Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:34

Azərbaycan qazını daşıyacaq yeni interkonnektorun açılışı nə vəd edir?


Dekabrın 10-da Serbiyanın Niş şəhərində Azərbaycan qazını daşıyacaq Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib. Mərasimə hər üç ölkənin prezidentləri də qatılıblar.

Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi qismən Avropa Birliyinin ayırdığı 49.6 milyon avro məbləğində qrant, qismən də Avropa İnvestisiya Bankından Serbiyanın aldığı 25 milyon avro güzəştli kredit hesabına maliyyələşdirilib. Bu vəsaitlər qaz kəmərinin Serbiyadan keçən hissəsinin tikintisi üçün nəzərdə tutulub.

Yeni qaz kəməri Serbiyanın Niş şəhərindəki mövcud şəbəkəni paytaxt Sofiyadakı Bolqarıstan şəbəkəsi ilə birləşdirəcək. Qaz kəmərinin Serbiya hissəsinin uzunluğu 109 kilometrdir. Layihə Serbiyanın illik toplam istehlakının 60 faizinə yetəcək 1,8 milyard kubmetr təbii qazı ötürməyə imkan verəcək.

Ötən ilin oktyabrında Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı olmuşdu. Onun ümumi uzunluğu 182 kilometrdir. Bu kəmər Bolqarıstanla Yunanıstanın qaz nəqli şəbəkələrini birləşdirir. İnterkonnektorun toplam dəyəri 240 milyon avrodan çoxdur.

Avropa Komissiyası 2010-cu ildə texniki-iqtisadi əsaslandırmalar üçün 45 milyon avro qrant yardımı və Bolqarıstanın gerçəkləşdirdiyi proqram çərçivəsində 35 milyon avro məbləğində daha bir ödəniş ayırıb. Avropa İnvestisiya Bankı isə 110 milyon avro kredit verib.

Bu interkonnektorlar Azərbaycan qazının Bolqarıstandan digər Avropa ölkələrinə ixracına şərait yaratmaq məqsədi ilə inşa edilib və “Şahdəniz-2” yatağından çıxarılan təbii qazı Bolqarıstana çatdıracaq. Bu məqsədlə Bolqarıstanın “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb.

Azərbaycanın Avropa qaz bazarında yeri

Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun işə düşməsindən sonra Serbiya Azərbaycanın təbii qaz satdığı 9-cu ölkəyə çevriləcək. Bu ölkələrdən yeddisi Avropa ölkələridir. Unutmaq olmaz ki, ötən il Avropa Birliyi və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Bu memoranduma görə, Azərbaycan 2027-ci ilədək Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalı - 20 milyard kubmetrə çatdırmalıdır.

Ötən ilin fevralında Rusiyanın Ukraynaya hücumu ilə başlayan müharibə Avropanın təbii qaz bazarında ciddi dəyişikliklər doğurub.

Avropa ölkələrinin Rusiya qazından asılılığı azaltmaqla bağlı qərarı Azərbaycan kimi alternativ qaz qaynaqlarının istər iqtisadi, istərsə geosiyasi önəmini artırıb. Azərbaycan qazının Şərqi Avropa ölkələrinə çatdırılmasını hədəfləyən interkonnektorların tikintisinin sürətlənməsi də bu dövrdən başlanıb.

Qaz satışını artırsa da, Azərbaycan Avropanın təbii qazla təminatında həlledici rol oynamır. Avropa İttifaqı statistika qurumunun açıqladığı göstəricilərdən bəlli olur ki, bu ilin ilk altı ayında həmin birliyin boru kəmərləri ilə idxal etdiyi qazın cəmi 6 faizi Azərbaycanın payına düşüb.

Avropanın təbii qazla təminatında maye qazın da rol oynadığını nəzərə alınsa, Avropanın toplam qaz idxalında Azərbaycanın payı 6 faizdən də azdır. Müqayisə üçün: Bu ilin ilk yarısında boru kəmərləri ilə Avropaya təbii qaz nəqlində sanksiyalara məruz qalan Rusiyanın payı 13.6 faiz olub, yəni Azərbaycanla müqayisədə iki dəfə daha çox.

Hazırda Avropa ölkələri boru kəmərləri ilə ən çox Norveçdən (44.3 faiz), Birləşmiş Krallıqdan (17.8 faiz) və Əlcəzairdən qaz idxal edir (16.5 faiz).

Azərbaycanın təbii qazdan qazancı

Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın qazla təminatında Azərbaycanın rolu həlledici həddə yüksəlməsə də, təbii qaz qiymətlərindəki kəskin artım azalan neft hasilatı fonunda ölkəni potensial iqtisadi böhrandan qoruya bildi. Axı müharibədən sonra təbii qaz qiymətlərində bir neçə dəfə artım baş verib. Dövlət Gömrük Komitəsinin açıqladığı göstəricilərə görə, bu ilin ilk on ayı ərzində təbii qaz ixracının Azərbaycanın toplam ixracındakı payı 42 faizə yüksəlib. Bir neçə il öncə bu göstərici 20 faizə yaxın idi. Deməli, son bir neçə ildə təbii qazın Azərbaycanın ixracındakı payı iki dəfəyə yaxın artıb.

Təbii qazdan gəlir artdığından, son illər Azərbaycanın neft hasilatındakı azalma ölkə iqtisadiyyatında çox ciddi hiss edilməyib. O da var ki, hazırda ölkə iqtisadiyyatında Ümumi Daxili Məhsulun (ÜDM-in) artımı bir faizdən də aşağıdır. Başqa deyimlə, əslində, ölkə iqtisadiyyatı yerində sayır.

Rəsmi rəqəmlərə görə, Azərbaycanın ən böyük neft yatağı olan Azəri-Çıraq-Günəşli yatağından hasil edilən neftin həcmi 2015-ci ildən bəri 42 faiz azalıb. Belə bir şəraitdə təbii qaz gəlirlərində kəskin artım olmasaydı, ölkə iqtisadiyyatında çox ciddi geriləmələr gözə çarpacaqdı.

Son illər təbii qaz gəlirlərinina artması Azərbaycan iqtisadiyyatını böhrandan qorusa da, bu durum riskləri aradan qaldırmayıb. Bir çox ölkənin alternativ enerji qaynaqlarına irihəcmli yatırımlarından, üstəlik, Azərbaycanla yanaşı, digər resurs ölkələrinin də Avropaya qaz satışını artırmasından sonra Avropada təbii qaz qiymətlərinin nisbətən sabitləşəcəyi ehtimal edilir.

Bu baxımdan, bir çox xarici təşkilat və müstəqil ekspertlər Azərbaycanla bağlı açıqlamalarında ölkədə qeyri-neft sektorunun inkişafının həyati önəm daşıdığını bildirib. Bu, qarşıdakı illərdə ölkənin dayanıqlı iqtisadi inkişafa nail olmasının yeganə imkanıdır.

Mövcud iqtidar 20 ildir ölkədə enerjidənkənar sahələrin inkişaf etdirildiyini bildirsə də, bu sahədə real dəyişikliklər gözə dəymir. Bu səbəbdən, son illər gerçəkləşdirilən layihələr hesabına Azərbaycanın qaz ixracının artması və buna paralel təbii qaz qiymətlərinin bahalaşması ölkənin gəlirlərini artırsa da, prosesin davamlı olması sual altındadır.

XS
SM
MD
LG