Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:48

Azərbaycanın reytinqi 'zibil' səviyyəsində qalsa da...


Prezident İlham Əliyev
Prezident İlham Əliyev

"Standard&Poor's" ("S&P") beynəlxalq reytinq agentliyi Azərbaycanın uzun və qısamüddətli suveren reytinqini dəyişməyib və "BB+/B" səviyyəsində təsdiqləyib. Reytinq üzrə isə neqativ proqnoz verilib.

Yenə Neft Fondu

Bildirilir ki, reytinqə müsbət təsir edən amil Azərbaycanın yüksək fiskal göstəriciləridir. Burada əsas yük Dövlət Neft Fondunun (DNF-nin) xarici valyutada ifadə olunmuş aktivlərinin payına düşür. Bu səviyyə “spekulyativ”, yaxud “zibil” səviyyə sayılır. Agentliyin açıqlamasından belə anlamaq olar ki, proqnoz neqativ olduğundan, Azərbaycanın reytinqi yenə aşağı salına bilər.

Buna da bax:​ Hökumət ilin sonunda 'ayılıb'

Əslində, gözlənilən idi

Əsas gəlir qaynağı neft olduğundan, “qara qızıl” ucuzlaşandan bəri Azərbaycanın kredit reytinqinin düşəcəyi gözlənilən idi. Üstəlik, manatın dəyərsizləşməsi də öz rolunu oynayıb. Ötən il ilk bəd xəbər "S&P"dən gəlmişdi. 2016-cı il yanvarın 29-da Azərbaycanın kredit reytinqini “BB+” səviyyəsinə endirən həmin agentlik öz qərarını neftin ucuzlaşması və xarici valyuta ehtiyatlarının azalması ilə əsaslandırmışdı.

Ötən il fevralın sonunda “Fitch" də Azərbaycanın reytinqini azaldaraq, "BBB-" səviyyəsindən "BB+"yə endirmişdi. Ardınca Dövlət Neft Şirkətinin, Azərbaycan İpoteka Fondunun, “Azərenerji”nin və əksər bankların reytinqləri aşağı salınmışdı.

Buna da bax: Beynəlxalq Banka ayrılacaq pulların taleyi sual altında qalır

Maliyyə nazirinin proqnozu özünü doğrultmadı

Beynəlxalq agentliklərin belə qərarlarından sonra maliyyə naziri Samir Şərifov Azərbaycanın borclanma reytinqinin bərpa olunacağını deyirdi. Nazirin fikrincə, durum sabitləşdikcə - ixracdan daxilolmalar artdıqca, o cümlədən prezidentin rəhbərliyi ilə gerçəkləşdirilən islahatlar öz müsbət nəticəsini verdikcə, tədricən əvvəlki reytinq bərpa ediləcəkdi. Borclanma reytinqi bərpa olunmadığından, görünən odur ki, Samir Şərifovun söylədikləri, hələlik, özünü doğrultmayıb.

Yüksək reytinqin üstünlükləri

İş burasındadır ki, yüksək kredit reytinqi qazanmağın belə önəmli üstünlükləri var:

- Daha ucuz borclanma – yüksək reytinqli ölkələr daha aşağı faizlə borc götürə bilir;
- İnvestisiya cəlbi - yüksək kredit reytinqi ölkəyə investisiya axınına yol açır. Belə reytinq ölkədə azriskli sağlam investisiya mühitinin olduğunu göstərir;
- Xaricə kapital axınının azalması - yüksək reytinq yerli iqtisadiyyata güvəni artırır və ölkədən kapital axınını azaldır;
- Maliyyə bazarlarına çıxış – yüksək reytinq beynəlxalq maliyyə bazarlarına çıxışı asanlaşdırır və s.

Buna da bax:​ İ.Əliyev: 'Azərbaycana kredit almaq problem deyil'

Kredit almaq problem deyil?

Yanvarın 30-da “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyev deyib ki, Azərbaycan üçün kredit almaq elə də problem deyil. O, bildirib ki, xarici kredit almağa o qədər də meyl göstərməməliyik, çünki xarici borcun artması yaxşı hal deyil: “Xarici borc 20 faiz həcmindədir. Əslində, bu, manatın devalvasiyası ilə bağlıdır. 20 faiz aşağı göstəricidir. Xarici borcu çox ehtiyatla almalıyıq. Yalnız strateji əhəmiyyət daşıyan layihələrlə bağlı borc ala bilərik".

Bu çıxışdan doğan təbii sual odur ki, borclanma reytinqinin aşağı düşdüyü bir vaxtda, prezident hansı əsasla deyir ki, Azərbaycanın kredit alması problem deyil?

Buna da bax:​ Standard&Poor’s: 'Azərbaycanda vəziyyət neqativ olaraq qalır'

“Aşağı reytinq investoru qaçırdır”

İqtisadçı ekspert Ülvi Əmrahsoy kredit reytinqinin aşağı olmasının investoru qaçırdığını söyləyir: “Bu o deməkdir ki, xarici investorlara Azərbaycana yatırım etmək məsləhət görülmür. Çünki azad biznes, azad rəqabət, azad məhkəmə yoxdur. Mülkiyyət toxunulmazlığı təmin olunmur”.

“Aşağı reytinq kredit faizlərini artırır”

Ekspertin sözlərinə görə, Azərbaycana, əsasən, enerji layihələrinə, o da, dövlət zəmanəti ilə kredit verilir: “Kreditlər yalnız TANAP, Şahdəniz kimi iri layihələrə verilə bilər. Bu kreditlər dövlət zəmanəti olmadan verilmir. Reytinqin aşağı olması hətta dövlət zəmanəti ilə verilən kredit faizlərini də artırır. Həm də burda Avropanın qazla təmin olunması məsələsi var”.

XS
SM
MD
LG