Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 01:33

'Hökumət COP-un 'Formula 1'... olmadığından xəbərdar deyildi'


Bakı COP29-a hazırlaşır.
Bakı COP29-a hazırlaşır.

Bu ay qlobal iqlim sammitinə ev sahibliyi edəcək Azərbaycan gözlədiyindən daha çox diqqət mərkəzindədir. Di gəl, bu neftlə zəngin avtoritar dövlətdə, çox vaxt olduğu kimi, yenə belə diqqətin heç də hamısı yaxşı deyil. AzadlıqRadiosunun əməkdaşı Coşua Kuçeranın yazısında belə deyilir.

Ötən il BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyini qazanan Bakı, heç sözsüz, "Amnesty International" və "Human Rights Watch" (HRW) kimi qurumlar tərəfindən tənqid olunacağını gözləyirdi. Ancaq Bakını biznes və maliyyə çevrələri də tənqidə tutur. "The Financial Times" və "The Economist"də dərc edilən və heç də xoş olmayan məqalələrdə deyilir ki, rəsmi Bakı özünün "son dərəcə yetərsiz" iqlim planlarından diqqəti yayındırmaq üçün COP-dan yararlanır. Avtoritar prezident İlham Əliyevin də reputasiyası "aydan arı, sudan duru" göstərilir. İnsan haqları ilə bağlı bərbad durumdan, hər hansı yanlışdan da diqqət yayındırılır və rejim "yaşıl rəngdə" göstərilir.

Əbəs cəhdlər?

"Mən məqsədi Azərbaycanın imicini ləkələmək olan bəzi media qurumlarının qarayaxma kampaniyasına toxunmaya bilmərəm. Bu cür əbəs cəhdlər bizi iqlim dəyişikliyinin mənfi təsirləri ilə mübarizə ilə bağlı bu nəcib missiyamıza nail olmaqdan yayındıra bilməz", - Əliyev oktyabrın 10-da keçirilən COPöncəsi görüşdə belə deyib.

Azərbaycan uzun zamandır irimiqyaslı tədbirlərə öz beynəlxalq prestijini artırmağın bir yolu kimi baxır. 2012-ci ildə "Avroviziya" mahnı yarışması Azərbaycanda keçirilib. Ölkə, uğur qazana bilməsə də, dəfələrlə yay olimpiya oyunlarının keçirilməsi üçün namizədliyini irəli sürüb. Düzdür, olimpiya oyunlarına bənzər oyunlara da ev sahibliyi edib. 2015-ci ildə Bakıda Avropa Oyunları, 2017-ci ildə isə İslam Həmrəylik Oyunları keçirilib. İllərdir, Bakının mərkəzində "Formula 1"in Azərbaycan Qran-Prisi keçirilir.

Prezident İlham Əliyev Bakıda, Formula 1 Azərbaycan Qran-Prisində
Prezident İlham Əliyev Bakıda, Formula 1 Azərbaycan Qran-Prisində

Praqadakı Karlov Universitetinin ictimai siyasət doktorluğuna namizədi, təhlilçi Nəcmin Kamilsoy AzadlıqRadiosuna deyib ki, Azərbaycan hökuməti belə imkanlara "brend yaratma" məqsədilə diqqət yetirir. Onun fikrincə, "hökumət tədbir öncəsində beynəlxalq medianın mənfi diqqətinə qarşı da çox həssasdır. Rəsmi Bakı COP29-a mümkün qədər çox Qərb tərəfinin qatılmasını istəyir. İstəyir ki, tədbirin təşkilatçılığı uğurlu sayılsın".

C.Kuçera daha sonra yazır ki, Azərbaycan keçmişdə də böyük tədbirlərə ev sahibliyi edib və medianın tənqidi materialları ilə üzləşib. Ancaq COP29-un qlobal miqyası gözə alınsa, belə mənfi diqqətin miqyası daha da böyüyə bilər. Misir və BƏƏ-də keçirilən öncəki COP tədbirlərində də bu cür hallar gözə çarpıb.

Lobbi şirkətinə xərclənən pullar

"Məncə, hökumət COP-un "Formula 1", ya da "Avroviziya" olmadığından və onun qlobal təsirlərindən tam xəbərdar deyildi", - Britaniyanın "Chatham House" beyin mərkəzinin hazırladığı yeni hesabatın həmmüəllifi, azərbaycanlı jurnalist Arzu Qeybullanın sözləridir.

COP29-un azərbaycanlı təşkilatçıları "Teneo" adlı piar şirkətinə tədbirin işıqlandırılması üçün 4.7 milyon dollar ödəyirlər. ABŞ Xarici Agentlərin Qeydiyyat Aktının tələbinə uyğun olaraq, ABŞ Ədliyyə Departamentinin elektron sisteminə yerləşdirilən sənədlərindən görmək olur ki, "Teneo" media ilə bağlantılar qurmaqdan ötrü yüzlərcə müraciət edib və, əsasən, ingilisdilli əsas media qurumlarına fokuslanıb.

Təşkilatçıların konfransla bağlı əsas narrativlərindən biri tədbirin sülhə həsr ediləcəyi ilə bağlıdır. Onlar "COP barışığı" ideyasını təbliğ edir, dünyada bir-biri ilə müharibə aparan tərəfləri tədbir müddətində döyüşləri dayandırmağa çağırırlar.

Elin Süleymanov
Elin Süleymanov

Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov ölkənin diqqət çəkməklə özünü "yaşıl rəngdə" göstərməyə çalışması fikrini məntiqsiz adlandırır. "Bu, tamamilə məntiqə ziddir, axı hazırda Azərbaycana diqqətin xeyli çoxaldığını görürük. Bunu kim edər? Kim həm tənqiddən yayınmaq istəyər, həm də diqqəti özünə çəkər?", - səfir "Times" radiosuna belə deyib.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, uzun müddət dövlət neft şirkətində rəhbər vəzifədə çalışan, hazırda həm də COP29-un prezidenti olan Muxtar Babayev belə yazıları Azərbaycanın yaxşılığını istəməyən qüvvələrlə əlaqələndirib: "Azərbaycan ciddi uğurlar qazanıb: ərazi bütövlüyünün bərpa edib, iqtisadi uğurlar qazanıb, beynəlxalq arenada güclü mövqeyi var. Bəzi ölkələr bunu qəbul etmir, onların gözü ilə bunu ədalətli dəyərləndirmək çətindir. Ancaq biz [bu cür kampaniyanı] gözləyirdik".

"Məsələnin vətəndaş cəmiyyəti tərəfi önəmli deyil"

Kamilsoy deyir ki, son nəticədə belə meqatədbirlərin auditoriyası QHT-lər və mediadan daha çox xarici siyasətçilərdir: "Azərbaycan elitası üçün COP hökumətlərarası platformadır və məsələnin vətəndaş cəmiyyəti tərəfi önəmli deyil".

Nəticə etibarilə, Azərbaycan hökuməti tənqidlərə çox da məhəl qoymaya bilər.

XS
SM
MD
LG