Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:49

Ermənistandakı Aİ missiyası Bakıda ofis açmaq istəyir [Müsahibə]


'Sərhəddə Azərbaycan ordusunun bizi hədəfə aldığını hiss etmədik'
Gözlə

No media source currently available

0:00 0:19:19 0:00

'Sərhəddə Azərbaycan ordusunun bizi hədəfə aldığını hiss etmədik'

"Biz hələ də çalışırıq ki, Azərbaycan rəsmiləri ilə birbaşa təmas quraq. İdealda missiyanın bir məqsədi də Azərbaycanla birbaşa təmas qurmaq və Bakıda əlaqə ofisi açmaqdır" - AzadlıqRadiosunun Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki missiyasının rəhbəri Markus Ritter ilə müsahibəsi.

- Cənab Ritter, sərhəddəki son insidentdən başlamaq istərdim. Əvvəlcə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Twitter-də yazdı ki, Avropa İttifaqının missiyası Azərbaycan silahlı qüvvələrinin hücumuna məruz qalıb. Sizin Twitter-dəki son açıqlamanızda isə deyilir ki, missiya atışmanın şahidi olub. Əslində nə baş verib? Missiya hədəf olubmu?

- Həmin gün sərhədin yaxınlığında müşahidə aparırdıq, atışma səsi eşitdik, atışmanın şahidi olduq. Amma biz hədəf olduğumuzu və təhlükədə olduğumuzu hiss etmədik.

- Bəs Sizcə, Avropa İttifaqı missiyası üçün bölgədə hər hansı təhlükəsizlik problemi varmı?

- Bu missiyanın başlanğıcından biz öz ekspedisiyamız barədə bir həftə əvvəl xəbərdarlıq edirik. Avropa İttifaqının xüsusi nümayəndəsinə xəbər veririk ki, onlar Azərbaycan tərəfinə desinlər ki, biz bir neçə gün sonra harada olacağıq. Hələ ki, bu iş metodu səmərəlidir. Biz heç vaxt təhlükə və ya hədə ilə qarşılaşmamışıq. Bizim müşahidəçilərdə elə bir hiss yoxdur ki, onlar hər hansı tərəfdən təhlükədədirlər.

- Missiya bu atışma məsələsi ilə bağlı Twitter-də düzəliş etdi. Siz niyə bu düzəlişə ehtiyac gördünüz?

- Çünki bizim üçün, Avropa İttifaqı üçün bu, böyük fərq edir- Müşahidə Missiyası hədəfə alınıb, yoxsa missiya sərhəddə atışmanı müşahidə edib, şahidi olub? Bu, Aİ-nin atışmanı müşahidə etməsi hadisəsi idi.

- Bu hadisədən sonra Azərbaycanda hakimiyyətə yaxın olan mediada belə bir məqalə oxudum ki, bu cür yanlış məlumatlar yaymaqla Ermənistan tərəfi Avropa İttifaqından sui-istifadə edir. Bu haqda nə deyə bilərsiniz?

- Mən Azərbaycan mediasının yazdığına münasibət bildirə bilmərəm. Onu deyə bilərəm ki, tərəflərdən heç biri bizdən sui-istifadə etmir.

- Bu ilin əvvəlində Prezident İlham Əliyev öz çıxışında bildirib ki, Avropa İttifaqı missiyanın müddətini uzatmaqla əslində manipulyasiya edib. Çünki ilk missiya iki aylığına razılaşdırılmışdı. Amma müddətin uzadılmasını Aİ Azərbaycanla razılaşdırmayıb. Bu, belədirmi?

- Mənim missiyam ötən ilin dekabrı-bu ilin əvvəlində razılaşdırılıb. İlk başdan bəlli idi ki, 103 beynəlxalq işçimiz olacaq, 35 yerli nümayəndəmiz isə altı fəaliyyət bazamızda fəaliyyət göstərəcək. Bu bazalardan dördü artıq açılıb, qalan ikisini də açırıq. Bu, bizim mandatımızda yazılıb. Müvəqqəti missiyanın mandatının uzadılması heç vaxt nəzərdə tutulmayıb. Biz mandatımız çərçivəsində hərəkət edirik və bu, 2025-ci ilin fevralına qədər davam edəcək.

Aİ-nin Ermənistandakı missiyasının rəhbəri Markus Ritter və Aİ-nin Ermənistandakı səfiri Andrea Viktorin Sisian aerodromunda
Aİ-nin Ermənistandakı missiyasının rəhbəri Markus Ritter və Aİ-nin Ermənistandakı səfiri Andrea Viktorin Sisian aerodromunda

- Cənab Ritter, bir dəqiqləşdirmə aparım: Birinci missiya iki aylıq idi. Həmin missiya Azərbaycanla əməkdaşlığa razılaşmışdı. Düz deyirəmmi?

- Birinci missiya qısa müddətdə hazırlanmışdı. Praqada, Avropa İttifaqının sammitində belə bir razılaşma olmuşdu. Bu, sərhədboyu gərginliyi mümkün qədər tez azaltmaq məqsədi daşıyırdı. Bu müvəqqəti missiya müşahidəçilər ilə qonşu ölkədən- Gürcüstandakı Avropa İttifaqının missiyasından gətirilmiş avadanlıqlardan ibarət idi. Daha sonra Ermənistan hökumətinin xahişi ilə daimi missiyanın gətirilməsi qərarı verildi.

- Belə başa düşdüm ki, əvvəlki missiyanın müddəti uzadılmadı, o, müvəqqəti idi, bu isə daimi, uzunmüddətli missiya idi.

- Bəli, bu, yeni missiyadır, bu ilin fevralında fəaliyyətə başlayıb. Mən də bu mülki missiyanın rəhbəri kimi həmin vaxt fəaliyyətə başlamışam. Bu, öz mandatı olan yeni missiyadır.

- Bu yeni missiyanın göndərilməsi, Azərbaycanla, prezident Əliyevlə müzakirə olunubmu?

- Mən bu suala cavab verə bilmərəm. Bu qərar Brüsseldə verilib. Amma bilirəm ki, Avropa institutlarının həm Azərbaycanla, həm də Ermənistanla yaxın təmasları var.

- Maraqlıdır ki, birinci missiyanın Azərbaycanla əməkdaşlıq etdiyi bildirilirdi. Bəs Azərbaycana sizin missiya ilə əməkdaşlıq təklif olunubmu?

- Bəli, planlaşdırmanın ilk mərhələsində Azərbaycana bu təklif edilib. Biz hələ də çalışırıq ki, Azərbaycan rəsmiləri ilə birbaşa təmas quraq. İdealda missiyanın bir məqsədi də Azərbaycanla birbaşa təmas qurmaq və Bakıda əlaqə ofisi açmaqdır.

- Yəni, Ermənistandakı missiya Bakıda ofis açmaq istəyir?

- Bəli, əgər mümkün olsa.

- Siz bunu Azərbaycana təklif etmisinizmi?

- Mən şəxsən özüm yox, amma Avropa institutları bunu edib. Avropa İttifaqı da, mən şəxsən özüm də istəyərəm ki, Azərbaycandakı rəsmilərdən biri ilə görüşüm, bizim buradakı işimizi izah edim, gələcək planlarımızdan danışım.

- Bakıdan bir cavab gəlibmi?

- Xüsusi nümayəndənin ofisi ilə müzakirəmiz belə olmuşdu ki, mən Bakıya dəvət alım, müzakirələr aparım, amma hələ ki dəvət almamışam.

- Bakı imtina cavabı verib, yoxsa, ümumiyyətlə, cavab verməyib?

- Sadəcə onu deyə bilərəm ki, hələ ki hər hansı bir dəvət almamışam Bakıya səfərlə bağlı.

Aİ missiyası sərhəddə
Aİ missiyası sərhəddə

- Əgər Bakıya səfər edə bilsəniz, bu, sülh prosesinə hansı formada təsir edə bilər?

- Bizim mandatımız sərhəd boyunca gərginliyi azaltmaq, tərəfsiz olmaq, insidentlərin sayını azaltmaq, regionda Avropa İttifaqının təmsilçisi olmaqdır. Avropa İttifaqı sülh danışıqlarını, sülh prosesini dəstəkləyir. Əgər sən ancaq bir tərəflə danışırsansa, tərəfsizliyi qorumaq daha çox səy tələb edir. Təbii ki, əgər insidentlərdən sonra mən Azərbaycan tərəfi ilə danışa bilsəm, əhvalatı onların da dilindən eşitsəm, daha yaxşı olar. Hazırda biz nə isə görsək, müşahidə etsək, yalnız Ermənistan tərəfdən cavab eşidirik. Bu da işimizi çətinləşdirir. Azərbaycanın da səsini eşitsək, yaxşı olardı.

- Amma missiya Azərbaycana məlumat da göndərir, məlumatlandırır, elə deyilmi? Ümumiyyətlə, hazırda sizin Azərbaycanla əməkdaşlığınız nədən ibarətdir?

- Yeganə əməkdaşlığımız bundan ibarətdir ki, bir həftə əvvəldən Brüsselə - Avropa İttifaqının xüsusi nümayəndəliyinə Ermənistan Müdafiə Nazirliyi və sərhəd mühafizəçilərinin müşayiəti ilə ekspedisiyamız barədə məlumat göndəririk. Məqsəd odur ki, yanlış anlaşılma olmasın, Azərbaycan tərəfi əvvəlcədən bilsin ki, biz hara gedirik. Hər iki tərəf üçün heç bir sürpriz olmasın. Əgər biz sərhəddəyiksə ya açıq sahədə dururuq, ya da hündür bir yerdə. Məqsəd də odur ki, hər iki tərəf bizim gəlişimizdən xəbərdar olsun. Bizim işarələnmiş avtomobilimiz var, üstündən Avropa İttifaqı bayrağını asmışıq. Biz heç yerdə gizlənmirik, bu, bizim üçün həm də etimad yaratmaq üçün lazımdır.

- Bir məqamı da dəqiqləşdirmək istərdim - Azərbaycan indiki missiya ilə əməkdaşlıqdan imtina edib, bəs əvvəlki iki aylıq missiya ilə əməkdaşlıq nədən ibarət idi? Mən bu fərqi başa düşmək istərdim.

- Məncə, elə bir ciddi praktiki fərq yoxdur. Hazırda mövcud olan qaydaları elə mən əvvəlki missiyadan təhvil almışam. İndikindən fərqli bir əməkdaşlıq mövcud olmayıb. Amma tərəflər arasında heç vaxt birbaşa təmas olmayıb.

- Bəs onda Azərbaycanla münasibətdə əvvəlki missiya ilə indiki missiyanın fərqi nədir ki?

- Bizim üçün elə bir fərqi yoxdur. Elan edilmişdi ki, əməkdaşlıq olacaq və missiyanın fəaliyyətinə imkan yaradılacaq. Sonra da dedilər ki, yeni missiya üçün əməkdaşlıqdan vaz keçirlər. Amma praktiki olaraq bizim üçün dəyişən bir şey yoxdur.

- Cənab Ritter, bizə bir az sərhəddəki işinizi təsvir edə bilərsinizmi? Twitter-də bəzən sizin sərhəd kəndlərində yaşayanlarla fotolarınızı da görürəm.

- Biz gizli heç nə etmirik. Bizim iki tip patrulumuz var. Birincisi Azərbaycanla sərhəd boyunca müşahidə edir və hələ sərhəd müəyyənləşdirilməmiş hissədə müşahidə aparır. Müşayiət olunan səfərlərimiz barədə bir həftə əvvəldən məlumat veririk. Bəzi patrulları Ermənistan hərbçiləri müşayiət edir, amma çoxlu patrul da var ki, onları heç kim müşayiət etmir. Müşayiətsiz patrullar haqda məlumat vermirik. Biz müşahidə aparırıq, foto çəkirik, müqayisə edirik ki, ötəndəfəki səfərimizdən sonra istehkamlarda hər hansı dəyişiklik varmı. Sonra bu hesabatları Brüsselə göndəririk. İkinci tip patrul isə münaqişədən hansısa formada təsirlənmiş kəndləri, fermaları ziyarət edir. Biz müəllimlərlə, keşişlərlə, sadə adamlarla danışırıq görək onlar nə hisslər keçirirlər, necə görürlər durumu. Brüssel üçün bu hesabatlar vacibdir ki, onlar bilsin ki, durum necədir. Texniki təchizat kimi isə binokllar və kameralardan istifadə edirik.

Aİ-nin Ermənistandakı missiyası Yeqnadzorda yeni qərargahının açılışını edir
Aİ-nin Ermənistandakı missiyası Yeqnadzorda yeni qərargahının açılışını edir

- İlin əvvəlində Rusiya Xarici İşlər naziri Sergey Lavrov dedi ki, bu missiya səmərəli olmayacaq, əksinə, heç bir səmərə verməyəcək, çünki Azərbaycan buna qarşıdır. Bəs ötən müddət ərzində zaman nə göstərdi? Missiya səmərəli oldumu?

- Fevralın 23-dən indiyə qədər 650 ekspedisiya keçirmişik. Biz əvvəllər insidentlərin baş verdiyi yerlərdə olmuşuq, Brüsselə məlumat vermişik. İnanırıq ki, sərhəddəki insidentlərin sayının azalmasına töhfə vermişik. Biz gələndən sonra bölgədəki əhali özünü daha təhlükəsiz hiss edir. Ən azından Brüssel sülh danışıqlarına daha çox hazırlıqlı olub. Çünki biz ora eşidib gördüklərimizi ötürürük.

- Bəs Azərbaycan əməkdaşlıq etmiş olsaydı, missiyanın hansı nəticələrə sahib olmuş olardı?

- Məsələn, ötən həftə baş verən insident. Biz bunun şahidi olduq. Yaxşı olardı ki, biz hər iki tərəfdən soruşardıq ki, nə baş verib, niyə baş verib və bu cavabı da Brüsselə göndərərdik. Hələ ki, biz gördüklərimizi, təsdiqləyə bildiklərimizi və erməni tərəfi ilə söhbətimizdən çıxardığımız nəticəni hesabatlara salırıq.

- İlham Əliyev deyir ki, Azərbaycan ona görə əməkdaşlıq etmir ki, Avropa İttifaqı manipulyasiya edib. Bəs sizin versiyanız nədir? Azərbaycan niyə əməkdaşlıq etməsin ki?

- Əlbəttə ki, biz manipulyasiya etmirik və biz öz bəyanatlarımızda çox ehtiyatlıyıq. Biz sadəcə olaraq öz hesabatlarımızı Brüsselə göndəririk. Nə Ermənistan, nə Azərbaycan tərəfi bu hesabatları alır. Manipulyasiya üçün heç bir imkan yoxdur və bu hesabatlar Brüssel, üzv dövlətlər tərəfindən nəzərdən keçirilir, sülh danışıqları üçün istifadə olunur. Odur ki, mən burda manipulyasiya üçün yer görmürəm.

- İcazə verin aydınlaşdırım ki, prezident "manipulyasiya" deyəndə missiyanın fəaliyyətini yox, yeni missiya haqda verilən qərarı nəzərdə tutmuşdu.

- Mən bilmirəm Azərbaycan niyə əməkdaşlıq etmir, çünki heç vaxt Azərbaycan tərəfi ilə danışmıram. Sizə onu deyə bilərəm ki, mən bura gələndə artıq bütün qərarlar verilmişdi. Mən missiyaya gələnə qədər Bakı özünün əməkdaşlıq etməmək barədə qərarını vermişdi.

- Bəzi ekspertlər belə bir məsələ qaldırırlar ki, Qarabağa da beynəlxalq missiya gəlsin. Hətta faktaraşdıcı missiyanın da gəlməsi təklif olunur. Bu haqda nə deyə bilərsiniz?

- Bizim mandatımız Qarabağda fəaliyyəti aydın şəkildə istisna edir. Biz orada deyilik və bizim tərəfimizdən mandatı dəyişmək barədə hər hansı bir plan yoxdur.

Xəritə mübahisəsi - Bakı ilə Yerevanın əlində fərqli xəritə var?
Gözlə

No media source currently available

0:00 0:04:15 0:00

- Bu regionda missiyanın əsas çətinlikləri nədən ibarətdir?

- Bu missiya qısa müddətdə yaradıldı və belə bir missiyanın fəaliyyətə başlaması üçün hazırlıqlar, avadanlıqların əldə olunması bir az vaxt apardı. Bizə lazım olan hər bir şeyi düzüb-qoşa bilməmişik. Amma belə çətin olacağını əvvəlcədən bilirdik. Bundan başqa biz ərazini yaxşı bilmirdik, dağlardakı şəraitlə tanış deyildik. adamlarımız artıq çox şey öyrəniblər. Başlanğıcda maneələrlə üzləşdik. Amma indi bizim başqa ciddi çətinliyimiz qalmayıb. Qarşıda iki ilimiz var. Gələn ilin əvvəlində strateji baxış keçiriləcək. Bizim fəaliyyətimizin müsbət və mənfi tərəfləri analiz olunacaq, öz təkliflərimizi verəcəyik, öz tərəfdaşlarımızla danışacağıq.

- Azərbaycan və Ermənistan ərazisində bəzi yerlərdə aydın sərhəd yoxdur, delimitasiya və demarkasiya aparılmayıb. Bu, sizin işinizə hansı formada təsir edir?

- Bizim iki cür patrulumuz var- sərhəd və insanların təhlükəsizliyi ilə bağlı patrul. Hal-hazırda biz Ermənistan tərəfinin istehkamlarının arxasında dayanırıq. Biz heç vaxt qarşı tərəfə, başqa əraziyə keçməyə çalışmamışıq. Biz bəzi yerləri "qarşıdurma xətti" adlandırırıq, çünki bəzi yerlərdə sərhəd xətti aydın deyil.

- Çox sağ olun, cənab Ritter. Əlavə etmək istəyiniz hansısa məsələ varmı?

- Bayaq dediyim kimi- biz Azərbaycana əlimizi uzatmışıq. Çox gözəl olardı ki, dünyanın bu gözəl bölgəsində baş verənləri aydınlaşdırmaq, müzakirə etmək üçün bizim bir nəfərlə əlaqəmiz olardı.

XS
SM
MD
LG