Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:36

Ermənistan BMT-dən razı, Rusiyadan narazı qalıb


Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan
Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, rəsmi Yerevan dekabrın 21-də BMT Təhlükəsizlik Şurasında səslənən bəyanatlardan razı qalıb.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, Yerevan BMT Təhlükəsizlik Şurası üzvlərinin Laçın dəhlizinin açılmasına çağırışlarını və ədalətli mövqeyini yüksək qiymətləndirir.

Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan isə deyib ki, BMT TŞ-dəki müzakirələrdən sonra beynəlxalq birliyin hansı addımları atacağı və ümumiyyətlə addım atacağı bilinmir, amma Bakı müəyyən mənada “dalanda” qalıb:

“Biz bu istiqamətdə, Ermənistanın imkanında olan, onu hansısa başqa siyasi prosesə cəlb etməyən bütün mümkün vasitələrdən istifadə etməklə işi davam etdirəcəyik. Mən ilk növbədə siyasi proseslərdən danışıram və müharibə barədə danışmaq istəmirəm. Çünki bu müharibənin təhlükəsi 9 noyabrdan bu yana heç vaxt azalmayıb və mən hesab edirəm ki, biz hələ uzun müddət daim mümkün təxribatlara hazır olmalıyıq...”

Eyni zamanda parlamentin spikeri Ermənistan tərəfinin Rusiya nümayəndəsinin Təhlükəsizlik Şurasındakı çıxışından narazılığını gizlətməyib:

“Düşünürəm ki, ya Rusiya bunu bacarmır, ya istəmir, ya da eyni zamanda nə bacarmır, nə də istəmir. Bilmirəm, amma hər halda təəccüblənməmişəm. Son hərəkətlər və son hadisələr göstərdi ki, Rusiya tərəfindən belə bir reaksiya və bu formada qiymətləndirmə mümkündür. Bəlkə də buna səbəb odur ki, söhbət Rusiya sülhməramlılarının məsuliyyəti zonasından gedir. Yəni onlar bu tərzdə özlərinin məsuliyyəti zonasında yaranmış situasiyanın əhəmiyyətini azaltmağa çalışırlar ki, üzərlərinə daha böyük məsuliyyət götürməsinlər”.

Ermənistanda daha bir ordu generalı həbs edildi
Gözlə

No media source currently available

0:00 0:03:14 0:00

Niyə qətnamə olmayıb?

Azərbaycanın BMT tribunasından səslənən çağırışlara əməl edib-etməyəcəyindən danışan müxalifətçi deputat Artur Xaçatryan deyib ki, əslində çağırışlardan sonra konkret qətnamə olmalıydı:

“Qətnamə-filan olmayıb. Yəni o olmalıdır. Çünki qətnamə olsa və çağırışlar qətnamə ilə edilsə, hansısa ölkə qalxıb deyə bilər: “Mən məcbur edərəm ki, bu çağırış həyata keçsin”. Bu mümkündür. Amma əgər biz yalnız çıxışlar səviyyəsində qalsaq, heç nə olmayacaq. Amma əgər Ermənistan hakimiyyəti ölkə haqqında, Artsax (Qarabağ-red) haqqında, erməni xalqı haqqında azacıq da olsa düşünürsə, bu imkandan istifadə etməli və “Dağlıq Qarabağ Respublikasının” statusu məsələsini gündəliyə qaytarmalıdır. Yəni onlar bunu 2021-ci ildə vəd ediblər və bu vədlə seçiliblər”.

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresi partiyasından sədrin müavini Levon Zurabyan soruşub ki, əgər BMT Təhlükəsizlik Şurasında bu məsələyə dair konsensus olubsa, Ermənistan hökuməti ya özü, ya da dost ölkələrdən birinin vasitəsilə niyə qətnamə təşəbbüsü ilə çıxış etməyib.

Onun sözlərinə görə əgər qətnamə olsaydı, Rusiya sülhməramlı qüvvələrinin Laçın dəhlizinin deblokadası üçün “gözəl imkanı” olardı:

“Nəhayət bu sülhməramlı qüvvələrin qəbul olunmuş qətnaməyə əsasən və BMT Təhlükəsizlik Şurasının adından deblokada əməliyyatının keçirilməsi üçün daha qanuni əsası olardı”.

Azatutyun yazır ki, Ermənistan XİN Yerevanın nə üçün qətnamə layihəsi təqdim etməməsinə dair mövqeyinə aydınlıq gətirə bilməyib.

Xatırlatma

Dekabrın 12-dən özlərini ekoloji fəallar adlandıran bir qrup azərbaycanlı Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizində aksiya keçirir.

Erməni tərəfi Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.

Rəsmi Bakı isə bildirir aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər.

Etirazçıların sözlərinə görə onlar yolu bağlamayıblar və humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

Aksiyaçılar bundan əvvəl Qarabağdakı qızıl və mis yataqlarına giriş verilməsini tələb edirdilər.

Bakı separatçıları və Ermənistanı Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar etməkdə ittiham edib.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər demarkasiya olunmayıb.

XS
SM
MD
LG