Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:36

Cavanşir Feyziyevin ailəsinin milyonları müsadirə olunub


Cavanşir Feyziyev
Cavanşir Feyziyev

Bank hesablarındakı 15.3 milyon funt-sterlinq vəsaitdən 5.6 milyonun müsadirəsi barədə order çıxarılıb.

Deputat Cavanşir Feyziyev “modern.az” saytına müsahibəsində London məhkəməsinin onun ailə üzvlərinə məxsus bank hesablarındakı 10 milyondan çox vəsaitin qanuniliyini tanıdığını deyib. Müsadirə olunan 5 milyon funt sterlinqin vaxtilə Beynəlxalq Bank vasitəsilə köçürüldüyünü vurğulayan deputat bu vəsaitin köçürülmə mexanizminin məhkəməyə aydın olmadığını söyləyib.

“Bilirsiniz ki, bir neçə il əvvəl Beynəlxalq Bankın fəaliyyətində ciddi qüsurlar aşkarlanmışdı və bununla bağlı Azərbaycanda da kifayət qədər uzun sürən məhkəmə araşdırmaları aparılmış və Bankın İdarə Heyətinin sədri həbs olunmuşdu. Beynəlxalq Bankla bağlı baş vermiş bu xoşagəlməz hadisələr həmin bank vasitəsilə xaricə köçürülmüş bütün vəsaitlərin qanuniliyinə kölgə salır. O cümlədən, ailə üzvlərimin xaricdəki bank hesablarında olan vəsaitlərin də məhz həmin hissəsi Beynəlxalq Bank vasitəsilə köçürüldüyündən London Məhkəməsi hesab edir ki, araşdırmalara ehtiyac var”, – deputat deyib.

Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyev isə 2015-ci ilin dekabrından həbs olunub. O, əvvəlcə mənimsəmə və vəzifəsindən sui-istifadə ittihamı ilə 15 il həbs cəzası almışdı. Sonra ona yenidən hökm oxunub. Bu dəfə əvvəlki cəzası da birləşdirilməklə 16 il 6 ay azadlıqdan məhrum edilib. C.Hacıyev bu dəfə Beynəlxalq Bankdan kredit kimi götürülmüş 4.7 milyard manatı mənimsəmədə təqsirli bilinib. O, ittihamları qəbul etmir.

***

Britaniyanın Milli Cinayət Agentliyi (NCA) azərbaycanlı siyasətçiyə bağlı bank hesablarındakı milyonlarla funt-sterlinqi müsadirə edib. Bu haqda NCA məlumat yayıb. Söhbət “Azərbaycanın pulyuyan maşını” adlı beynəlxalq pulyuma sxemindən əldə olunan milyonlardan gedir.

Maliyyə müstəntiqləri deputat, Böyük Britaniya-Azərbaycan parlamentlərarası əməkdaşlıq komitəsinin sədri, Aİ-Azərbaycan parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus bank hesablarındakı 5.6 milyon funt-sterlinq (7.5 milyon dollar) məbləğində vəsaiti müsadirə ediblər.

Agentlik bildirir ki, hərtərəfli təhqiqat nəticəsində deputatın həyat yoldaşı Rərvanə Feyziyeva, övladlarında biri Orxan Feyziyev və qardaşı oğlu Elman Cavanşirin adına hesablar üzrə altı Hesab Dondurma Orderi əldə edilib.

Təhqiqatçılar bu hesablardakı pulların Azərbaycanın pulyuyan maşını sxemindən əldə edilməsindən şübhələniblər.

Sxem çərçivəsində vəsait Estoniya və Latviyadakı bank hesabları işlədən saxta şirkətlər vasitəsilə dövr edilib. Bu transferlərin bəzilərinin sənədləri, invoys və kontraktları olub, onlara legitim biznes tranzaksiyaları dəstəyi verməyə çalışıblar.

Vestminister Magistr Məhkəməsində üç həftəlik dinləmədən sonra hakim Con Zani bu sənədlərin tamamilə saxta olması, pulyuma fəaliyyətini pərdələmək məqsədi güdməsinə yetərincə dəlil olması qənaətinə gəlib.

Bank hesablarındakı 15.3 milyon funt-sterlinq vəsaitdən 5.6 milyonun müsadirəsi barədə order çıxarılıb.

Agentliyin Mülki Bərpa şöbəsinin rəhbəri Endi Lyus bunu Azərbaycanın pulyuyan maşını çərçivəsində müsadirə olunan əhəmiyyətli məbləğ adlandırıb. “Uğurumuz bu sxemlərdən yararlanmağı hamı üçün riskli olduğunu ortaya qoyur. Kriminal fəaliyyətin dəqiq xarakterini sübut etmədən bu milyonları qaytara bildik. Böyük Britaniyaya qeyri-legitim yollarla daxil olan pulu hədəfə almaq üçün sivil gücdən istifadəni davam etdirəcəyik”, – o vurğulayıb.

Milli İqtisadi Cinayət Mərkəzinin direktor müavini Ben Rassel isə deyib: “Bu iş NCA-nın beynəlxalq korrupsiya və ona bağlı pulyumanı araşdıraraq müsadirə etmək öhdəliyinin təsdiqidir. Böyük Britaniya qanunsuz maliyyəyə qarşıdır, onu aşkarlamaq üçün mümkün vasitələrdən istifadə edəcək”.

Cavanşir Feyziyev, yaxud ailə üzvləri bu xəbərə hələlik, münasibət açıqlamayıb.

“Azərbaycanın pulyuyan maşını” adlı araşdırma 2,9 milyard dolların ölkədən qanunsuz yolla çıxarıldığını iddia edib. Bu vəsaitin bir qisminin avropalı deputatları ələ almaq üçün xərcləndiyi bildirilirdi.

Azərbaycan rəsmiləri isə iddiaları rədd ediblər.

XS
SM
MD
LG