Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:43

Çinin idxalda liderliyə yüksəlməsinin səbəbi...


Çində gəmiyə yüklənməyi gözləyən elektrik avtomobillər
Çində gəmiyə yüklənməyi gözləyən elektrik avtomobillər

Azərbaycana idxalda Çin liderlik edir.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri 84 ölkəyə məhsul ixrac edib, 134 ölkədən idxal həyata keçiriblər. Xarici ticarət dövriyyəsi 6 milyard 428.2 milyon ABŞ dolları olub. Onun 2 milyard 651 milyon dollarını (31.7 faiz) idxal təşkil edib.

Bu il hesabat dövründə ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 19.7 faizi Çinin payına düşüb. İkinci yerdə 17.8 faizlə Rusiya gəlir...

Vahid Əhmədov
Vahid Əhmədov

Deputat: "Əsas səbəb..."

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "Turan"a bildirib ki, son vaxtlar Çin-Azərbaycan arasında iqtisadi əlaqələr kifayət qədər yüksəlib: "Azərbaycanda daha çox Çin istehsallı avtomobillərə üstünlük verməyə başlayıblar. İdxalın yüksəlməsinin əsas səbəbini də Çindən avtomobillərin idxalının artmasıdır. Bu avtomobillərin qiyməti Avropa istehsallı avtomobillərin qiymətindən ucuzdur, ona görə də əhali onlara daha üstünlük verir".

Deputat qeyd edib ki, Azərbaycan hökuməti Çin dövlət orqanları ilə iqtisadi əlaqələri genişləndirir.

Natiq Cəfərli
Natiq Cəfərli

"Çində qiymətlər artmır..."

İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna Çinin həmişə idxalda ilk üçlükdə olduğunu xatırladır: "Çinin ilin əvvəlində önə çıxmağının səbəbi deflyasiyadır (Deflyasiya nəticəsində zaman keçdikcə valyutanın alıcılıq qabiliyyəti yüksəlir). Bütün dünyada qiymətlər artır, inflyasiya davamlı şəkildə gedir, amma yarım ildən çoxdur ki, Çində qiymətlər artmır, əksinə, azalır".

Onun sözlərinə görə, Rusiyadan məhsul alınmasında əlavə problemlər yaşanır (Rusiyanın Ukraynaya təcavüzündən sonra ona Qərb ölkələri sanksiyalar tətbiq edib): "Banklararası köçürmələrdə daha sərt qaydaların tətbiq olunmasına başlanılır. Azərbaycan, Qazaxıstan belə müəyyən problemlər yaşayır. Bu da Rusiyadan mal alımının azalmasına səbəb oldu. Ona görə Çinin daim ilk üçlükdə olmasının təəccüblü bir tərəfi yoxdur".

N.Cəfərlinin fikrincə, burada alıcılıq qabiliyyətinin də təsiri var: "Çin məhsulları istənilən halda başqa ölkələrdən gələn məhsullardan ucuzdur. Bundan öncə də belə olub. Ona görə də daha ucuz məhsulun Çindən gətirilməsi və bazara çıxarılması alıcılıq qabiliyyəti ilə də birbaşa əlaqəlidir".

İqtisadçılar hesab edirlər ki, alıcılıq qabiliyyəti aşağı olanda əhali keyfiyyətə çox da önəm verə bilmir.

XS
SM
MD
LG