Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:34

Azərbaycanın boks qurumuna verdiyi 10 milyon dollar araşdırılır


Dollar
Dollar

Azərbaycanın verdiyi 10 milyon dollarla bağlı araşdırma Beynəlxalq Boks Federasiyası haqda ciddi suallar yaradıb.

Bu haqda «The New York Times» qəzeti yazır.

Qəzetin əldə etdiyi bilgiyə görə, keçən il Olimpiya rəsmilərinin təzyiqiylə başlanan araşdırma Beynəlxalq Boks Federasiyası (AIBA) ilə bağlı xeyli qanunsuzluqları ortaya çıxarıb. Aşkarlanan problemlərdən biri 2010-cu ildə Azərbaycandan olan bir şirkətin Şimali Amerika boks liqasına verdiyi 10 milyon dollarlıq borcun yoxa çıxmasıdır. Tədqiqatçılar borcun qaytarılmadığını müəyyən edib, amma nəyə xərcləndiyini tapa bilmirlər. AIBA özü də pulun hara getdiyini izah etmir.

Həvəskar boksda rüşvət, razılaşdırılmış oyunlar, dopinqlə bağlı qalmaqallar tez-tez olur. Avqustda Rio Oyunları zamanı da boks üzrə 36 hakim şübhəli qərarlarına görə oyunlardan kənarlaşdırılmışdı.

10 MİLYON HARA GEDİB

AIBA-nın keçmiş və indiki işçilərinin müsahibələri əsasında hazırlanmış yeni hesabat isə maliyyə problemləriylə doludur və ekspertlərin fikrincə, bu problemlərin kökü korrupsiyaya bağlıdır.

«The New York Times» yazır ki, AIBA haqda araşdırma 2015-ci ildə, işçilər federasiyanın prezidentinə qarşı çıxandan və prezident Ching-kuo Wu öz müavini Ho Kim-i işdən qovandan sonra başlayıb. Bundan sonra Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Thomas Bach Ching-kuo Wu-ya Azərbaycandan alınan 10 milyonun hara getdiyini öyrənmək, həm də şəffaf və müstəqil audit yoxlama aparmaq tapşırığı verib.

Amma «The New York Times» Azərbaycandan borc alınması barədə müqavilənin surətini əldə edərkən, müqaviləni elə Ching-kuo Wu-nun imzaladığını aşkara çıxarıb. Halbuki AIBA rəhbərliyi araşdırmanın başa çatdığını, sənədi imzalayan Ho Kim-in işdən qovulduğunu bildirir. Amma rəhbərlik Azərbaycandan, özü də boksla əlaqəsi olmayan bir şirkətdən borc almasının səbəbini izah etmək istəməyib.

Ching-kuo Wu
Ching-kuo Wu

«The New York Times» yazır ki, pulu federasiyaya Bakıda yerləşən «Benkons MMC» adlı şirkət verib. Şirkət, eləcə də Azərbaycanın Boks Federasiyası məsələylə bağlı şərh verməkdən imtina ediblər.

2010-DAN BU YANA QAZANILAN MEDALLAR

Rəsmi məlumata görə, Azərbaycandan alınan vəsait Şimali Amerikanın boks liqasının oyunları üçün nəzərdə tutulub. Ancaq AIBA-nın keçmiş işçiləri bu pul ayrılandan sonra medal qazanan Azərbaycan boksçularının sayının artdığını qeyd ediblər. «The New York Times» 2010-cu ildən bu yana dünya çempionatlarında azərbaycanlı boksçuların 9 medal, o cümlədən 4 qızıl medal aldığını, əvvəlki yarışmalarda azərbaycanlıların qızıl medala layiq görülmədiklərini xatırladır.

«Vocativ» saytı isə 2011-ci ildə BBC-nin Azərbaycanın AIBA-ya rüşvət verməsi haqda məqaləsini yada salır. BBC federasiya daxilindən sızan informasiyaya əsaslanaraq Azərbaycanın 2012-ci il boks yarışlarında qızıl medal almaq məqsədilə quruma pul ayırdığını qeyd edirdi.

AIBA-nın keçmiş vitse-prezidenti Rudel Obreja qəzetə məktubunda bu «qəribə borc»un Azərbaycan tərəfdən rüşvət olaraq verildiyini istisna etməyib: «Biz boks adamları bilirik ki, Azərbaycan boksda medallar almaqda maraqlı idi».

Rudel Obreja özü də 2008-ci il Pekin Oyunları zamanı boks yarışları qaliblərinin öncədən müəyyənləşməsi barədə şübhələr təsdiqlənəndən sonra qovulub.

London Olimpiya Oyunları - 2012
London Olimpiya Oyunları - 2012

Qeyd edək ki, Azərbaycan boksçuları nə London, nə də Rio olimpiadalarında qızıl medal qazana bilməyiblər.

ÜSTÜNƏ 500 MİN DOLLAR DA GƏLİB

AIBA-nın Azərbaycandan aldığı pulun bir qismini boksçulara, məşqçilərə əməkhaqqı ödəmək, oyunların təşkilindən ötrü yerlərin kirayəsinə xərcləndiyi məlumdur. Amma çox böyük miqdarda pulların hara getdiyini federasiyada kimsə izah edə bilmir. İtkilər haqda federasiyanın sənədlərində də qeydiyyat aparılmayıb. Bu isə AIBA-nın yerləşdiyi ölkənin –İsveçrənin qanunlarının pozulması deməkdir.

2013-cü ildə qaytarılmalı olan borc Azərbaycana hələ verilməyib, buna görə cərimə kəsilən 500 min dollar da borca əlavə olunub. Üstəlik, Azərbaycana vəsaitin nəyə və necə xərclənəcəyi barədə bilgi verilməyib.

İşdən qovulmuş Mr. Kim isə «The New York Times»a məktubunda bunun fırıldaqçılıqla bağlı olmadığını, sadəcə, məsuliyyətsizlik etdiklərini bildirib.

Qəzet Olimpiya icra komitəsi üzvlərinin ilin sonunda AIBA prezidenti ilə görüşəcəyini, yəqin ki, bu məsələyə də aydınlıq gətirməyə çalışacaqlarını yazır.

XS
SM
MD
LG