Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:38

Bankların yarıdan çoxu hesabatını açıqlamayıb


Karikatura.
Karikatura.

Bu ilin 3-cü rübünün bitməsindən 1 aydan çox ötür. Qanunvericiliyə əsasən, banklar saytlarında rübün maliyyə nəticələrini göstərən hesabatlarını dərc etməli idi. Lakin 32 bankdan yalnız 10-u hesabatını açıqlayıb. Açıqlayanlar da qanunvericiliyə zidd olaraq, açıqlama tarixini göstərməyib. Bankların hesabatlılıq durumunu AzadlıqRadiosuna dəyərləndirən bank məsələləri eksperti Əkrəm Həsənov deyir ki, bu il bağlanan banklar da hesabatlarını daim gizlədirdilər: «Buna görə də, hesabatı gizlədən banka qətiyyən etibar etmək, orada pul saxlamaq olmaz. Düzdür, hesabatı açıqlayan banka da etimad şərtidir, çünki Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP-nin) məlumatına görə, bəzi banklar hesabatları təhrif olunmuş şəkildə təqdim edir».

«REKLAMA İNANMAYIN»

Ekspert bankların reklamına inanmamağı tövsiyə edir: «Ay nə bilim, «kapitalı artırdıq», «bunu etdik», «ona nail olduq» və s. Əgər bank hesabatını gizlədirsə, hamısı boş şeydir. Təəssüf ki, MBNP də indiyədək bankların hesabatlarının açıqlanmasına nail ola bilməyib. Belə adi bir şeyin öhdəsindən gələ bilməyən Palata digər problemləri necə həll edəcək?!».

Ə.Həsənov hesabatlar üzrə bir sıra meyarlara dayanaraq, bankları 4 qrupa ayırıb:

Hesabatı müntəzəm gizlədənlər və bununla da qanunvericiliyi pozan 21 bank: AccessBank, AGBank, AmrahBank, AtaBank, Bank VTB, Bank Respublika, Bank BTB, DəmirBank, ExpressBank, GünayBank, KapitalBank, MuğanBank, Nikoil Bank, NBC Bank, NaxçıvanBank, PaşaBank, Pakistan Milli Bankının Bakı filialı, RabitəBank və XalqBank.

Hesabatı ilk dəfə açıqlamayan bank TuranBank-dır. Ötən rübün hesabatına görə, bu bankın 0.8 milyon manata yaxın zərəri var idi.

Hesabatı uzun fasilədən sonra açıqlayanlar Bank of Baku və UniBank-dır.

Hesabatlarını dərc edən 8 bank isə bunlardır:

1. Azərbaycan Sənaye Bankı – 19 milyon manatdan çox xalis mənfəəti var (ötən rübdə 17 milyon manatdan çox idi).

2. Caspian Development Bank – 19 milyon manatdan çox xalis mənfəəti var (ötən rübdə 14 milyon manatdan çox idi).

3. YapiKrediBank – 14 milyon manatdan çox xalis mənfəəti var (ötən rübdə 13 milyon manatdan çox idi), amma sırf bu ildə 5 milyon manatdan çox zərərə məruz qalıb.

4. AFB Bank –13 milyon xalis mənfəəti var (ötən rübdə 8 milyon manatdan çox idi).

5. Ziraat Bank –9 milyon manatxalis mənfəəti var (ötən rübdə təxmini 7 milyon manat idi).

6. Bank Silk Way – 7 milyon manatdan çox xalis mənfəəti var (ötən rübdə 1 milyon manatdan çox idi).

7. Bank Avrasiya: 6 milyon manatdan çox xalis mənfəəti var (ötən rübdə 4 milyon manatdan çox idi). Bu bank hesabatları rüblük deyil, aylıq açıqlamağa başlayıb.

8. Bank Melli İran - Bakı filialı – 15 milyon manatdan çox zərəri var (ötən rübdə 0.5 milyon manat zərəri var idi), məcmu kapitalı barədə məlumatı açıqlamayıb. Görünən odur ki, məcmu kapital tələbini (50 milyon manat) də pozur.

LƏĞVETMƏ SƏBƏBLƏRİ İŞİNDƏ HESABATLAR DA VARMIŞ

Bankların maliyyə hesabatlılığı bu ilin avqustunda bank rəhbərlərinin MBNP sədri Rüfət Aslanlı ilə görüşündə geniş müzakirə olunub. Görüşdə banklara tapşırılıb ki, hər bir bank bütün göstəriciləri vaxtında və düzgün şəkildə Palataya təqdim etməlidir. Həmçinin, banklar saytlarında ardıcıl şəkildə, problemli kreditlər daxil bütün maliyyə hesabatlarını vaxtında açıqlamalıdırlar.

MBNP «DekaBank» ASC, «KredoBank» ASC, «ParaBank» ASC və «ZaminBank» ASC-nin lisenziyalarının ləğvinin səbəblərindən biri kimi «təhrif edilmiş hesabat»ları göstərib.

XS
SM
MD
LG