Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:46

BMT agentliyi işçilərinin İsrail üzərinə hücumla bağlı ola biləcəyini bildirib


BMT-nin Fələstin qaçqınlarına yardım göstərən agentliyi (UNWRA) bildirib ki, onun işçilərindən azı 9-u oktyabrın 7-də İsrail üzərinə basqında iştirak edə bilərdi.

Bu barədə bəyanatı BMT nümayəndəsi Farxan Haq verib. O bildirib ki, sözü gedən əməkdaşlar işdən qovulacaqlar.

BMT-nin apardığı daxili təhqiqat sözü gedən agentliyin 19 əməkdaşını əhatə edirdi. Bu əməkdaşlar Qəzza zolağında humanitar və sosial işlər görürdülər.

Təşkilat xəbər verir ki, əməkdaşlardan 9-nun hücumla bağlılığına dair kifayət qədər dəlillər aşkar edilib və onlar vəzifələrindən azad ediləcəklər.

Daha 9 əməkdaşın hücumda iştirakına dair kifayət qədər sübut əldə olunmayıb, 1 əməkdaşın hücumda iştirak etmədiyi isbat olunub.

İsrail bundan əvvəl dəfələrlə bəyan etmişdi ki...

İsrail tərəfi bundan əvvəl dəfələrlə bəyan etmişdi ki, UNWRA Qəzza zolağına nəzarət edən HƏMAS radikal qruplaşması ilə bağlıdır.

HƏMAS-ın oktyabrın 7-də İsrail ərazisinə hücumu nəticəsində 1200 nəfər həlak olub, daha 250 nəfər girov götürülərək Qəzzaya aparılıb.

İsrail nümayəndələrinin iddialarına görə BMT-nin Qəzza zolağındakı yüzlərlə işçisi HƏMAS-la əlaqədədir.

Agentlik bu iddiaları qəbul etməsə də, bu barədə təhqiqat aparılacağını vəd etmişdi.

Yanvar ayında İsrailin BMT-yə təqdim etdiyi hesabatda deyilirdi ki, qaçqınlarla iş üzrə agentliyin işçiləri cinayətlərlə bağlı ola bilərlər.

İsrailin hesabatı ordu və təhlükəsizlik xidmətinin məlumatlarına əsaslanırdı.

Ən böyük donorlardan biri ABŞ-dır

UNWRA-nın rəhbəri Filip Lazzarini demişdi ki, bu barədə təhqiqat aparılacaq və qanunsuz fəaliyyətlərlə bağlı olan əməkdaşlar işdən qovulacaq.

Reuters xəbər verir ki, BMT-yə üzv ölkələrin bir hissəsi, o cümlədən ABŞ və Aİ üzvləri agentliyin maliyyələşdirilməsini dayandırmışdılar.

BMT-nin Fələstin qaçqınlarına yardım üçün Yaxın Şərq agentliyi 1949-cu ildə yaradılıb.

Agentlik Suriya, Livandakı İsrail ərazilərində, habelə Qəzza zolağında və İordan çayının Qərb sahilində Fələstin qaçqınlarına yardım göstərir.

Yaxın Şərq agentliyi təhsil, səhiyyə və sosial xidmətlərlə məşğul olur. ABŞ bu agentliyin ən böyük donorlarından biridir.

7 oktyabr hücumuna cavab olaraq İsrail Qəzzada HƏMAS-a qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb.

Qəzzada HƏMAS-a tabe olan səhiyyə nazirliyinin məlumatına görə İsrail qoşunlarının keçirdiyi əməliyyat nəticəsində 30 mindən çox fələstinli həlak olub.

Bu rəqəmlər müstəqil mənbələr tərəfindən təsdiq edilməyib.

XS
SM
MD
LG