Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:51

Ötən il peykin sıradan çıxması 'Azərkosmos'un gəlirlərinə necə təsir edib?


'Azərkosmos'un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzi
'Azərkosmos'un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzi

Ötən ilin aprelində Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) açıqlama yayaraq bildirmişdi ki, "Azersky" peyki missiyasını başa çatdırıb. 10 il istifadəsi nəzərdə tutulan peyk öz fəaliyyətini bir il erkən başa vurdu. Buna səbəb peyklə informasiya mübadiləsinin dayanması idi. "Azərkosmos"un açıqlamasında qeyd edilirdi ki, bu, kosmik tullantı və ya meteoritlə toqquşmadan qaynaqlana bilərdi.

Sözügedən olayadək Azərbaycanın orbitdə üç peyki vardı. Bunlardan ikisi – "Azerspace-1" və "Azerspace-2" telekommunikasiya peykləridir. Onlar orbitə, uyğun olaraq, 2013 və 2018-ci illərdə buraxılmışdı. İndi bu peyklərlə yerli və beynəlxalq səviyyəli və toplam 100-ə yaxın televiziya və radio kanalı yayımlanır, üstəlik, internet xidmətləri də göstərilir. Vaxtından öncə sıradan çıxan "Azersky" peyki isə Yerin məsafədən müşahidə peykidir. Bu peyk orbitə 2014-cü ildə çıxarılıb. "Azersky" peyki sayəsində dünyanın istənilən nöqtəsinin yüksək ayırdetməli peyk təsvirlərinə Azərbaycanın birbaşa, qeyd-şərtsiz çıxış imkanı vardı. "Azersky" peykinin xidmətlərindən müdafiə və güvənlik, kənd təsərrüfatı, ekologiya və ətraf mühit, xəritəçəkmə, infrastrukturun planlaşdırılması və monitorinqi, kadastr məlumatlarının yenilənməsi, dənizdə və quruda neft çirklənmələrinin tədqiqi və digər sahələrdə istifadə edilirdi.

Gəlirlər 7 milyon dollar azalıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı" hesabatında göstərilən rəqəmlərdən anlaşılır ki, "Azersky" peykinin fəaliyyətini dayandırması "Azərkosmos"un gəlirlərini azaldıb. Ötən il "Azərkosmos" telekommunikasiya xidmətlərinin ixracından 19.8 milyon dollar gəlir götürüb. 2022-ci ildə qurumun gəliri 26.6 milyon dollar idi. Deməli, 2023-cü ildə "Azərkosmos" 2022-ci illə müqayisədə 6.8 milyon dollar və ya 26 faiz az gəlir qazanıb.

Öncəki illərlə müqayisə göstərir ki, son iki ildə "Azərkosmos"un gəliri kəskin azalıb. Məsələn, 2021-ci ildə bu qurum telekommunikasiya xidmətləri ixracından ötən illə müqayisədə 2.3 dəfə çox - 45.3 milyon dollar qazanmışdı. 2019-2021-ci illər boyunca "Azərkosmos"un illik gəliri 40 milyon dolları aşıbmış.

Peykin fəaliyyətini dayandırması ilə bağlı "Azərkosmos"un məlumatında bildirilirdi ki, "Azersky"ın kommersiya fəaliyyətinə başladığı tarixdən sonra 105 milyon manat gəlir əldə edilib. Üstəlik, müxtəlif dövlət orqan və qurumlarına əlavə olaraq 150 milyon manat dəyərində peyk görüntüləri verilib. Hesablama Palatası 2018-ci ildə "Azərkosmos"da apardığı audit nəticəsində bildirmişdi ki, "Azersky" peykinin hazırlanmasına toplam 176.5 milyon avro xərclənib. Bu baxımdan, aydın olur ki, əslində "Azersky"ın fəaliyyəti dövründə qazandığı vəsait onun xərclərindən az olub. Digər tərəfdən, peyk orbitə buraxılarkən onun toplam 200 milyon avro gəlir gətirəcəyi proqnozlaşdırılırdı. Bu baxımdan, peyk proqnoz edilən qədər gəlir gətirə bilməyib.

Ötən il "Azərkosmos"un ən çox telekommunikasiya xidməti ixrac etdiyi ölkə Böyük Britaniyadır. Qurum Böyük Britaniyaya 2023-cü il boyunca 5.8 milyon dollarlıq xidmət ixrac edib, yəni "Azərkosmos"un xidmət ixracının 30 faizə yaxını Böyük Britaniya ilə bağlıdır. Lüksemburq (4.1 milyon dollar), BƏƏ (1.6 milyon dollar), Almaniya (1 milyon dollar) və Nigeriya (725 min dollar) da Azərbaycanın telekommunikasiya xidmətləri ixrac etdiyi ölkələrin ilk beşliyinə daxildir.

Peykin sığorta ödənişi nə qədərdir?

"Azersky" peykinin vaxtından öncə sıradan çıxması bu peykin sığortalanması məsələsini də gündəmə gətirib. "Azərkosmos" peykin sıradan çıxmasına dair açıqlamasında bildirirdi ki, "Azersky" peyki 45 milyon manat məbləğində sığortalanıb. Hadisə baş verən dövrdə "Azərkosmos"un rəsmiləri sığorta məbləğinin alınması üçün danışıqların başladığını, 2023-cü ilin sonunadək ödənişin alınacağını bildirmişdilər. Di gəl, qurum hələ də sığorta ödənişini alıb-almadığı barədə rəsmi açıqlama yaymayıb.

"Azersky" peykinin sığortalanması ilə bağlı sonuncu tender 2022-ci ilin dekabrında keçirilmişdi. Dəyəri 24.3 milyon avro olan "Azersky" peykinin bir illik sığortalanmasına dair "Azərkosmos"un elan etdiyi tenderdə "PAŞA Sığorta" qalib çıxmışdı. Sığorta haqqı olaraq "Azərkosmos" "PAŞA Sığorta"ya 518 min manat ödəyib.

Sığorta şirkəti məsələ ilə bağlı açıqlamasında bildirib ki, peykin sığorta risklərinin böyük hissəsi beynəlxalq təkrarsığorta şirkətinə ötürülüb. Təkrarsığorta sığorta şirkətinin özünü sığortalaması deməkdir. Sığorta şirkəti, ölçüsündən asılı olmayaraq, istənilən sığorta riskini öz üzərində saxlayarsa, iflas doğuracaq potensial zərərli olayla üzləşə bilər. Sığortaçılar belə halların baş verməməsi üçün, öz müştəriləri kimi, özlərini sığortalayırlar. Özəlliklə böyük ödəniş tələb edilə biləcək hallarda yerli sığorta şirkətləri qlobal bazarlarda çalışan böyük şirkətlərlə təkrarsığorta anlaşması bağlayır.

"Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov da mətbuata açıqlamasında bildirmişdi ki, sığorta ödənişini təkcə "PAŞA Sığorta" deyil, peyki təkrar sığortalayan sindikat da gerçəkləşdirəcək: "Orada təqribən 20 şirkət var və onların bu hadisə ilə bağlı çoxsaylı sualları var. Əvvəlcə bu sualları cavablandırmalıyıq", - "Azərkosmos" rəsmisinin sözləridir.

XS
SM
MD
LG