Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:38

Xarici jurnalistlər Bakıda enerji konfransına buraxılmayıb


Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 29-cu "Caspian Oil&Gas" və 12-ci "Caspian Power" sərgilərinin rəsmi açılış mərasimində. 4 iyun 2024
Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 29-cu "Caspian Oil&Gas" və 12-ci "Caspian Power" sərgilərinin rəsmi açılış mərasimində. 4 iyun 2024

İyunun əvvəlində Bakıda keçirilən enerji sənayesi konfransına bir neçə qərb jurnalisti buraxılmayıb. Bu haqda "The Guardian" iyunun 28-də məqalə dərc edib. Qəzet bu ilin noyabrında Bakıda BMT iqlim danışıqları öncəsi dövlətin mediaya təzyiqləri sarıdan narahatlığın artdığını yazır.

Böyük Britaniya və Fransadan azı üç jurnalist "The Guardian"a deyiblər ki, Bakı Enerji Həftəsi forumuna buraxılmayınca özlərini təhlükədə hiss ediblər. Həmin jurnalistlər bir neçə həftə öncədən tədbir üçün qeydiyyatdan keçdiklərini də söyləyiblər.

Jurnalistlərin sözlərinə görə, tədbirə buraxılmamalarına əsaslı səbəb göstərilməyib. Amma təşkilatçılarla "qorxuducu" və "təhdidedici" üzləşmələrdən sonra məkanı tərk ediblər.

Bu konfransdan az sonra "Human Rights Watch" insan haqları təşkilatı araşdırma yayaraq Azərbaycanda son bir ildə azı 25 jurnalist və fəalın həbs olunduğunu, barələrində hökm çıxarıldığını bildirib.

Rusca "aparın onları" deməsini eşidib

Sözügedən media təmsilçiləri "Montel News"un aparıcı araşdırmaçı jurnalistləri Lorens Uolker Kristofer İlsdir. Britaniyadan olan jurnalist isə Azərbaycan barədə tənqidi yazıları ilə tanınıb, ancaq adının çəkilməsini istəməyib. Onların üçü də tədbirə bir neçə həftə öncədən akkreditə olunduqlarını deyiblər.

Jurnalistlərin iddiasına görə, bir təşkilatçının telefonda rusca "aparın onları" deməsini eşidib. Onlar bunun məkanın təhlükəsizlik personalına zəng olduğuna inanırlar.

"Mətbuat azadlığının olmadığı, yerli jurnalistlərin həbsə atıldığı ölkədə nəyisə aydınlaşdırmağın yeri yoxdur", - İls söyləyib.

Bakı Enerji Həftəsi
Bakı Enerji Həftəsi

Olanları "anlaşılmazlıq" adlandıran "Caspian Event Organisers" şirkətinin sözçüsü deyib ki, jurnalistlər foruma deyil, sərgiyə akkreditasiya olunublar. Ancaq "The Guardian" yazır ki, jurnalistlərin e-mail yazışmasını görüb, onlar Bakıda müxtəlif məkanlarda keçirilən hər iki tədbirə çıxış istəyiblər.

Təşkilatçılar nə deyir

Sözçü əlavə edib ki, media mənsubları sonradan sərgidən də çıxarılıblar, çünki konfrans təşkilatçıları məsul şəxslərdən bu jurnalistlərə göz qoymağı, onların sərgiyə düşmələrinin qarşısını almağa çağırıblar.

Sözçü təşkilatçının üç "çox inadkar" xarici jurnalistə bu qədər enerji xərcləmək məcburiyyətində qaldığı üçün özünü xeyli təhqir olunmuş hiss etdiyini vurğulayıb. O, həmçinin reaksiyanın o qədər də peşəkar olmadığını etiraf edib, bunu tədbirin "çox gərgin" dövrü ilə əlaqələndirib.

"The Guardian" yazır ki, COP29-a media akkreditasiyası BMT-nin iqlim dəyişikliyi katibliyi vasitəsilə aparılacaq, jurnalistlər onlayn qeydiyyatdan keçəcəklər. COP29-un təşkilatçıları şərh verməyiblər.

Bakı Enerji Həftəsini Azərbaycan prezidenti İlham Əliyev açıb, İkigünlük foruma aparıcı neft şirkətləri sponsorluq ediblər.

Qəzet Azərbaycan hökumətinə də şərh üçün müraciət etdiyini yazır.

Xatırlatma

Ötən ilin noyabrından başlayaraq Azərbaycanda azı 20 jurnalist, ictimai fəal həbs edilib. Onların sırasında ToplumTV, AbzasMedia nəşrinin əməkdaşları da var və, əsasən, qaçaqmalçılıqda ittiham edilirlər. Amma ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 250-300 siyasi məhbus var.

Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.

XS
SM
MD
LG