Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:37

Azərbaycanda baramaçılığın geri getməsi…


Barama istehsalı iki dəfə düşüb
Barama istehsalı iki dəfə düşüb

Azərbaycanın ipək ixracından gəliri təqribən 50 faiz azalıb. Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan cəmi 1.7 milyon ABŞ dolları dəyərində ipək ixrac edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 49.4 faiz azdır.

2017-ci ildə "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib. Həmin proqrama əsasən, 2025-ci ildə Azərbaycanda 6 min ton yaş barama istehsal olunmalı idi.

Bu illər ərzində bu sahəyə böyük sərmayə qoyulması ilə bağlı rəsmi məlumatlar yayılıb. Təkcə 2016-cı ildə baramaçılığın yem bazasının bərpa olunması üçün Çin Xalq Respublikasından Azərbaycana 3.5 milyon tut tingi gətirildiyi, əvəzi ödənilmədən 38 rayonda kümçülərə paylandığı və 350 hektara yaxın sahədə yeni tut bağları salındığı bildirilir…

Artım, azalma, artım və yenə azalma

Nəticədə 2016-cı ildə Azərbaycanda 70.7 ton, 2017-ci ildə 245 ton, 2018-ci ildə 514 ton, 2019-cu ildə də 641 ton yaş barama istehsal edilib. Lakin 2020-ci ildə 2019-cu ilə nisbətdə 30.6 faiz az – 446.6 ton barama istehsal olunub. Bu, koronavirus pandemiyası ilə izah edilib. 2021-ci ildə isə barama istehsalı 497.4 tona qədər artsa da, 2022-ci ildə yenidən kəskin şəkildə - 31 faiz azalaraq 341 ton olub.

1 kiloqram yaş baramaya görə 11 manat

Rəsmi qurumlar bu azalmanın səbəblərini indi izah etmirlər. Amma Kənd Təsərrüfatı Nazirliyindən "Turan"a bildirilib ki, yaş barama istehsalını dövlət subsidiyalaşdırır: "2022-ci ildən yaş barama tədarükünə görə dövlət tərəfindən verilən subsidiyanın məbləği və məhsulun alış qiyməti artırılıb. Kümçülər yaş baramanı kiloqramı 5 manatdan "Azəripək" MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödəyir. Ümumilikdə, fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 11 manat alır".

Məktəbdə barama saxlamaqla iqtisadi inkişaf
Gözlə

No media source currently available

0:00 0:07:45 0:00

Nazirlikdən qeyd olunub ki, ötən il kümçülərə əvəzsiz olaraq 11 min 130 qutu ipəkqurdu toxumu paylanıb. Həmçinin, kompleks tədbirlər çərçivəsində 1 milyona yaxın yerli tut tingi istehsal olunaraq əkin üçün hazırlanıb. Əlavə edilib ki, 2022-ci ildə Azərbaycanın 40 rayonunda yaş barama tədarükü aparılıb.

"Azəripək" MMC-dən isə bildirilib ki, ötən ilin yanvar-noyabr aylarında 27.1 ton xam ipək istehsal olunub: "Burada istehsal olunan ipək parça, kəlağayı, xalça, şərf, müxtəlif baş örtükləri, ilməlik sap və digər məhsullar Türkiyəyə, İrana, Hindistana ixrac edilir, daxili bazarda satışı həyata keçirilir".

"Fermerlərin bu sahəyə marağı azalıb"

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmli isə AzadlıqRadiosuna bildirib ki, ipək ixracının azalmasının səbəbi xammal istehsalının azalması ilə bağlıdır: "2019-cu illə müqayisədə 2022-ci ildə xammal - barama istehsalı iki dəfəyə yaxın düşüb".

V.Məhərrəmli
V.Məhərrəmli

Ekspertin sözlərinə görə, barama istehsalının azalmasının da səbəbləri var: "Son vaxtlar fermerlərin bu sahəyə marağı azalıb. Ona görə ki, kifayət qədər yem bazası yoxdur. Çindən tinglər gətirildi, həmin ölkədən mütəxəssislər cəlb edildi, bağlar salındı, böyük həcmdə maliyyə resursları xərcləndi, halbuki bütün bunlar köklü şəkildə vəziyyəti dəyişmədi və imitasiya xarakterli idi".

Onun fikrincə, torpaq əraziləri ayırmaq lazım idi ki, kəndlilər özləri orada çəkil bağları salsın: "Buna dövlət ciddi fikir vermədi. Amma yem bazası olmadan baramaçılığı inkişaf etdirmək mümkün deyil".

XS
SM
MD
LG