Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:47

Ötən il Azərbaycan bankları 1 milyard manatdan çox qazanc əldə edib


Dövlətə məxsus Azərbaycan Beynəlxalq Bankı mənfəətin həcminə görə lider olub.
Dövlətə məxsus Azərbaycan Beynəlxalq Bankı mənfəətin həcminə görə lider olub.

Mərkəzi Bank Azərbaycanın bank sektoru ilə bağlı 2023-cü ilin göstəricilərini açıqlayıb. Açıqlanan rəqəmlərdən bəlli olur ki, ötən il Azərbaycanın bank sektorunun toplam qazancı 1 milyard manatı aşır. 2023-cü ildə bank sektoru toplam 1 milyard 76 milyon manat mənfəət əldə edib. 2022-ci ildə bu göstərici 915 milyon manat idi. Deməli, ötən il Azərbaycanın bank sektorunun mənfəəti 2022-ci illə müqayisədə 161 milyon manat və ya 18 faiz artıb.

İndi Azərbaycanda 22 bank fəaliyyət göstərir. Maliyyə hesabatlarının təhlili göstərir ki, ölkədəki 22 bankdan 21-i ötən ili mənfəətlə başa vurub. Təkcə "Bank BTB" 3 milyon manata yaxın zərər edib. Dövlətə məxsus Azərbaycan Beynəlxalq Bankı mənfəətin həcminə görə lider olub. Beynəlxalq Bank ili 322.2 milyon manat mənfəətlə baş vurub. Dövlətə məxsus digər bankın – "AzərTürkBank"ın da mənfəəti nəzərə alınsa, ötən il dövlət bankları toplam 336.3 milyon manat qazanc əldə edib. Başqa deyimlə, bank sektorunun toplam mənfəətinin təxminən 31.2 faizi dövlətə çatıb. 2022-ci illə müqayisədə dövlət banklarının mənfəəti 75 milyon manat artıb.

Mənfəətin həcminə görə ikinci, üçüncü və dördüncü yeri tutan üç bankın ortaq özəlliyi odur ki, bu bankların səhmdarları arasında prezident İlham Əliyevin ailə üzvləri var. Həmin banklardan "Kapital Bank" ili 242.2 milyon manat, "Paşa Bank" 199.2 milyon manat, "Xalq Bank" 52 milyon manat qazanc götürüb. Deməli, prezidentin ailə üzvlərinin səhmdar olduğu banklar ötən il 493.5 milyon manat mənfəət əldə edib. Bu, 2022-ci illə müqayisədə 110 milyon manat artım deməkdir. Ötən il ölkənin bank sektorunun toplam mənfəətinin 46 faizi bu banklara çatıb.

Əliyevlərin bankları devalvasiya hesabına necə varlandı?
Gözlə

No media source currently available

0:00 0:08:33 0:00

Həm əhalinin, həm də biznes subyektlərinin borcu artıb

Rəsmi rəqəmlərdən görünür ki, ötən il həm əhalinin, həm də biznes subyektlərinin banklara olan borcu artıb. Əgər 2023-cü il başlayarkən əhalinin banklara olan toplam borcu 5.7 milyard manat idisə, ilin sonunda bu göstərici 6.9 milyard manata yüksəlib, yəni il ərzində əhalinin banklara olan borcu 1.2 milyard manat və ya 21 faiz artıb.

İl ərzində biznes subyektlərinin banklara olan borcu isə 10.8 milyard manatdan 12.6 milyarda yüksəlib. Bu, il ərzində biznes kreditləri portfelinin 1.8 milyard manat və ya 17 faiz artması deməkdir. İpoteka kreditləri də nəzərə alınsa, bankların kredit portfeli ötən il ərzində 19.6 milyard manatdan 23.2 milyard manata yüksəlib.

Depozitlər daha az artıb

Rəsmi rəqəmlərdən görünür ki, əhalinin bank depozitlərinin həcmi kreditlərin artım tempi ilə müqayisədə daha az artıb. Ötən il ərzində əhalinin banklardakı müddətli depozitlərinin həcmi 6 milyard 204 milyon manatdan 6 milyard 882 milyon manata yüksəlib. Bu, il ərzində 11 faiz artım deməkdir. Əhalinin tələbli depozitləri, yəni müddətli əmanət yerləşdirmədən hesablarında olan pulun həcmi isə 2023-cü il ərzində 5 milyard 279 milyon manatdan 5 milyard 700 milyon manata yüksəlib. Bu, il ərzində 8 faiz artım deməkdir.

2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsinin başlaması Azərbaycan banklarında qeyri-rezidentlərə məxsus əmanətləri kəskin artırmışdı. Mərkəzi Bankın açıqladığı rəqəmlərdən görünür ki, ötən il bu proses nisbətən səngiyib.

Əhalinin banklara borcu 1 milyard manat artıb – 'Faizlər çox yüksəkdir'
Gözlə

No media source currently available

0:00 0:03:03 0:00

Müharibədən sonra, özəlliklə Rusiyada fəaliyyət göstərən Azərbaycanəsilli şəxslər öz kapitallarını Azərbaycana gətirməyə başlamışdı. Əgər müharibə başlamadan – 2022-ci il yanvarın sonunda qeyri-rezidentlərin Azərbaycan banklarında vəsaitlərinin həcmi 294 milyon manat idisə, ilin sonunda bu rəqəm artıq 1 milyard 174 milyon manata çatmış, altı dəfəyə yaxın artmışdı. 2023-cü ilin sonunda qeyri-rezidentlərin Azərbaycan banklarındakı vəsaitlərinin həcmi 1 milyard 243 milyon manat olub. Bu, 2022-ci illə müqayisədə yüksək göstərici olsa da, 2023-cü ilin ortası ilə müqayisədə daha aşağı rəqəmdir. Qeyri-rezidentlərin Azərbaycan banklarındakı vəsaitlərinin həcmi öz pikini ötən ilin iyulunda yaşamışdı. Həmin vaxt qeyri-rezident əmanətlərinin toplam həcmi ilin sonu ilə müqayisədə təxminən 100 milyon manat daha yüksək - 1 milyard 344 milyon manat idi.

Nağdsız ödənişlər yenə artmaqdadır

2020-ci ildən bəri Azərbaycanda bank kartlarının sayında və nağdsız ödənişlərin həcmində kəskin artım gözə çarpır. Bu artım trendi 2023-cü ildə də davam edib. Ötən il ərzində Azərbaycandakı bank kartlarının sayı 13.8 milyondan 16.9 milyon ədədə çatıb, yəni 3.1 milyon ədəd və ya 22 faiz artıb. Sırf kredit kartlarına gəlincə, ölkədə kredit kartlarının sayı 1.8 milyondan 2.2 milyona yüksəlib. Deməli, onların sayı 22 faiz artıb.

Nağdsız ödənişlərin həcmi baxımından POS-terminal ödənişlərin həcmi daha aydın mənzərə yaradır. Ötən il Azərbaycanda POS-terminallar vasitəsi ilə 9.7 milyard manatlıq ödəniş gerçəkləşdirilib. 2022-ci ildə bu göstərici 5.8 milyard manat idi. Deməli, ötən il ölkədə POS-terminallar vasitəsi ilə baş tutan dövriyyənin həcmi 4 milyard manata yaxın – 67 faiz yüksəlib. 2019-cu illə müqayisədə POS-terminal ödənişlərinin həcmindəki artım yeddi dəfədən çoxdur.

XS
SM
MD
LG