Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:51

Deputat Bakı ilə 'özbaşına' danışıqlar apardığına görə Babayana cinayət işi açılmasına çağırır


Samvel Babayan
Samvel Babayan

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Qarabağın keçmiş müdafiə naziri kimi təqdim olunan Samvel Babayan sentyabrın 26-da Azərbaycanın Laçın postundan sərbəst keçərək Yerevana gəldikdən dərhal sonra Ermənistanın hüquq-mühafizə orqanlarını Qarabağın separatçı rəhbərliyinə qarşı cinayət işinin açılmasına çağırıb.

O separatçı liderləri Qarabağı təslim etməkdə günahlandırır.

Azatutyun yazır ki, eyni zamanda Ermənistan Milli Məclisinin müxalifətdən olan deputatı Tiqran Abraamyan Samvel Babayanın özünün cinayət məsuliyyətinə cəlb edilməsinə çağırıb.

O Samvel Babayanı heç bir səlahiyyətləri olmadığı halda Bakı ilə danışıqlar aparmaqda ittiham edib:

“Təsəvvür edin ki, Ermənistanda hansısa adam gəlib deyəydi ki, azərbaycanlılarla, lap deyək hansısa məişət mövzusunda əlaqə saxlayır. Bugün MTX (Milli Təhlükəsizlik Xidməti – red) ilk növbədə aydınlaşdırmalıdır ki, bu adam necə özfəaliyyətlə məşğul olub, dövlət tərəfindən səlahiyyətləri olmadan azərbaycanlılarla əlaqəyə girib?”

“Qvardiyamız ola bilərdi”

Son illərdə Qarabağın separatçı rejimində heç bir vəzifəsi olmayan Samvel Babayan Ermənistanın ictimai televiziyasının efirində deyib ki, axır zamanlarda azərbaycanlılarla muxtariyyət məsələsi barədə danışıqlar aparıb.

Onun iddiasına görə Bakı onunla razılaşıb.

Azatutyun yazır ki, Babayan Qarabağ üçün hər hansı statusdan imtina edən Bakının onunla muxtariyyət məsələsində necə razılaşdığını izah etməyib.

Babayan iddia edir ki, danışıqları dolayısı ilə aparıb, 23 bənddən ibarət sənədləri mübadilə edib, amma heç kəs onu dinləmək istəmədiyindən bu barədə rəhbərliyə məlumat verməyib.

Babayan bunu da iddia edib ki, Azərbaycan bu 23 bəndə razılaşmışdı və bunu sənədləri sərhəddən gətirib-aparan adamlar lazım olsa təsdiq edə bilərlər:

“Əlbəttə alternativ vardı...Biz Artsaxın (Qarabağ-red) ərazisində 4400 kvadrat kilometr sahəsi olan muxtar respublika yarada bilərdik. Onun öz qvardiyası ola bilərdi. Amma bu adamlar bunu istəmədilər”.

Babayan Azərbaycanla əlaqədə olduğunu həmişə deyib

Keçmiş prezident Serj Sarkisyanın “Şərəfim var” müxalif fraksiyasından deputat Tiqran Abraamyan Babayanın bu və digər bəyanatlarını “yalan, rüsvayçılıq və siyasi spekulyasiya” adlandırıb.

Amma Abraamyan bunu da deyib ki, Babayan hələ separatçılara Arayik Arutyunyan başçılıq edən vaxtlarda Azərbaycanla əlaqələrindən danışırdı, amma ondan kimsə soruşmurdu ki, o bu işlə niyə məşğul olur:

“MTX onu keçmiş prezidentlərin (separatçı liderlərin-red) Rusiya xüsusi xidmətlərinin əməkdaşları olduqlarına dair bəyanatlarına görə çağırıb sorğu-sual etməlidir. Onun haqqında danışdığı adamlar bu cəhənnəm şəraitində də Artsax (Qarabağ-red) xalqı üçün son imkanlarından istifadə etməyə çalışırlar”.

Rəsmi Bakı 2020-ci il müharibəsindən sonra bəyan edib ki, Qarabağın statusu məsələsi artıq tarixə qovuşub və bu məsələni heç bir halda müzakirə etməyəcək.

Azərbaycan bəyan edib ki, Qarabağ ermənilərinə Azərbaycvan vətəndaşlarının bütün hüquqları veriləcək və onlar Azərbaycan cəmiyyətinə inteqrasiya olunacaqlar.

Rəsmi Bakının separatçı liderlərdən hər hansı biri ilə danışıqlar apardığlına dair rəsmi məlumat olmayıb.

Azərbaycan tərəfindən Babayanın iddiaları ilə bağlı heç bir şərh verilməyib.

70-yaşlı Vera Petrosyan Qarabağdakı evin qayıdacağına inanmır
Gözlə

No media source currently available

0:00 0:02:40 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər hələ ki, sülh müqaviləsi imzalaya bilməyiblər. Avropa İttifaqının, Rusiyanın və ABŞ-ın vasitəçiliyi ilə sülh danışıqları aparılır.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG