Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:48

BMT qurumu Rusiyanı beynəlxalq peyk sistemlərinə müdaxilədə ittiham edir


BMT qurumu Avropa ölkələrinin peyk sistemlərinə bir sıra müdaxilələrə görə Rusiyanı günahlandırıb və Moskvanı belə fəaliyyəti dayandırmağa çağırıb.

Reuters agentliyi yazır ki, Beynəlxalq Telekommunikasiyalar İttifaqı (The International Telecommunications Union - ITU) ötən həftə Ukraynadan və daha dörd Avropa ölkəsindən – Fransa, Niderland, İsveç və Lüksemburqdan son aylarda onların peyk sistemlərinə müdaxilələr barədə şikayətlərə baxıb.

Sözü gedən ölkələr GPS siqnallarının boğulmasından, hava nəqliyyatına nəzarət sisteminin təhlükəyə atılmasından və Ukrayna müharibəsindən səhnələrin göstərilməsi üçün uşaq telekanallarına müdaxilədən şikayət ediblər.

ITU-nun Cenevrədə yerləşən Radio Tənzimlənməsi Şurası belə məqsədli müdaxilələri pisləyib.

Moskva da şikayətçi olduğunu deyir

Bəyanatda deyilir ki, Fransa və İsveçin peyk sistemlərinə müdaxilələrin Moskva, Kalininqrad və Pavlovka yaxınlığındakı yerüstü stansiyalardan edildiyi ehtimal olunur.

ITU belə hərəkətləri “son dərəcə narahatedici və qəbuledilməz” adlandırıb.

Qurum Rusiyanı belə hərəkətlərini dərhal dayandırmağa və insidentləri təhqiq etməyə çağırıb.

ITU habelə şikayətçi ölkələrə Rusiya rəsmiləri ilə təmaslara girib məsələni müzakirə etməyi və bunların gələcəkdə baş verməsinin qarşısını almağı tövsiyə edib.

Rusiyanın Cenevrədəki diplomatik missiyası Reuters-in sorğularına cavab verməyib.

İttihamları inkar edən Moskva eyni zamanda bildirib ki, onun NATO ölkələrinin müdaxilələri barədə şikayətinə ötən həftə keçirilən iclasda baxılmayıb və buna görə heç bir izahat verilməyib.

193 ölkəni birləşdirən ITU Cenevrədə mənzillənib və qlobal peyk sistemlərini nizamlayır və koordinasiya edir.

XS
SM
MD
LG