərçəkmişin vaxtilə MTN-də işlədiyini Abdullayev məhkəmədə dilə gətirib: "Allah DTX-nın bütün işçilərini qorusun. Göydə Allah, yerdə də onlar məni qoruyurlar. DTX məni tutandan özümə gələ bilmirəm. Mən özüm bilirəm orada işləmək nə deməkdi. Mənim indiyə qədər 2 minə qədər videoçəkilişim olub. Restoranlar, obyektlər çəkmişəm ki, 5-10 milyon qiyməti var. Dünyanın 78 ölkəsində olmuşam. Ən mafioz ölkələrdə də küçədə açıq şəkildə 15 min istəmirlər...".

Abdullayev zərərçəkmişdən ondan pul tələb olunmasını təsdiqləyən sübut – səs yazısı, videogörüntü tələb edib. O bildirib ki, fakt yoxdursa, deməli, ittiham əsassızdır.

"Bir ay obyekt işləmədi"

Daha bir zərərçəkmiş Cəmil Babayev deyir ki, Abdullayev ondan 7 min manat pul tələb edib. Onun sözlərinə görə, sahibi olduğu obyektin qarşısındakı ağac axşam saatlarında maşının üstünə aşmışdı. Bu barədə uyğun dövlət qurumlarına məlumat verib. Ertəsi gün o qurumların əməkdaşlarıyla yanaşı, Abdullayev də hadisə yerinə gəlib: "Mənə deyirdi ki, ağacı sən kəsmisən. Əlində telefonu tutub, məni göstərib deyir ki, "baxın, pulları var, hər şey eləyirlər". Ondan sonra müxtəlif idarələrdən gəldilər, bir ay obyekt işləmədi. Nə qədər orqanlara çağırdılar. Get, gözlə, izah elə... Azərbaycanda günahsız olduğunu sübut eləmək çətindir. Nə qədər vaxtım getdi...".

Hər iki zərərçəkmiş Abdullayevdən şikayətçi olduqlarını vurğulayıb, ona veriləcək cəzanı isə məhkəmənin səlahiyyətinə buraxıb.

Daha bir zərərçəkmiş – Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənov isə xəstəliyi ilə əlaqədar məhkəməyə gələ bilməyəcəyi haqda məktub göndərib.

Xatırlatma

İndiyədək bir sıra qalmaqallarda adı keçən Ata Abdullayev martın 12-də DTX əməkdaşları tərəfindən saxlanıb. Onun ittiham olunduğu CM-nin 182-ci maddəsində 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Abdullayev bundan öncə də onlayn oğurluğa görə MTN əməkdaşları tərəfindən saxlanmış, son nəticədə ona şərti cəza verilmişdi.

XS
SM
MD
LG