Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:45

Avropadan deport edilən: 'Qışda Kürdəxanı soyuq olur'


Readmissiya ilə Azərbaycana dönənləri nə gözləyir?
Gözlə

No media source currently available

0:00 0:05:25 0:00

Readmissiya ilə Azərbaycana dönənləri nə gözləyir?

"Avropadan deport edilənlərin kiçik səhvini güdürlər ki, həbs etsinlər".

"Qışda Kürdəxanı (təcridxanası) soyuq olur, ona görə susuram".

"Deportasiya edilənlərə vətən xaini kimi baxırlar, danışan kimi də türmənin yerini göstərirlər".

Bu giley-güzarı son bir ildə Avropadan deportasiya edilən azərbaycanlılar dilə gətirirlər. AzadlıqRadiosunun əlaqə saxladığı şəxslərin əksəriyyəti mümkün həbs təhlükəsini əsas gətirərək susmağı seçiblər. Yalnız bir nəfər sualları adının anonim saxlanması şərti ilə cavablandırıb.

Almaniyadan Azərbaycanın ucqar kəndinə

A.Ə. 2022-ci ilin fevralında "Azərbaycan Respublikası ilə Avropa İttifaqı (Aİ) arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş əsasında Almaniyadan Azərbaycana qaytarılıb. Readmissiya dedikdə bu saziş üzrə razılığa gələn dövlətlərdən birinin ərazisinə qeyri-qanuni daxil olduğu, qaldığı, yaşadığı aşkarlanan şəxslərin mənşə dövlətinə geri qaytarılması nəzərdə tutulur.

"Atam, babam qatı müxalifətçi idi deyə, uzun illər Azərbaycanda iş tapa bilmirdim. İxtisasım İT mütəxəssisi idi, amma ya ofisiant işləyirdim, ya da nəzarətçi. Sevdiyim qız ilə nikah bağlayandan sonra ölkədən getmək qərarına gəldik. Almaniyaya müraciət elədik, 3 il əvvəl orada yaşamağa başladıq. Xoş günlərimiz vardı, ta ki bu ilin əvvəlinə kimi", – deyən 30 yaşlı A.Ə. Almaniyada qanunsuz yaşamadığını iddia edir.

O, digər azərbaycanlılarla kiçik evdə qaldığını, alman dili kursuna gedərək dil öyrəndiyini söyləyir: "Almaniya şirkətlərinin biri ilə əməkdaşlığa başladım, yaxşı qazancım vardı. Yoldaşım isə bir ingilis ailəsində dayəlik edirdi. Özümüzə ev tutduq. Bütün siyasi proseslərdən uzaq qalırdım. Bir gün Azərbaycanda keçirilən bir etiraz aksiyası haqda bir neçə paylaşım etdim. Bilməzdim ki, bu paylaşım rahat günlərimin sonunu gətirəcək".

Həbs qorxusu belə yarandı

A.Ə. deyir ki, onlayn işlədiyi günlərdən birində qapı döyülüb və polis bölməsinə aparılıb. O, sənədlərinin qaydasında olduğunu, bir həftə içərisində, guya, sənədlərində nöqsan tapıldığını və beləliklə də Bakıya qaytarıldığını söyləyir. "Yeni ildə qurduğumuz yolkanı hələ sökməyə vaxt etməmişdik, elə əşyalarımızın çoxu da orada qaldı. Bakıya dönəndə hava limanında bizi sorğu-sual etdilər, ən çox həyat yoldaşım üçün qorxurdum. "Gedə bilərsiniz" sözlərini eşidəndə təəccübləndik. Yəqin, həbs edilənlərin siyahısına salınmamağımın səbəbi aktiv siyasi fəaliyyətdən uzaq qalmağım olub", – o bildirib.

Adaptasiya problemləri

"Bir dəfə paylaşım etdim, deport olundum, bundan sonra başımı aşağı salıb işimi görəcəyəm", - deyən A.Ə əlavə edir ki, Azərbaycana qayıtdıqdan sonra maddi və mənəvi adaptasiya problemləri ilə üzləşib. Almaniyaya getməzdən öncə Bakıda yaşayan müsahibimiz deportasiya ediləndən sonra həyatına başqa bölgədə davam edib. O, indi ucqar dağ kəndlərinin birində qoyun-quzu saxlayıb, tərəvəz əkərək dolanır. Almaniyada qazandığı pulun dörd dəfə azını qazansa da, iki nəfərlik ailəsini saxlamağa çalışdığını deyir, ucqar kənddə yaşamasını isə hər şeydən uzaq qalmaq istəyi ilə əlaqələndirir. Ancaq əlavə edir ki, hər səhər yuxudan oyananda "Samir Aşurov kimi mən də, biz də həbs olunarıqmı" fikri beynindən keçir, həbs qorxusu canından çıxmır.

Deportasiya və həbs

Müsahibimizin adını çəkdiyi Samir Aşurov bu il martın 28-də Almaniyadan Bakıya qaytarılıb, aprelin 19-da isə xuliqanlıqda ittiham olunaraq həbs edilib. Tanışları onun cəzalandırılmasının səbəbini Azərbaycan hökumətini tənqid etməsi, siyasi məhbuslara azadlıq tələbi ilə Almaniyada keçirilən etiraz aksiyalarında fəal iştirakı ilə əlaqələndirir.

Son bir il ərzində Almaniyadan deportasiya edilən ictimai-siyasi fəallardan altı nəfər həbs edilib. Onların əksəriyyətinə narkotik, birinə isə bədənə xəsarət yetirmə ittihamı verilib. Həbs olunanlar, əsasən, Azərbaycanda insan haqlarının pozulması, siyasi məhbuslarla bağlı Almaniyada keçirilən etiraz aksiyalarında iştirak edən şəxslərdir. Azərbaycan hakimiyyəti ölkədə siyasi motivli həbslərin olmadığını deyir.

Bu il Avropa ölkələrindən təxminən 350 nəfər readmissiya olunub. Rəsmi məlumata görə, 2014-ci ildə Aİ ilə saziş imzalanan gündən indiyə qədər 2013 nəfərin readmissiyası baş tutub.

Deportasiya edilənlərə necə yardım edilir

Readmisiya edilənlərin ehtiyaclarının ödənilməsi üçün hələ 2016-cı ildə Nazirlər Kabinetinin qərarı ilə Reinteqrasiya üzrə İşçi Qrup yaradılıb. Onlar barəsində hava limanında anket doldurulmalı, onların nəyə ehtiyacı olduğu yerindəcə qeyd edilməlidir.

2019-cu ildə gerçəkləşdirilən bir layihə çərçivəsində 102 şəxsin iş, təhsil və yaşayış təminatları istiqamətində yardım edildiyi, sənədlərin verilməsində dəstək göstərildiyi açıqlanıb. Lakin Dövlət Miqrasiya Xidməti bu insanların sosial təminatı ilə bağlı detallı məlumatlar açıqlamayıb. Xidmət AzadlıqRadiosunun bu haqda sorğusunu, hələlik, cavablandırmayıb.

Ötən il Almaniyanın Düsseldorf şəhərindən üç övladı ilə birlikdə deportasiya edilən jurnalist Röya Rəfili Facebook səhifəsində yazırdı ki, nə mənzillə təmin edilib, nə də iş tapmağı asanlaşdırılıb. Jurnalist Almaniyada doğulmuş övladının sənədlərini 9 ay get-gəldən sonra ala bildiyini deyirdi.

Hüquq müdafiəçisi Rəsul Cəfərov isə AzadlıqRadiosuna bildirib ki, deportasiya olunanlara hər hansı xüsusi yardımdan söhbət getmir, onların bütün vətəndaşlara aid sosial, humanitar hüquqlarla təmin edilməlidir: "Xaricdən gətirilən hər hansı şəxs işsizdirsə, onun iş tapmasına, xəstədirsə, müalicə olunmasına yardım edilməlidir. Xaricdən deportasiya olunanların burada işgəncə görmə ehtimalı varsa, hansı ölkədən gətirilibsə, oranın diqqətində olmalıdır. Məsələn, Almaniyadan gətirilən adam burada təzyiq ilə rastlaşıbsa, Almaniya hökuməti məsələyə dərhal reaksiya verməlidir".

"Almaniyada padşah, Azərbaycanda kölə"

A.Ə. deyir ki, deportasiya olunandan sonra təzyiq görməsə də, gəliri azalıb, rahatlığı pozulub.

"Mən də, deport edilən üç dostum da Almaniyada padşah kimi yaşayırdıq. Həm işləyir, həm həyatdan zövq alırdıq. İndi isə köləyik, bütün günü işləyirik. Naşükürlük etmək istəmirəm, ac qalmırıq. Amma xoşbəxt deyilik, təkcə həbsə düşməməyimizə sevinirik. Bu sevinci də müvəqqəti sayırıq. Kənddə yaşayıb işləmək çətindir, amma qorxumdan burada qalıram".

A.Ə. daxil olmaqla, AzadlıqRadiosunun söhbətləşdiyi deportasiya olunanların çoxu bir gün yenidən ölkəni tərk etmək ümidi ilə yaşadıqlarını deyirlər.

XS
SM
MD
LG