Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:32

Bayden prezidentliyinin son aylarında demokratiya və Ukraynaya dəstək vəd edir


Co Bayden
Co Bayden

ABŞ prezidenti Co Bayden (Joe Biden) seçki yarışından çəkiləndən sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış edib. O, prezidentliyinin son aylarında ölkəsində, eləcə də Ukrayna kimi müttəfiqlərdə demokratiyanı müdafiə etmək andı içib.

İyulun 24-də xalqa müraciətində Bayden 5 noyabr prezident seçkisinə qatılmamaq qərarını da izah edib, deyib ki, şəxsi ambisiyanı kənara qoymaq, yeni nəslin rəhbərliyə keçməsinə imkan verməyin vaxtı çatmışdı.

Bayden respublikaçı rəqibi Donald Trampa (Donald Trump) qarşı mübarizə aparmaq əvəzinə vitse-prezident Kamala Harrisi Demokratlar Partiyasının namizədi kimi görmək istəyini açıqlayıb. 81 yaşlı prezident deyib ki, o, Amerikanın güclü və təhlükəsiz, "azad dünyanın lideri" kimi qalmasından ötrü işi davam etdirəcək.

"Biz Rusiya prezidenti Vladimir Putinin Ukraynanı ələ keçirməsini, daha çox ziyan vurmasını dayandırmaqdan ötrü qürurlu ölkələrin koalisiyasını qoruyub saxlayacağıq. NATO-nu daha güclü edəcəyik, onu tariximizdə heç zaman olmadığı kimi daha güclü və vahid edəcəyəm", - Bayden xalqa 10 dəqiqəlik müraciətində deyib.

Ceyms Devid Vens və Donald Tramp
Ceyms Devid Vens və Donald Tramp

Tramp və Vens siyasəti

10 ilə yaxın siyasi karyerasında Tramp Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Macarıstanın baş naziri Viktor Orban kimi avtoritar liderləri dəstəkləyib.

Tramp zaman-zaman işğalçı Rusiya qüvvələri ilə mübarizə aparan Ukraynanın müdafiəsinə ABŞ yardımını açıq tənqid edib. Onun vitse-prezidentliyə namizədi senator Ceyms Devid Vens (J. D. Vance) isə respublikaçıların ABŞ-ın Kiyevə maliyyə və hərbi yardımını bloklamaq yönündə səylərinə kömək edib.

Tramp 2017-2021-ci illərdə vəzifə dönəmində NATO-nun birliyinə zərbə vurub, Ali Məhkəmədə siyasi spektrin sağ qanadının çəkisini artırıb, 2020-ci ildə seçkinin nəticələrini dəyişdirməyə çalışıb.

Bayden, keçən ay İsveçrədə beynəlxalq Ukrayna sülh sammitində iştirak edən Harris Ukraynanın, NATO-nun bu ölkəyə yardımının qatı tərəfdarlarıdırlar.

2025-ci il yanvarın 20-də prezidentlik müddəti rəsmi başa çatacaq Bayden deyib ki, Birləşmiş Ştatlar dönüş nöqtəsindədir və 59 yaşlı Harris "Amerikanın ruhunun təhlükədə olduğu bir vaxtda" seçkidə ən yaxşı namizəddir.

Bayden iyunun sonunda Trampla debatda uğursuz performansdan sonra seçki yarışından uzaqlaşmaqla bağlı təzyiqlə üzləşib. O, debatda zəif, bəzən karıxmış görünürdü.

Kamala Harris
Kamala Harris

Bu seçkinin ilkləri

Bayden son 50 ildən artıq bir müddətdə öz partiyasından namizəd olmaqdan imtina edən ilk vəzifədə olan ABŞ prezidentidir.

"Qərara gəldim ki, irəliyə ən yaxşı yol məşəli yeni nəslə ötürməkdir. Xalqı birləşdirməyin ən yaxşı yolu budur", -- o deyib.

İndi Tramp ABŞ tarixində prezidentliyə ən yaşlı namizəd kimi düşür. O, özünün "Truth Social" şəbəkəsində Baydenə dərhal sərt reaksiya verib, onun çıxışının çətin başa düşüldüyünü, "çox pis" olduğunu yazıb.

Keçmiş prokuror və Kaliforniyadan senator Harris isə demokratlardan namizədliyi təsdiqlənərsə, prezident seçkisinə namizəd kimi gedən ilk qaradərili qadın olacaq. Demokratlar Partiyası avqustun 19-da Çikaqoda qurultaya yığışacaq.

"Amerikanı böyük eləyən odur ki, buranı krallar və diktatorlar deyil, xalq idarə edir. Tarix sizin əlinizdədir. Güc sizin əlinizdədir. Amerika ideyası sizin əlinizdədir", - Bayden çıxışının sonunda deyib.

XS
SM
MD
LG