Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:27

“Əl-qolumuzu bağlayıb evimizi sökdülər”


İllüstrasiya
İllüstrasiya

►“Arxayın idilər ki, rüşvətləri çatacaq. Təzə bicliklərə əl atıblar. Gözləyirlər, tikib başa çatdırırsan, sonra başının üstünü kəsdirirlər”

Noyabrın 7-də Binəqədi rayonu 7-ci mikrorayon 31/26-ci məhəlləyə gələn Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndələri və polis əməkdaşları bu ünvanda yaşayan ailənin əl-qolunu bağlayaraq yaşadıqları evi söküb. Ev sahibi Ruslan Nəcəfov deyir, qəfil “qonaqlar” onlarla kobud davranıb:

“Qarşılarını kəsdik ki, sökməsinlər. Müqavimət göstərdik. Döydülər, əl-qolumuzu bağladılar, evi sökdülər. Səbəb odur ki, istədikləri 5 min manat rüşvəti onlara verməmişəm. Dedilər, “ya pulu ver, ya da məsələ başçıya qədər gedib çıxsa, ona 5 min yox, 10 min manat verməli olacaqsan””.

Yeni tikili ağır texnikanın köməkliyi ilə sökülüb. Hadisə zamanı ailə üzvlərindən biri huşunu itirdiyinə görə ünvana təcili yardım çağrılıb.

Binəqədi rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, tikili sənədləri olmadığına görə sökülüb.

İcra hakimiyyətindən zərərçəkmişin rüşvətlə bağlı dediklərini təkzib edirlər, bildirirlər ki, ev sahibinin söküntüyə etirazı varsa, məhkəməyə müraciət edə bilər. İcra hakimiyyəti başqa tikililərə də xəbərdarlıq olunduğunu bildirir.

Buna da bax: Azərbaycan İslam oyunlarında açıq geyimdə!

“BÜTÜN EVLƏR SƏNƏDSİZDİR. NİYƏ SÖKMÜRLƏR?”

Lakin ev sahibi deyilənlərlə razılaşmır. Deyir, icra hakimiyyətinin xəbəri olmadan daşı daş üstə qoymaq mümkün deyil. Necə olur ki, indiyədək qurumun işçiləri bircə dəfə də yaxınlaşıb tikintinin dayandırılması üçün xəbərdarlıq etməyiblər.

Ruslan Nəcəfov:

“Çünki arxayın idilər ki, rüşvətləri çatacaq. Təzə bicliklərə əl atıblar. Gözləyirlər, tikib başa çatdırırsan, sonra başının üstünü kəsdirirlər. Düşünürlər ki, “hər halda bu boyda tikilinin sökülməsindənsə, hardan olsa tapıb rüşvəti verəcək”. Sənəd üçün gedəndə adamı o qədər incidirlər ki, bezdirirlər. Sənədsizdir? Razıyam. Söküblər? Yaxşı eləyiblər. Ətrafdakı bütün evlər sənədsizdir. Niyə sökmürlər? Çünki hamısının pulunu alıblar”.

Hüquqşünas Fuad Hüseynov deyir, mülk məhkəmə qərarı olmadan sökülə bilməz. Hətta məhkəmə qərarı olsa belə, ərazidəki söküntü işlərində yalnız icra məmurları iştirak edə bilərlər. Məhkəmə qərarının icrası çətinləşsə, icra məmurları icra yerinə polis də dəvət edə bilərlər ki, icra prosesində asayişi qorusun.

XS
SM
MD
LG