Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:44

Talibanın qadınlara məhdudiyyətlərinə baxmayaraq, Aİ Əfqanıstana yardımı davam etdirir


Qəndəharda burqa geyinmiş əfqan qadınlar.
Qəndəharda burqa geyinmiş əfqan qadınlar.

Əfqanıstan Avropa İttifaqından (Aİ) ən çox humanitar yardım alan ölkələr sırasındadır. Bunu Aİ rəsmiləri avqustun 27-də bildirib. Bundan bir gün öncə isə blok Talibanın başçılıq etdiyi hökumətin qadınların həyatını daha da çətinləşdirən fərmanından dəhşətə gəldiyini bildirmişdi.

Aİ bu il Əfqanıstana 125 milyon avroluq (139 milyon dollar) humanitar yardım göstərib. Avropa Komissiyasının büdcə, insan resursları, humanitar yardım, böhranların idarə olunması üzrə sözçüsü Balaj Uyvari komissiyanın Brüsseldə keçirdiyi mətbuat üçün brifinqdə danışıb.

Aİ yardımı necə izah edir

Klassik yardım paylanmasından savayı, Aİ 2021-ci ildən bəri min 600 ton yardım üçün 35 "hava körpüsü" uçuşları təşkil edib.

"Bu onu göstərir ki, fərqli ərazilərdə davam edən çətinlikləri yüngülləşdirmək üçün müxtəlif humanitar və mülki-müdafiə alətlərindən istifadə edirik", – Uyvari söyləyib.

Avropa Komissiyasının baş sözçüsü Erik Mamer əlavə edib ki, Aİ humanitar yardım paylayanda hökumətlə deyil, tərəfdaş qurumlarla işləyir.

Aİ-nin xarici siyasət rəhbəri Jozep Borrelin sözçüsü Nabila Massrali deyib ki, Aİ avqustun 26-da Talibanın "Fəzilətin təbliği və pisliyin önlənməsi" Qanununa çevik reaksiya verib. Amma sözçü Talibanla əlaqələrin saxlanmasını da müdafiə edib.

"Talibanla işləməyə gəlincə, biz əlaqəni saxlayırıq... Aİ-nin siyasi prioritetləri üçün dialoqa imkan yaradır, Aİ-nin əfqan xalqına dəstəyini təmin edirik, bu, çox vacibdir. Aİ-nin Talibanla işləməsi onun legitimliyinin tanınması demək deyil", – sözçü bildirib.

Talibanın fərmanının hədəfi

Aİ avqustun 26-da verdiyi bəyanatda sözügedən fərmanı əfqan qadın və qızlarının hüquqlarına ciddi zərbə adlandırıb, ona dözümlü yanaşmayacağını söyləyib.

Sözügedən fərman qadınların geyimlərinə əlavə məhdudiyyətlər nəzərdə tutur, deyilir ki, ictimaiyyət arasında qadınların səsi çıxmamalıdır. "Bu, əfqan qadınları fundamental ifadə azadlığı hüququndan məhrum edir", – Aİ-nin bəyanatında deyilir.

Taliban fərmanı "Həmid Kərzai" Beynəlxalq Aeroportunda intiharçı hücumun üçüncü ildönümündə verib. ABŞ-nin Əfqanıstandan xaotik şəkildə çıxması zamanı törədilən hücumda 13 amerikalı hərbçi, xeyli sayda əfqan öldürülüb.

Taliban qruplaşması 2021-ci ilin avqustunda, ABŞ qüvvələri çıxar-çıxmaz Kabildə hakimiyyəti ələ alıb.

XS
SM
MD
LG