Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:40

Azərbaycan Ermənistandan nə qarantiya istəyir?


Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan Brüsseldə danışıqlarda. 2022
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan Brüsseldə danışıqlarda. 2022

"Ermənistanda hər hansı bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana qəti şəkildə qarantiya lazımdır. Çünki biz bilirik Ermənistanda nə baş verir. Həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox "müşavirləri" var". Bunu dekabrın 6-da prezident İlham Əliyev ADA Universitetində keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş" mövzusunda forumda bildirib.

Bundan əvvəl Azərbaycan Ermənistana ikitərəfli, vasitəçisiz danışıqlar və onun nəticəsində sülh müqaviləsini bağlamasını təklif edib.

H.Babaoğlu
H.Babaoğlu

Deputat: "Revanşist cəhdlərə son qoyulmalıdır"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu "Turan"a bildirib ki, regionda etibarlı sülh üçün revanşist cəhdlərə son qoyulmalıdır: "Əgər 30 il qonşu ölkənin torpaqlarını işğalda saxlamış bir ölkə sülh üçün imkan yarandıqdan sonra yenə silahlanırsa, demək, o, müharibəyə hazırlaşır. Ona görə də Azərbaycan prezidenti bu fikirləri səsləndirdi".

H.Babaoğlu hesab edir ki, Ermənistanın revanşizmdən imtinasının təminatçısı heç bir beynəlxalq qurum və ölkə olmamalıdır: "Çünki bu, sülhə xidmət etməyəcək. Ona görə də Ermənistan revanşizmdən əl çəkməlidir və müstəqil dövlət kimi davranmalıdır ki, regionda sülh yaransın".

Onun fikrincə, Ermənistan bağlanmış sülh müqaviləsində bununla bağlı öhdəçilik götürməlidir ki, o, uzunmüddətli sülhə hazırdır və revanşizm cəhdləri etməyəcək.

Ermənistandan deyilənlər...

Bakının sülh sazişi üçün qarantiya istəməsinə Yerevanın münasibəti, hələlik, bəlli deyil. Amma bu ölkənin rəsmiləri, bir qayda olaraq, Azərbaycan prezidentinin Ermənistanda bəzi ərazilərin "tarixi" Azərbaycan torpaqları olması ilə bağlı dediklərindən narahatlıqlarını bildiriblər.

A.Simonian
A.Simonian

Yaxınlarda Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərin iki ölkənin münasibətlərinə dair suallarına belə cavab vermişdi: "Mən inanıram ki, hazırkı tarixi mərhələdə biz fikrimizi Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması və bütün regional kommunikasiyaların açılması üzərində cəmləşdirməliyik. Bəzi azərbaycanlıların Ermənistana, bəzi ermənilərin Bakıya... Stepanakertə (Xankəndi), Şuşaya və ya ermənilərin əvvəllər yaşadıqları başqa məntəqələrə qayıtmaq arzusuna baxmayaraq, bu, gələcəyə bağlı bir məsələdir".

"Beynəlxalq zəmanətlər işləməyən məfhumdur"

Siyasi şərhçi Zərdüşt Əlizadə isə AzadlıqRadiosuna deyib ki, heç bir xarici dövlət Azərbaycan üçün təminat verə bilməz: "Ötən əsrdə Almaniya Polşaya hücum edəndə Polşaya zəmanət vermişdilər, amma sonra xilas edə bilmədilər. Rusiya Ukraynaya hücum etdi, amma Ukraynaya Budapeşt sammitində böyük nüvə dövlətləri zəmanət vermişdilər. Yəni, bu beynəlxalq zəmanətlər işləməyən məfhumdur. Yeganə işləyən məfhum dövlətin gücü, xalqla hakimiyyətin vəhdəti, bu ölkənin beynəlxalq aləmdə hörmətidir".

Z.Əlizadə
Z.Əlizadə

Z.Əlizadənin fikrincə, bu baxımdan Azərbaycanda böyük qüsurlar var: "Azərbaycan ordusu Ermənistan ordusundan güclüdür. Azərbaycan ordusu bunu sübut etdi. Amma Azərbaycanda xalqla hakimiyyət arasında vəhdət varmı? Azərbaycan Konstitusiyasını addımbaşı pozan, Azərbaycan vətəndaşlarının hüquqlarını tapdalayan, onun cibinə girən məmurların xalqla vəhdəti varmı? Azərbaycan vətəndaşlarının hüquqlarını təmin edən müstəqil məhkəmə varmı? Azərbaycanda siyasi məhbuslar var. Bütün dünyanın qara dəftərlərinə Azərbaycanın adı var".

Politoloq qeyd edib ki, Azərbaycanın təminatı onun vətəndaşlarının hüquqlarının qorumasında, vətəndaşların dövlətə göstərdiyi etimaddadır.

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Ancaq tərəflər sülh sazişi imzalamayıb. Danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır.

XS
SM
MD
LG