Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:43

Azərbaycan ekspertləri Valyuta Fondunun təklifinə qarşı çıxırlar


Mərkəzi Bank
Mərkəzi Bank

►BVF tövsiyə edir ki, Mərkəzi Bank xarici valyutadakı aktivlərini yerli bank sisteminə ötürsün

Beynəlxalq Valyuta Fondunun (BVF) iyunun 8-də yayımlanan hesabatında Azərbaycan Mərkəzi Bankına (MB) xarici valyutada olan aktivlərini yerli bank sisteminə ötürməyi tövsiyə edir:

"Manatın dəyərsizləşməsi bankların balans hesablarına da təsir göstərib. Qafqaz və Mərkəzi Asiya ölkələrində dollarlaşma həddən artıq yüksəkdir və yerli valyuta məzənnələrinin gələcək taleyindəki qeyri-müəyyənlik son günlər həmin səviyyəni bir qədər də yüksəldib".

Bu tövsiyə birmənalı qarşılanmayıb. Ekspertlərin fikrincə, bankların yetərincə xarici valyutası var və problem ondan yararlana bilməməkdən qaynaqlanır. Əlavə öhdəliklərsə yeni problemlər yarada bilər.

“Əlavə valyuta öhdəlikləri yeni risklər doğura bilər”

Cəfər İbrahimli
Cəfər İbrahimli

Maliyyə bazarları mütəxəssisi Cəfər İbrahimli xatırladır ki, MB-nin xarici aktivləri balansında olan valyutalardır:

“Onsuz da öhdəlikləri çox olan banklara əlavə valyuta öhdəliklərinin yüklənməsi yeni risklər doğura bilər. Bankların milli valyuta likvidliyini artirmaq və valyuta mövqelərini bağlamaq üçün kreditin manatla verilməsi lazımdır”.

Ekspertin qənaətincə, BVF-in təklifi dollar likvidliyini artırmağa yönəlib:

“Məncə, banklarda yetərincə dollar likvidliyi var və dollara tələbat çoxalarsa, bankların bunu qarşılama imkanları var”.

Ekspert bankların xarici valyutada olan aktivlərə sərmayə yatırmaqda maraqlı olduqlarını da düşünür.

“Xarici aktivlərin yerli banklara transferi səmərəli deyil”

İqtisadçı ekspert Samir Əliyev də o fikirdədir ki, Azərbaycan banklarında əsas problem devalvasiya nəticəsində kapitalının pisləşməsidir:

“Bu da onlarda likvidlik problemi doğurub. MB-nin xarici aktivlərinin yerli banklara köçürülməsi, məncə, bir neçə səbəbdən səmərəli deyil. Əvvəla, banklarımız hazırda dollar artıqlığı ilə üzləşib və həmin vəsaiti iqtisadiyyata yönəltməyə çətinlik çəkirlər. İkincisi, bankların dayanıqlıq problemi var və aktivləri yönəldilən MB həmin bankların girovuna çevrilə bilər. Bu addım həmin banklara xüsusi üstünlük qazandıra və bununla bank sektorunda onsuz da zəif olan rəqabəti daha da poza bilər”.

Samir Əliyev
Samir Əliyev

S. Əliyevin fikrincə, MB və Maliyyə Bazarlarına Nəzarət Palatası başlıca diqqəti bank kapitalının yaxşılaşdırılmasına yönəltməlidir.

“Mərkəzləşdirilmiş kredit şərtləri daha da yumşaldılmalıdır”

Ekspert Rəşad Həsənov BVF-in təklifinin bank sektorunda tarazlığın bərpasını, xaricdən cəlb edilmiş vəsaitləri bəlli miqdarda MB vəsaitləri ilə əvəzləməklə bankların faiz xərclərinin azaldılmasını hədəf götürdüyünü düşünür:

“Təklif həm də likvidliyin gücləndirilməsi və yüksək səviyyəli dollarlaşma fonunda aktiv və passivlər arasında valyuta balansının tənzimlənməsi məqsədi daşıyır. Bundan başqa, banklar əllərindəki manat kütləsini valyuta hərraclarında istifadə etdikləri üçün kreditləşməyə yönəldə bilmirlər. Bu da kreditləşdirmə tempini zəiflədir”.

Ekspert indiki durumda MB-nin bank sektoru üçün mərkəzləşdirilmiş kredit şərtlərini daha da yumşaltmasını və sektorun fəallığını dəstəkləməsini də vacib sayır.

XS
SM
MD
LG