Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:49

Rusiya Kupyansk muzeyini hədəfə alıb


Kupyansk ötən ilin sentyabrında Rusiya işğalından azad edilib
Kupyansk ötən ilin sentyabrında Rusiya işğalından azad edilib

Rusiyanın Ukraynanın şərqindəki Kupyansk şəhərindəki muzeyə raket zərbəsində azı bir nəfər ölüb, 10 nəfər yaralanıb. Ordunun məlumatına görə, ötən gün Baxmut uğrunda aparılan döyüşlər şiddətlənib və Volodimir Zelenski rusların hücumunu “barbarca” adlandırıb.

Xarkov Vilayəti Hərbi Administrasiyasının rəhbəri Oleh Synehubov AzadlıqRadiosuna bildirib ki, aprelin 25-də Kupyansk şəhər mərkəzinə endirilən zərbəyə S-300 tipli raketlər cəlb olunub, onlardan biri isə Tarix-Diyarşünaslıq Muzeyinə düşüb.

Synehubovun sözlərinə görə, xilasetmə işləri davam edir və rəsmilər dağıntılar altında ən az daha bir nəfərin ola biləcəyini düşünür.

"Terrorçu ölkə bizi tamamilə məhv etmək üçün əlindən gələni edir – tariximizi, mədəniyyətimizi, xalqımızı. Ukraynalıları tamamilə barbar üsullarla öldürmək istəyir”, –Telegram kanalında yazan Zelenski "biz cavab verməliyik və verəcəyik!", deyə əlavə edir:

Eyni zamanda, Ukrayna ordusu bildirib ki, Rusiya qüvvələri son 24 saat ərzində Baxmuta daha intensiv hücumlar edib, lakin Donetsk vilayətinin şərqindəki bu şəhər uğrunda aylarla gedən döyüşlərdə hansısa tərəf əsaslı irəliləməyə nail olmayıb.

Baxmutda şiddətli döyüşlər gedir

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının aprelin 25-də Baxmut şəhəri uğrunda şiddətli döyüşlərin getdiyini bildirib. Rusiya tərəfinin əsasən, Baxmut-Avdiyivka-Maryinka cəbhə xəttinə zərbə vurmağı hədəflədiyi qeyd edilir.

Baş Qərargah Rusiya qüvvələrinin Ukrayna ordusunun mövqelərinə və mülki obyektlərinə 62 hava və 6 raket zərbəsi endirdiyi də vurğulayır.

Məlumatda qeyd edilir ki, ukraynalı müdafiəçilər Rusiyanın Baxmut və Maryinkaya yönəldilmiş 43 hücumunu dəf ediblər.

Ukrayna müdafiə nazirinin müavini Hanna Malyar Baxmutdakı döyüşləri “davamlı dinamik proses” kimi dəyərləndirib.

Malyar aprelin 25-də Telegram kanalında yazır: "Bu gün döyüşdə mövqelərimizi itirə bilərik, ertəsi gün isə onları geri alarıq; bu səbəbdən hərbçilər nəticə barədə əməliyyat bitdikdən sonra danışmağa üstünlük verirlər".

Malyardan öncə Rusiyanın Vaqner qrupu muzdluları şəhərə demək olar ki, tamamilə nəzarət etdiklərini deyiblər. Ukraynalı komandirlər bu iddianı təkzib ediblər.

Körbidən xəbərdarlıq

Vaşinqtonda Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Körbi (John Kirby) “havalar istiləşməyə başlayandan sonra Rusiya qüvvələri hücumları gücləndirə bilər” deyə xəbərdarlıq edib.

"Biz bilirik ki, yazda, hava yaxşılaşanda – artıq yaxşılaşmağa başlayır – rusların bəzi bölgələrdə hücuma keçmək istəyəcəklərini gözləyə bilərik. Biz dəqiq bilmirik, onlar bunu hara və necə edəcək, lakin əmin olmaq istəyirik ki, ukraynalılar yaxşı müdafiə oluna biləcəklər”, – Körbi aprelin 24-də Amerikanın Səsi-nə bildirib.

Eyni zamanda, Körbi əlavə edib ki, Ukrayna əks-hücum əməliyyatlarını həyata keçirmək qərarına gəlsə, müəyyən imkanlara malik olmalıdır.

Hərbi ekspertlər ukraynalıların yaz aylarında geniş miqyaslı əks-hücuma hazırlaşdıqlarını bildirir, Ukrayna liderləri də buna eyham vurur.

XS
SM
MD
LG