Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:46

Azərbaycandan qaçıb Gürcüstana sığınanların yeni problemləri [video]


İlham Əlİyev fəalları demokratİk Gürcüstanda da təqib etdirir?
Gözlə

No media source currently available

0:00 0:14:50 0:00

İlham Əlİyev fəalları demokratİk Gürcüstanda da təqib etdirir? [A-Live]

Gürcüstana sığınmış Azərbaycandan olan fəalları Gürcüstan hökuməti də təqib edirmi?

Azı üç fəal iddia edir ki, Gürcüstan hökuməti onlara oturum izni verməyib, güman edirlər ki, səbəb onların Azərbaycanda demokratiyaya dəstək verən fəaliyyətləridir.

33 yaşlı jurnalist Leyla Mustafayeva iki ildir ki, həyat yoldaşı və dörd yaşlı övladı ilə Tbilisidə yaşayır. O, hakimiyyəti tənqid edən “Meydan TV”nin əməkdaşıdır. Deyir ki, Azərbaycanda təqib oluna biləcəyindən ehtiyatlanır və vətəninə gedə bilmir.

Buna da bax:​ FPC azərbaycanlı fəalların xaricdə də təqib edildiyini yazır

Meydan TV əməkdaşları
Meydan TV əməkdaşları

2016-cı ilin sentyabrında isə Gürcüstan hökuməti ona oturum izni verməkdən imtina edib:

“Rəsmi cavab almazdan 10 gün əvvəl Rustavidə Antikorrupsiya Departamentinə çağrıldım. Orda Gürcüstana nə vaxt gəldiyim, nə işlə məşğul olduğum barədə sorğu -sual olundum. Bundan 10 gün sonra isə rəsmi olaraq imtina cavabı verdilər ki, Gürcüstan hökuməti sənə burda yaşayış üçün icazə verə bilmir. Səbəb kimi də bunu göstərdilər ki, mən Gürcüstanın maraqlarını təhlükə altına atan fəaliyyətlə məşğulam və mənim bu fəaliyyətim iki ölkə arasında münasibətləri zərbə altında qoyur”.

Azərbaycan vətəndaşları Gürcüstanda bir il turist vizası ilə qala bilərlər, bir ildən sonra istənilən ölkəyə - məsələn, Ukraynaya gedib, sərhədi keçib, yenidən Gürcüstana qayıdıb turist vizası ilə orda bir il də qala bilərlər.

Buna da bax:​ Azərbaycanlı müxalifətçinin oturumu ləğv edilib

Amma viza tələb olunan başqa bir ölkəyə - məsələn, Avropa ölkələrinə gedə bilmək üçün onlara oturum izni lazımdır. Leyla Mustafayeva deyir ki, özünü faktiki olaraq Gürcüstanda həbs olunmuş hesab edir. Deyir ki, ona verilən imtina cavabının səbəbi jurnalist fəaliyyətidir.

Onun işlədiyi “Meydan TV”nin bir neçə əməkdaşına da Azərbaycandan çıxışa qadağa qoyulub.

Tbilisi, tarixən Bakıdakı hakimiyyəti tənqid edənlərin pənah apardığı yer olub. Fəallar qonşu ölkənin paytaxtında bir az qalıb adətən Avropaya köçürlər.

2014-cü ilin axırlarında Azərbaycanda beynəlxalq QHT-lər, media qurumları bağlananda fəallar təqib olunduqlarını iddia edib Tbilisiyə köçdülər.

Buna da bax: Tbilisi azərbaycanlı müxalifət fəalı Daşqın Ağalarlını Bakıya vermək istəyir

Böyük Britaniyada yerləşən Foreign Policy Center 2016-cı ilin noyabrında öz hesabatında yazırdı ki, keçmiş SSRİ məkanındakı təhlükəsizlik xidmətləri opponentlərini təkcə ölkə daxilində yox, xaricdə də davamlı təqib edirlər.

Hesabatın adı belədir: “Gizlənməyə yer yoxdur: Keçmiş SSRİ-dən olan kəşfiyyat xidmətlərinin ictimai fəalları xaricdə sıxışdırması”.

“Bu adamlar nəinki fiziki izlənməyə və sıxışdırmalara məruz qalırlar, onları öz ölkələrinə geri qaytarmağa cəhd olunur, xaricdə də hücumlara məruz qalırlar, oğurlanma və hətta sui-qəsd cəhdləri ilə üzləşirlər”.

Hazırda Tbilisidə yaşayan 48 yaşlı Daşqın Ağalarlı Azərbaycandakı müxalif Müsavat partiyasının üzvüdür. Deyir ki, 2013-cü ildə prezident seçkisindən sonra Türkiyəyə getməyə məcbur olub, amma Türkiyə hökuməti ondan ölkəni tərk etməyi tələb edib. Gürcüstana gəlməyə məcbur qalıb. Azərbaycan tərəfi onun vergi borcu olduğunu iddia edib, bu iddia əsasında o, Gürcüstanda altı ay həbsdə yatıb.

Buna da bax:​ Rusiyada yarım milyon azərbaycanlı miqrant var?

Daşqın Ağalarlı
Daşqın Ağalarlı

Daşqın Ağalarlının deməsinə görə, Gürcüstanda oturum izni alıb. Ancaq bu il martın 21-də Tbilisi Apellyasiya Məhkəməsi, onun oturum iznini tanıyan Tbilisi şəhər Məhkəməsinin qərarını ləğv edib.

“Mən praktiki havada olan, heç bir hüququ, heç bir statusu olmayan bir vəziyyətdəyəm. Artıq Qaçqınlar üzrə Ali Komissarlıq müəyyən etməlidir ki, bundan sonrakı addımlar nə ola bilər: hansı yolu seçəcəklər, məni Gürcüstandan başqa bir ölkəyəmi çıxaracaqlar. Çünki Gürcüstan Apelyasiya Məhkəməsinin qərarı sonuncu instansiyadır. Mənim yeganə yolum qalır bu işi Avropa İnsan Haqları Məhkəməsinə götürmək və mən bunu götürəcəyəm”.

Hakim “Gürcü arzusu” partiyasından deputat Əli Məmmədov AzadlıqRadiosu-na deyir ki, Gürcüstan siyasi hakimiyyəti medianı qoruyur və jurnalistlərə qarşı Azərbaycan hökuməti ilə hansısa razılaşmadan söhbət gedə bilməz. Onun sözlərinə görə, əgər kiməsə oturma izni verilmirsə, bunun səbəbi siyasi deyil:

“Bir şey olanda dedi-qodu edirlər. Belə şeylər yalandır. Hansı jurnalistə izn vermirlərsə, mənə müraciət edə bilərlər, görüm kimdir onlara izn verməyən”.

Buna da bax:​ Türkiyədə çalışanlar vətənə qayıtmağa qorxur

Gürcüstanın insan haqlarının durumu beynəlxalq hesabatlarda Azərbaycandan yaxşı qiymətlədirilir.

Beynəlxalq İnsan haqları təşkilatlarının birinin əməkdaşı adının çəkilməməsi şərti ilə deyir ki, onlar da azərbaycanlı fəallara oturum izninin verilməməsi ilə bağlı məlumatlar alırlar.

“Amma hələlik Gürcüstan hansısa azərbaycanlı dissidenti deportasiya etməyib və bizdə, Gürcüstan hökumətinin Azərbaycan tərəfinə dissidentlərlə bağlı məlumat ötürməsi faktı məlum deyil. Bununla belə, Gürcüstan azərbaycanlı dissidentlər üçün təhlükəsiz yer deyil”.

Azərbaycan hökuməti isə bir qayda olaraq siyasi fəalları təqib etdiyi barədə tənqidləri yaxın buraxmır.

Azərbaycan və Gürcüstan hökumətləri strateji tərəfdaşdır.

Buna da bax:​ 'Ciddi sanksiya təhlükəsi olarsa...'

Azərbaycan enerji resursları ilə zəngindir, Gürcüstan isə rəsmi Bakı üçün Avropaya çıxışdır. Azərbaycanın demək olar ki, əsas beynəlxalq enerji layihələri Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmiryol xətti, TAP, TANAP layihələri Gürcüstanla birgə həyata keçirilir.

XS
SM
MD
LG