Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:44

Boris Conson Putinin onu raketlə qorxutduğunu deyib


Britaniyanın keçmiş baş naziri Boris Conson (solda) və Rusiya prezidenti Vladimir Putin Berlində keçirilən Liviya konfransında. 1 yanvar 2020 ci il
Britaniyanın keçmiş baş naziri Boris Conson (solda) və Rusiya prezidenti Vladimir Putin Berlində keçirilən Liviya konfransında. 1 yanvar 2020 ci il

Britaniyanın keçmiş baş naziri Boris Conson deyib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynaya müdaxilənin ərəfəsində onu raket zərbəsi ilə hədələyib:

"Hansısa bir anda o məni sanki hədələdi: “Boris, səni incitmək istəmirəm, amma bunu raketlə etmək cəmi bir dəqiqə çəkər. Nəsə buna bənzər bir şey dedi”.

Conson bu əhvalatı BBC-nin çəkdiyi “Putin Qərbə qarşı” sənədli filmində danışıb. Film efirə buğun, yanvarın 30-da verilməlidir.

Reuters yazır ki, Kremlin sözçüsü Dmitri Peskov Boris Consonun hədələr barədə dediklərini “yalan” adlandırıb:

"Heç bir raketlə hədələmə olmayıb. Putin Rusiya Federasiyasının təhlükəsizliyi ilə bağlı çətinliklərindən danışarkən qeyd edib ki, Ukraynanın NATO-ya üzv olacağı təqdirdə, NATO və ya Amerika raketlərinin sərhədlərimiz yaxınlığında potensial yerləşdirilməsi, istənilən raketin Moskvaya bir neçə dəqiqəyə çatacağı deməkdir. Əgər bu söhbət bu şəkildə başa düşülübsə, çox da xoşagələn hal deyil”.

“Çox uzun söhbət”

Conson və Putin arasında “çox uzun telefon söhbəti” ötən ilin fevral ayında yer almışdı.

Putin isə xəbərdarlığı Consonun Ukraynada müharibənin fəlakətli nəticələri olacağına, sanksiyalara gətirib çıxaracağına dair dediklərindən sonra səsləndirmişdi.

Conson habelə Rusiya prezidentinə çatdırmaq istəmişdi ki, Ukrayna yaxın gələcəkdə NATO-ya üzv olmayacaq.

Amma keçmiş baş nazir xəbərdarlıq etmişdi ki, Ukraynaya istənilən müdaxilə “NATO-nun kiçilməsi yox, genişlənməsi” demək olacaq.

Boris Consonun dediyinə görə ona elə gəlmişdi ki, Putin onu danışıqlara çəkmək cəhdinə belə reaksiya verib.

“Təfərrüatlı fikr mübadiləsi”

Rusiya tərəfi Putin və Conson arasında telefon söhbəti barədə 2022-ci ilin fevralında, Britaniyanın keçmiş baş nazirinin Kiyevə səfərindən bir gün sonra məlumat vermişdi.

O vaxt Boris Conson Kiyevdə Volodimir Zelenski ilə danışıqlar aparmışdı.

Kremlin telefon söhbəti haqqında məlumatında deyilirdi ki, danışıqlar zamanı həm Ukrayna məsələsinə, həm də Rusiyanın təhlükəsizlik qarantiyaları məsələsinə dair “kifayət qədər təfərrüatlı fikr mübadiləsi” keçirilib.

Rusiya prezidenti demişdi ki, NATO Rusiyanın “narahatlığına” adekvat reaksiya vermir.

O söhbətdən sonra Britaniya baş nazirinin sözçüsü bildirmişdi ki, Conson Putinə Rusiyanın Ukrayna sərhədləri yaxınlığındakı “düşmən davranışlarından” narahat olduğunu və Ukrayna torpağına hər hansı hərbi müdaxilənin “faciəli səhv” olacağını deyib.

Bütün dünya üçün yaxşı sonluq

Conson ötən ilin fevralından sonra daha bir neçə dəfə Ukraynaya səfər edib. Onun son səfəri yanvarın 22-də olub.

Keçmiş baş nazir Ukrayna prezidenti ilə görüşündən sonra Kiyevə hərbi yardımları ikiqat artırmağa, ona istədiyi bütün silahları verməyə çağırıb.

Boris Conson bəyan edib ki, bu müharibənin ən yaxşı sonluğu Ukraynanın qələbəsi olmalıdır.

Onun sözlərinə görə Vladimir Putin nə qədər tez məğlub edilsə, nəinki Ukrayna, bütün dünya üçün bir o qədər yaxşı olardı.

Moskva ilə London arasında münasibətlər hələ 2018-ci ildə Rusiya casusu Sergey Skripal zəhərlənəndən sonra pisləşib.

Conson baş nazir vəsifəsindən ötən sentyabrda silsilə qalmaqallardan sonra istefa verib.

O baş nazir olduğu dövrdə Britaniyanı Ukraynanın ən böyük Qərb dostu kimi təqdim etməyə çalışırdı.

XS
SM
MD
LG