Keçid linkləri

2024, 01 Dekabr, bazar, Bakı vaxtı 01:47

Rusiyadan Azərbaycana yatırımlar 10 dəfə artıb


Rusiya malları Azərbaycanda ucuzlaşacaqmı?
Gözlə

No media source currently available

0:00 0:04:16 0:00

Rusiya malları Azərbaycanda ucuzlaşacaqmı?

Mərkəzi Bank ötən ildəki tədiyyə balansına dair bilgiləri açıqlayıb. Bu bilgilər arasında 2022-ci il boyunca Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalar barədə rəqəmlər də yer alır. Ötən il belə investisiyaların həcmi 6 milyard 276 milyon dollar olub. 2021-ci ildə bu göstərici 4 milyard 795 milyon dollar idi. Deməli, ötən il Azərbaycana yatırılan xarici birbaşa investisiyaların həcmi təxminən 1.5 milyard dollar və ya 31 faizə yaxın artıb. Daha bir il öncə qeydə alınan birbaşa xarici investisiya göstəricisi 4 milyard 528 milyon dollar, pandemiyadan öncə - 2019-cu ildə isə 4 milyard 275 milyon dollar idi. Bu baxımdan, pandemiya illərində Azərbaycanda qeydə alınan xarici birbaşa investisiyaların həcmində azalma olmadığı gözə çarpır.

Artımın səbəbləri

Ötən il birbaşa xarici investisiyalarda qeydə alınan 1.5 milyard dollarlıq artımın təxminən üçdə ikisi iki ölkə ilə bağlıdır. Bunlar Rusiya və Türkiyədir. Hər iki ölkədən Azərbaycana yatırılan birbaşa xarici investisiyalar kəskin artıb. Əgər 2021-ci ildə Rusiyadan Azərbaycana cəmi 51 milyon dollar investisiya cəlb edilmişdisə, 2022-ci ildə bu rəqəm 518 milyon dollara yüksələrək 10 dəfə artıb. 2020-ci ildə Rusiyadan Azərbaycana 159 milyon dollar həcmində investisiya cəlb edilmişdi.

2022-ci ildə Rusiyadan cəlb edilən vəsaitlərlə bağlı göstəricilər təkcə investisiyalar üzrə deyil, digər sahələrdə də artıb. Məsələn, ötən il Rusiyadan Azərbaycana köçürülən pul vəsaitlərinin həcmi 623 milyon dollardan 2 milyard 969 milyon dollara yüksəlib. Eyni zamanda, Azərbaycan banklarında xarici ölkə vətəndaşlarına məxsus vəsaitlərin həcmi də son bir ildə 294 milyon manat ekvivalentindən 1 milyard 160 milyon manat ekvivalentinə yüksəlib. Bütün bu artımın əsas səbəblərindən biri Rusiya iqtisadiyyatına tətbiq edilən sanksiyalar və çıxan problemlər üzündən orada çalışan azərbaycanlıların öz vəsaitlərini ölkəyə gətirməsidir.

Türkiyədən Azərbaycana yönələn investisiyaların artımı isə, əsasən, Qarabağdakı yenidənqurma işlərindən qaynaqlanır. Rəsmi rəqəmlərə görə, 2020-ci ildə Türkiyədən Azərbaycana 578 milyon dollar investisiya yatırılmışdısa, yenidənqurma işlərinin başladığı 2021-ci ildə bu rəqəm 740 milyon dollara, ötən ilsə 1 milyard 187 milyon dollara yüksəlib. Bugünlərdə Türkiyə Podratçılar Birliyinin açıqladığı rəqəmlərə görə, inşaat şirkətlərinin Azərbaycandakı layihələri kəskin artıb. 2019-cu ildə Türkiyə şirkətlərinin Azərbaycanda icra etdikləri layihələrin dəyəri 556 milyon dollar idi. Ötən il belə layihələrin dəyəri 1 milyard 765 milyon dollara yüksəlib. Bu, müharibədən öncəki göstərici ilə müqayisədə üç dəfə artım deməkdir. Eyni zamanda bu göstərici ilə Türkiyə şirkətlərinin xaricdə ən çox tikinti fəaliyyəti apardığı ikinci ölkə Azərbaycan olub. İndi sözügedən inşaat şirkətlərinin xarici ölkələrdəki dövriyyəsində Azərbaycanın payı 10 faizdir. 2019-cu ildə bu pay cəmi 2.9 faiz idi.

İnvestisiyaların 71 faizi eyni sahəyədir

Mərkəzi Bankın açıqladığı göstəricilərdən aydın olur ki, Azərbaycana ən çox xarici birbaşa investisiya yatıran ölkənin adı bu il də dəyişməyib. Böyük Britaniya ötən il də Azərbaycana ən çox investisiya yatıran ölkə adını qoruyub. Unutmaq olmaz ki, Böyük Britaniya Azərbaycanın hasilat sənayesində ən böyük paya sahib ölkələrdən biridir. Digər tərəfdən, Mərkəzi Bankın açıqladığı göstəricilər investisiyalarla bağlı Azərbaycanın ənənəvi probleminə də işıq salır. Azərbaycana cəlb edilən xarici investisiyaların böyük əksəriyyəti yenə neft-qaz sektoru ilə bağlıdır. Ölkə iqtisadiyyatının digər sahələrinin zəif inkişafı bu sahələri xarici investorlara da cəlbedici etmir. Rəsmi rəqəmlərə görə, ötən il Azərbaycan iqtisadiyyatına cəlb edilən xarici birbaşa investisiyaların 71 faizi məhz neft-qaz sektoru ilə bağlı olub. Bu göstərici öncəki illərlə müqayisədə nisbətən aşağı olsa da, ciddi problem sayılacaq həddə qalır. Bu baxımdan, əslində neftdənkənar sektora yatırılan investisiyaların azlığı hökumətin son illər struktur islahatlarının uğurlu olması ilə bağlı iddialarını da sual altına qoyur. Axı bir ölkəyə xarici investorların marağını yaradan əsas amillər həmin ölkədə biznes mühitinin liberal olması, rəqabət şərtləri, qanunun aliliyi kimi prinsiplərdir.

Digər ölkələrlə bağlı durum necədir?

Böyük Britaniya (28 faiz) və Türkiyədən (19 faiz) sonra Azərbaycan iqtisadiyyatına ən çox vəsait yatıran ölkə Kiprdir (Güney Kiprdən söhbət gedir). Ötən il Kipr şirkətləri Azərbaycan iqtisadiyyatına 826 milyon dollar investisiya yatırıb. Bu, ilboyu Azərbaycana yatırılan xarici investisiyaların 13.2 faizi deməkdir. Eyni zamanda, 2021-ci illə müqayisədə Kiprdən cəlb edilən investisiyaların həcmində 500 milyon dollardan çox artım qeydə alınıb.

Azərbaycanda xarici investisiyalarla bağlı açıqlanan göstəricilərdə müxtəlif ölkələrdən cəlb edilən investisiyaların hansı şirkətlər tərəfindən və hansı sahələrə yatırıldığı ilə bağlı rəqəmlər əksini tapmır. Bu üzdən, Kiprdən cəlb edilən investisiyaların hansı sahələrə yönəldiyi sualı açıq qalır. Onu da unutmaq olmaz ki, müstəqil iqtisadçılar Azərbaycanda birbaşa xarici investisiyalarla bağlı daha bir məqama ayrıca diqqət çəkir. Onların fikrincə, bəzi hallarda Azərbaycan məmurlarına, oliqarxlara məxsus şirkətlər xarici ölkələrdə, özəlliklə vergi güzəştləri olan ölkələrdə qeydiyyatdan keçir. Bu halda həmin şirkətlər azərbaycanlı məmur-sahibkarlara məxsus olsa da, rəsmi statistikada xarici investisiyalar kimi nəzərə alınır.

Azərbaycanda xarici investisiyalarla bağlı açıqlanan bilgilərdə ən ciddi problemlərdən biri rəsmi statistikada xarici investisiyaların uçotu sahəsində səhih və detallı məlumatların olmamasıdır. Belə ki, Azərbaycan statistikası qeyri-neft sektoruna yatırılan xarici maliyyənin birbaşa investisiyalar və cəlb olunmuş xarici kreditlər üzrə bölgüsünü təqdim etmir. Halbuki belə bölgü ölkəyə xarici investorların marağını, eləcə də real xarici sərmayə axınının baş verib-vermədiyini qiymətləndirmək baxımından çox önəmlidir. Birbaşa investisiyalar xarici investorun bilavasitə özünün Azərbaycan iqtisadiyyatına yönəltdiyi sərmayələrdir. Bu zaman investor prosesə bilavasitə qatıldığından investisiya axınının həcmi və dinamikası ölkədəki mühitdən asılı olur.

XS
SM
MD
LG