Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:55

Bir milyona yaxın insan Abşeron yarımadasına köç edib


25 dəqiqəlik yolu 1 saat yarıma? Bakının tıxac problemi
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

25 dəqiqəlik yolu 1 saat yarıma? Bakının tıxac problemi

Azərbaycanda, özəlliklə paytaxt Bakı və onun çevrəsində yaşayan insanların gerçək sayı həmişə dartışılır. Rəsmi bilgilər yalnız rayon və şəhərlərdə rəsmi qeydiyyatda olanların sayını əks etdirir. Ancaq bir çox müstəqil ekspert ölkədə kəskin daxili miqrasiya olduğunu bildirir. Bölgələrdə iş və gəlir imkanlarının aşağı olması insan köçünün başlıca səbəbidir. Axır ki, rəsmi açıqlanan bilgilər də daxili miqrasiyanın yüksək olmasını təsdiqləyib.

Azərbaycanda iqtisadi fəaliyyət paytaxt Bakı və ona yaxın ərazilərdə daha aktivdir. "Böyük Bakı" adlandırılan bu əraziyə Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu daxildir.

Xırdalanın real əhalisi iki dəfə çoxdur

Azərbaycanda əhalinin siyahıyaalınması son dəfə 2019-cu ildə aparılıb. Onun nəticələri göstərir ki, Abşeron yarımadasında əhalinin gerçək sayı rəsmi qeydiyyatdakılara nisbətdə daha çoxdur. Məsələn, 2019-cu ilin əvvəlinə olan rəsmi rəqəmlərinə görə, Abşeron rayonu əhalisinin 213 min nəfər olduğu açıqlanmışdı. Həmin il keçirilən siyahıyaalma zamanı üzə çıxıb ki, orada 476 min nəfər yaşayır. Başqa deyimlə, Abşeron rayonunda yaşayanların gerçək sayı rəsmi qeydiyyatdakı əhalinin sayından 263 min nəfər çoxdur. Bu rayonda özəlliklə Xırdalan şəhərinin real əhali sayına dair göstəricilər çox yüksəkdir. Ötən ilin əvvəlinə olan bilgiyə görə, şəhərin rəsmi əhalisi 101 min nəfərdir, ancaq siyahıyaalma zamanı şəhərdə bundan iki dəfə çox - 206 min nəfərin yaşadığı üzə çıxıb.

Təsadüfi deyil ki, bir müddət öncə Abşeron rayonunun icra hakimi də Xırdalan şəhərindəki məktəblərdə yaranmış durumla bağlı ilginc açıqlamalar vermişdi. Məlum olmuşdu ki, hazırda 2 min nəfər şagird tutumu olan Xırdalan şəhər 1 saylı tam orta məktəbində 6 min şagird, 1 min 380 nəfər şagird tutumu olan Xırdalan şəhər 2 saylı tam orta məktəbində 6 min 177 nəfər şagird, 960 nəfər şagird tutumu olan Xırdalan şəhər 5 saylı tam orta məktəbində 3 min 279 şagird, 640 nəfər şagird tutumu olan Saray qəsəbə 2 saylı tam orta məktəbində isə 2 min 24 nəfər şagird təhsil alır.

Bəs Bakı, bəs Sumqayıt?

Daxili miqrasiyanın əsas yönlərindən biri də Sumqayıtdır. Siyahıyaalmanın aparıldığı 2019-cu ildə açıqlanan bilgiyə görə, Sumqayıt şəhərinin rəsmi əhali sayı 343 min nəfərmiş. Amma DSK siyahıyaalma zamanı müəyyənləşdirib ki, şəhərdə mövcud əhali sayı 491 min nəfərdir. Bu o deməkdir ki, Sumqayıta ölkənin digər ərazilərindən, ən azı, 148 min nəfər köçüb. Belə çıxır ki, şəhərdə yaşayanların sayı rəsmi qeydiyyatda olanlardan, ən azı, 43 faiz çoxdur.

Ölkə içərisindəki miqrasiyanın başlıca yönü, təbii ki, paytaxt Bakıdır. 2019-cu ilin əvvəlinə olan məlumatda Bakıda əhali sayının 2 milyon 277 min nəfər olması açıqlanmışdı. Siyahıyaalmaya dair bilgilərdə isə paytaxtda rəsmi açıqlanan rəqəmlərlə müqayisədə 340 min nəfər çox - 2 milyon 617 nəfərin yaşaması qeyd edilib.

Siyahiyaalmaya dair rəqəmlərə güvənmək olarmı?

Siyahıyaalma ilə bağlı məlumatlardan aydın olur ki, Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda yaşayanların gerçək sayı rəsmi qeydiyyatda olan əhali ilə müqayisədə, ən azı, 750 min nəfər çoxdur. Ancaq gerçək mənzərə bu rəqəmlərdən də yüksək ola bilər. Məsələn, bir çox müstəqil ekspert alternativ hesablamalarla Bakıda 3 milyondan çox insanın yaşadığını müəyyənləşdirib. Bu, siyahıyaalmada ortaya çıxan nəticədən, ən azı, 400 min nəfər çoxdur.

Digər tərəfdən, dörd il öncə Abşeron Rayon İcra Hakimiyyətinin rəsmi saytında yayımlanan bir xəbər də siyahıyaalmanın nəticələri ilə bağlı suallar çıxarır. Həmin xəbərdə bildirilir ki, 2019-cu ildə əhalinin siyahıyaalınması zamanı Abşeron rayonunun 510 min 439 nəfər sakini olub. Siyahıyaalmanın nəticələrində isə bu rayonda toplam 476 min insanın yaşadığı qeyd edilib. İcra hakimiyyətinin açıqlaması ilə bu rəqəm arasında 34 min nəfər fərq nədən qaynaqlanıb?

Əhali niyə Abşeron yarımadasına köçür?

Rəsmi rəqəmlərin təhlili göstərir ki, Azərbaycanda paytaxt və əyalətlərin iqtisadi göstəriciləri arasında kəskin fərq var. Ötən il ölkədə buraxılan sənaye məhsulunun 90 faizə yaxını paytaxt Bakıda istehsal edilib. Ölkədə ictimai iaşə dövriyyəsinin də 60 faizdən çoxu Bakının payına düşüb. Bu rəqəmlər paytaxtdakı iqtisadi aktivlik səviyyəsi ilə rayonlar arasındakı kəskin fərqi üzə çıxarır. Bakıda iqtisadi fəaliyyətin daha aktiv olması insanlara daha çox gəlir qazanmaq şansı yaradır. Rəsmi rəqəmlərə görə, paytaxtda orta aylıq əməkhaqqı miqdarı min manatdan yüksəkdir. Di gəl, ölkənin digər rayon və şəhərlərinin mütləq əksəriyyətində bu göstərici Bakıdan iki dəfə azdır və 400-500 manat arasında dəyişir.

Gəlir imkanları ilə yanaşı, iş imkanları baxımından da bölgələr Bakıdan çox geri qalır. Məşğulluğa dair göstəricilərdən aydın olur ki, ölkədə sayı 1 milyon 700 min nəfərə yaxın muzdlu işçinin tən yarısı paytaxt Bakıda, qalan yarısı ölkənin geri qalan bölümündə fəaliyyət göstərir. Regionlarda yaşayan insanların dövlət idarəetməsi, təhsil, səhiyyə və hüquq-mühafizə sistemindən xaric sektorlarda iş tapmaq imkanı yox dərəcəsindədir.

Mövcud iş yerləri ilə yanaşı, yeni açılan iş yerləri sayının da Bakıda çox olması diqqət çəkir. Son açıqlanan rəqəmlərə görə, ölkədə yeni açılan iş yerlərinin 80 faizdən çoxu Bakının payına düşür. Ötən ilin ilk yarısında Azərbaycanda 33 min 511 yeni iş yeri açılıb. Bunların 27 min 177-si Bakıdadır. Həmin dövrdə yeni yaradılmış 7 min 900 müəssisə və təşkilatın da 6 min 635-i Bakı ilə bağlıdır. Bölgələrdə iş yerlərinin sayca məhdud, gəlir baxımındansa az olması əhalinin Bakıya axışmasını doğuran əsas amildir.

XS
SM
MD
LG