Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:28

Ermənistan və Qazaxıstan bankları Rusiya ödənişlərini bloklayırlar


Ermənistan Mərkəzi Bankı
Ermənistan Mərkəzi Bankı

Ermənistan, Qazaxıstan və Honq Konqun bankları Rusiya şirkətlərinin prosessorlar, mikrosxemlər və başqa elektronika malları üçün ödənişlərinin bloklanmasına başlayıblar.

Bu mallar Rusiyaya “paralel idxal” sxemi ilə sanksiyalardan yan keçilərək gətirilir.

Rusiyanın Kommersant qəzeti yazır ki, Rusiya şirkətləri malların nomenklatura koduna uyğun olaraq ödənişlərin bloklanması problemi ilə son iki həftədə üzləşməyə başlayıblar.

Rusiya hökumətinə yaxın başqa bir mənbə isə qəzetə bildirib ki, son nəsildən olan telekommunikasiya avadanlığı, habelə məlumatların saxlanması sistemləri və serverlər üçün ödənişlər də bloklanır.

Qəzetin müsahiblərindən birinin fikrincə Rusiya şirkətlərindən ödənişlərin bloklanması Ermənistan və Qazaxıstan banklarının ABŞ sanksiyalarından çəkinməsi ilə bağlıdır.

ABŞ onun sanksiya siyahılarına düşmüş Rusiya vətəndaşları və şirkətləri ilə hər hansı əməkdaşlığı qadağan edib.

Kommersant qəzetinin mənbələri bunu da bildiriblər ki, Rusiya şirkətləri elektron komponentlər üçün ödənişləri “alternativ” kodlarla etməklə bank yoxlanışından yayına bilərlər.

Ermənistandan Türkiyəyə gedən qatarları kim dayandırdı?- 30 il öncəki detallar açılır
Gözlə

No media source currently available

0:00 0:03:57 0:00

Sanksiyalardan yan keçmək çətin olacaq

Lakin bank sistemindəki mənbə bildirib ki, bunu etmək son dərəcə çətin olacaq, çünki banklar Rusiyadan ödənişləri “bir-bir” və “əllə” yoxlayırlar.

Rusiyadakı Optimaloq logistika firmasının baş direktoru Georgi Vlastopulo Kommersant qəzetinə deyib ki, banklar tərəfindən nəzarətin gücləndirilməsi Rusiya bazarında elektronika mallarının qıtlığına səbəb ola bilər:

"Komponentləri, ehtiyat hissələrini, kompüterləri və sair malları istehsalçı ölkədən birbaşa almaq imkanı yoxdur, bunu üçüncü ölkələr vasitəsilə etmək isə günü gündən çətinləşir. Buna görə də Rusiyada sanksiyalı malların defisiti yarana bilər”.

Rusiya Ukraynaya tammiqyaslı müdaxilə edəndən bəri Qərb ölkələri Rusiya üzərinə sanksiyalar qoyaraq ona hərbi texnikanın və ya hərbidə istifadə oluna biləcək malların satışını qadağan edib.

Lakin Rusiya həmin malları üçüncü ölkələr, əsasən də Mərkəzi Asiya ölkələri və Ermənistan vasitəsilə sanksiyalardan yan keçərək ala bilir.

Rusiyanın “Vajnıye istorii” saytı, OCCRP jurnalist qrupu və Der Spiegel jurnalı 2023-cü ilin mayında aşkar etmişdilər ki, sanksiyalara baxmayaraq Rusiyanın müdafiə sənayesi və Müdafiə Nazirliyi mikroelektronika mallarını və Çin dronlarını Qazaxıstan vasitəsilə almaqda davam edir.

XS
SM
MD
LG