Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:57

Azərbaycan bankları böhrana nə qədər hazırdır?


Mərkəzi Bankda kadr dəyişikliyi nədən xəbər verir?
Gözlə

No media source currently available

0:00 0:03:39 0:00

Mərkəzi Bankda kadr dəyişikliyi nədən xəbər verir? (Arxiv. 2022)

Dünyanın ən böyük iqtisadiyyatı sayılan ABŞ-da bir neçə bankın batması dünyanın hər yerində maliyyə sektoruna acı düşüncələr yaşadıb. artırıb. Niyə? Axı bank sektoru iqtisadiyyatın qan damarı sayılır. Bu üzdən banklarla bağlı hər hansı problem ardınca iqtisadiyyatın bütün sektorlarında əlavə çətinliklər doğurur.

ABŞ bankı niyə bağlanıb?

Unutmaq olmaz ki, ABŞ-da bankların bağlanmasına gətirib çıxaran səbəblər indi dünya ölkələrinin çoxunda aktual olan problemlərdən irəli gəlir. Məsələn, analitiklər – olayı incələyənlər uçot dərəcəsinin artırılmasını "Silikon Vadisi Bankı"nın müflisləşməsinin əsas səbəblərindən biri sayırlar. Son illər qlobal iqtisadiyyatda, eləcə də ABŞ iqtisadiyyatında inflyasiya artır. Bu durumda uçot dərəcəsinin artırılması mərkəzi bankların tətbiq etdiyi başlıca mexanizmdir. Beləcə, uçot dərəcələrini artırmaqla mərkəzi banklar kredit resurslarının bahalaşmasının qarşısını almağa, dolayısıyla, iqtisadi aktivliyi azaltmağa çalışır. Axı uçot dərəcəsi artarkən kredit faizləri yüksəlir, nəticədə iqtisadi resurslar məhdudlaşdırılır və iqtisadi aktivlik zəiflədilir. İqtisadi aktivlik zəifdirsə və iqtisadi fəallığı artırmağa ehtiyac varsa, o zaman Mərkəzi Bank, bir qayda olaraq, uçot dərəcələrini aşağı salır. Bu zaman bankların aktiv kreditləşməsinə şərait yaranır və bu, sahibkarların, ev təsərrüfatlarının aktiv kreditləşməsinə və iqtisadi fəaliyyətin artmasına səbəb olur.

ABŞ-da mərkəzi bank funksiyasını yerinə yetirən Federal Ehtiyatlar Sistemi (FED) də son dönəmlər uçot dərəcələrinin artırılması istiqamətində qərarlar qəbul edir. Bu zaman qiymətli kağızların da gəlirliliyi azalır. ABŞ-da qiymətli kağızlar bazarının çox gəlişdiyi diqqətə alınsa, deməli, banklar cəlb etdiyi vəsaiti, əsasən, məhz qiymətli kağızlar bazarına yatırır. Bu baxımdan, uçot dərəcələrinin artması "Silikon Vadisi Bankı" kimi əlində böyük həcmdə qiymətli kağız portfeli olan bankların gəlirliyini aşağı salıb.

Bu bankla bağlı durumu çətinləşdirən daha bir məqam var. Sözügedən bank özəlliklə texnologiya sahəsində startaplar üzrə ixtisaslaşıb. Həmin sahədə fəaliyyət göstərən şirkətlərsə ötən il ciddi ölçüdə nağd pul vəsaitlərindən yararlanıb. Bu məqam bankın həm gəlir səviyyəsini azaldıb, həm də likvidliklə bağlı çağırışlar doğurub. "Silikon Vadisi Bankı" 2008-ci il qlobal böhranından sonra ABŞ-da bağlanan ən böyük bankdır.

Azərbaycan bankları bundan dərs almalı

"Silikon Vadisi Bankı"nın problem yaşadan amillərdən biri – sadəcə məhdud sektorda fəaliyyət göstərən şirkətlər üzrə ixtisaslaşmaq Azərbaycan bankları üçün də əsas risklərdən biridir. Axı Azərbaycanda qiymətli kağızlar bazarı çox zəif inkişaf edib. Bu üzdən bankların gəlirlərinin əsas hissəsi kredit faizləridir, çünki kredit satmaqdan başqa digər sahələrdə zəif fəaliyyət göstərirlər. Kreditlərin əsas hissəsi isə istehlak kreditləri - vətəndaşlara verilən kreditlərdir. Doğrudur, son illərdə ölkədə nağdsız ödənişlərin həcmində kəskin artım qeydə alınır və bankların plastik kartlardan əldə etdiyi əməliyyat gəlirləri artır. Ancaq bu tip gəlirlər kredit satışından əldə edilən gəlirlə müqayisədə çox azdır. Ölkədə nağdsız ödənişlərin istənilən səviyyədə artmamasının da əsas səbəblərindən biri elə hökumətin fiskal siyasətidir. Bir çox sahibkar vergi ödənişlərindən yayınmaq üçün müştərilərin nağdsız ödənişlərlə bağlı təkliflərinə isti yanaşmır. Onlar müxtəlif bəhanələrlə pulu müştəridən nağd almağa və ya öz kartlarına köçürməyə nail olmaq istəyirlər. Bu isə ölkədə tətbiq edilən vergi siyasətinin sahibkarların ürəyincə olmadığının göstəricisidir.

Ölkə iqtisadiyyatının çeşidli sahələrinin gəlişməməsi, iri şirkətlərin yalnız məhdud sektorlarda fəaliyyəti bankların biznes müştərilərinin də sayını azaldır. Digər tərəfdən, ölkədə kiçik və orta sahibkarlığın məhdud inkişafı da bankları potensial müştərilərdən məhrum qoyur. Bu baxımdan, aydın olur ki, ölkədə biznes ortamının cəlbedici olmaması, rəqabətlə bağlı ciddi problemlər bank sektoru ilə bağlı riskləri ortaya çıxaran əsas səbəblərdir. Axı ölkədə cəlbedici biznes mühiti olsaydı, daha çox yerli və xarici şirkətlər fəaliyyət göstərər, beləcə, həm bankların müştəri sayı çoxalar, həm də çeşidli sahələrdən olan şirkətlərlə əməkdaşlıq yaranardı. Düzdür, onu da unutmaq olmaz ki, 2015-ci ildəki devalvasiyanın ardınca Azərbaycanın bank sistemində tənzimləmələr nisbətən sərtləşdirildi. Vətəndaşlara verilən kreditlərə vətəndaşın maaşına əsasən limit tətbiqi, dollar kreditlərinin məhdudlaşdırılması bankları daha az riskli kreditləşəməyə məcbur edir. Bununla belə, bank sektorunda hələ də ciddi risklər qalmaqdadır.

Azərbaycan bank sektorunda əsas risk amilləri

Banklara güvən məsələsi Azərbaycanda əhalisi arasında hər zaman mübahisə doğurur. Ölkədə özəl bankların yeni yarandığı dövrdə - 90-cı illərdə yaşanan problemlər hələ də bəlli yaş qrupu üçün bankları arzuolunmaz edir. Axı həmin dövrdə minlərlə vətəndaş öz əmanətlərini banklara etibar etmiş, ancaq sonda aldadılmışdı. Bank sisteminə güvən 2015-ci ildəki devalvasiya dövründə də sarsıldı. Devalvasiyadan bir qədər öncə - 2014-cü ildə Azərbaycanda düz 44 bank fəaliyyət göstərirdi. Milli valyutanın iki dəfə dəyər itirməsindən sonra onların təxminən üçdə biri müflisləşdi. Hazırda Azərbaycanda 25 bank fəaliyyət göstərir. Bu o deməkdir ki, devalvasiyadan sonrakı dövrdə Azərbaycandakı bankların sayı, az qala, yarıbayarı azalıb.

İndi Azərbaycanın bank sistemində riskləri artıran başlıca amil haqsız rəqabətdir. Ölkədə sosial ödənişlər və dövlət sektorundakı maaş kartları yalnız iki banka məxsusdur. Azərbaycan Beynəlxalq Bankına və prezidentin ailə üzvlərinin səhmdarı olduğu "Kapital Bank"a. Bu iki bank hər il dövlət qurumlarından milyonlarla manat vəsait alır. Eyni zamanda, ölkə əhalisinin böyük hissəsi maaş və sosial ödənişləri bu banklardan aldığından onlar vətəndaşlara kredit vermək üçün də üstünlük qazanırlar. Bu üzdən indi Azərbaycan bank sistemində həm aktivlərin, həm kredit portfelinin, həm də mənfəətin təxminən 80 faizə yaxını dövlətə və "Paşa Holdinq"ə məxsusdur. Əsas gəlirlər bu banklar arasında bölüşdürüldüyündən yerdə qalan banklar bazarda daha az paya yiyələnə bilir. Mərkəzi Bankın bugünlərdə yayımladığı "Maliyyə dayanıqlılığı" hesabatında da bildirilir ki, Azərbaycanda mənfəətin həcminə görə ilk üçlükdəki banklar toplam mənfəətin 78 faizinə sahib olub. Bu üç bank isə dövlətə məxsus Azərbaycan Beynəlxalq Bankı və "Paşa Holdinq"ə daxil olan "Kapital Bank"la "Paşa Bank"dır.

Azərbaycan bank sistemi üçün xarakterik daha bir risk məmurlarla bağlıdır. Əvvəlki illərin təcrübəsi göstərir ki, məmurların himayədarlıq və ya qeyri-rəsmi yollarla rəhbərlik etdiyi bankların nə qədər yaxşı maliyyə göstəriciləri olsa da, həmin məmurun vəzifəsini itirməsi halında ciddi risklərlə üzləşir. Məsələn, keçmiş vergilər naziri Fazil Məmmədov vəzifəsini itirdikdən sonra bir vaxtlar ölkənin ən böyük banklarından olan "Ata Bank"ın göstəriciləri zəifləmiş və sonda bu bank bağlanmışdı. Keçmiş nəqliyyat naziri Ziya Məmmədova yaxınlığı ilə bilinən "Bank of Azerbaijan" da nazirin karyerasının enişə keçməsi ilə birlikdə müflisləşməyə başlamış və, nəhayət, batmışdı.

Azərbaycan bank sektoru üçün digər bir ciddi risk amili öhdəliklərin strukturudur. Ötən ilin sonuna olan göstəricilərə görə, ölkədə bank öhdəliklərinin 80 faizi aşan bölümü depozitlərdir. Xarici kreditlərin və Mərkəzi Bankın vəsaitlərinin bankların öhdəliklərində az yer tutması bunun əsas səbəblərindən biridir. Bank sisteminin depozitlərdən bu qədər yüksək asılılığı isə əlavə risklər yaradır, çünki böhran gözləntisi yaransa və həm vətəndaşlar, həm də şirkətlər banklardakı vəsaitlərini tezcə çıxarmağa çalışsa, bu, bank sektorunda ciddi problemlərə yol açar. Bu baxımdan, Mərkəzi Bank əhalini banklarda pul saxlamağa həvəsləndirmək üçün əmanətlərin qorunması mexanizmini tətbiq edir. Hazırda 100 min manata və illik 12 faizə qədər faiz dərəcəsi ilə banklarda yerləşdirilən əmanətlərə dövlət zəmanəti verilir. Bununla belə, bankların depozitlərdən bu qədər yüksək asılılığı risk amili olaraq qalmaqdadır.

XS
SM
MD
LG