Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:46

MTN generalının kürəkəni və onun bacısı da dindirildi


General Akif Çovdarov.
General Akif Çovdarov.

Akif Çovdarovun kürəkəni Rəşad Əmircanov hazırda MTN işində zərərçəkənlər sırasında olan Cahangir Alışovun şirkətinin tikdiyi binadan bacısına ev alıb.

Bu səbəbdən fevralın 22-də generalın kürəkəni də, kürəkənin bacısı Təranə Əmircanova da məhkəmədə şahid kimi dindiriliblər.

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəhbəri olmuş general Akif Çovdarovun məhkəməsində onun kürəkəni dindirilib. Rəşad Əmircanov hazırda MTN işində zərərçəkənlər sırasında olan Cahangir Alışovun şirkətinin tikdiyi binadan bacısına ev alıb. Bu səbəbdən fevralın 22-də generalın kürəkəni də, kürəkənin bacısı Təranə Əmircanova da məhkəmədə şahid kimi dindiriliblər.

Buna da bax:​ Eldar Mahmudovun da dindirilməsi tələb olundu

Zərərçəkənlər Alışov və şəriki Nəsib Əliyev (hazırda həbsdədir və Çovdarovun məhkəməsinə də həbsxanadan gətirilir - red.) iddia edirlər ki, Çovdarov onlardan zorla 19 mənzil alıb. Bununla da kifayətlənməyərək, 500 min manat tələb edib. O pulu ödəyə bilmədiklərindən, əvəzində daha 6 mənzil veriblər.

Çovdarovun kürəkəni mənzili kimdən və niyə alıb?

Akif Çovdarovun vəkili Sadiq Rəsulov məhkəməyə Cahangir Alışovun eyni mənzilləri müxtəlif adamlara sataraq, onları aldatması barədə mediada yayılmış materialları təqdim edib. Vəkil vətəndaşların şikayətləri əsasında hazırlanmış həmin yazıların cinayət işinin materiallarına əlavə olunmasını istəyib. Sadiq Rəsulovun vəsatəti təmin edilib.

Buna da bax: Çovdarov məhkəmədən getdi və bir daha geri qayıtmadı...

Təranə Əmircanova məhkəmədə deyib ki, o mənzilin Çovdarovun hədə-qorxusu ilə zorla sahibindən alınması doğru deyil. Mənzili ona qardaşı göstərib, o da bəyənib. 117 min manata satılan evin pulunu da qardaşı verib: “Tikinti şirkətindən Samir adlı adam gəldi, hazır müqavilə gətirmişdi, mən də imzaladım. İki gün sonra da qardaşım mənzilin pulunun ödənilməsi barədə sənədi gətirdi. Biz evin pulunu ödəmişik”.

Çovdarovun kürəkəni Rəşad Əmircanov da ifadəsində bildirib ki, bacısı üçün alınan mənzilin pulunu Masazırda Cahangir Alışovun özünə verib.

Rəşad Əmircanov Cahangir Alışovla Botanika bağının yaxınlığındakı görüşlərindən də danışıb. Deyib ki, Alışov onu görüşə çağırıb, Təfəkkür Universitetinin rektorunun qətli ilə bağlı sənədlər göstərib.

Buna da bax:​ 'Vüsal Ələkbərov işi': Polis bölmə rəisi necə MTN-çilərin qurbanı olub?

Alışov həmin ərazidə generalın kürəkəni ilə görüşdüyünü təsdiqləsə də, ona heç bir sənəd göstərmədiyini söyləyib. Əksinə, Rəşadın onu görüşə çağırdığını deyərək, narahat etdiyi üçün Rəşad Əmircanovu danladığını da iddia edib.

Səhiyyə Nazirliyinin məsul şəxsinin tikinti biznesi

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi direktorunun müavini Əliheydər Şahmarov 1 milyon 200 min manat ziyana düşdüyünü desə də, Çovdarovun məhkəməsində şahid kimi dindirilib. Məlum olub ki, Cahangir Alışov və Nəsib Əliyevlə birlikdə o da tikinti şirkətinin həmtəsisçisiymiş. O, MTN vəzifəlilərinin onun şəriklərinin başına gətirdiyi “işlər” - əllərindən zorla alınan mənzillər haqqında heç yerə şikayət etməyib. Bunu da məhkəmədə belə əsaslandırıb ki, dövlət qulluqçusu olduğunu nəzərə alıb, qalmaqaldan uzaq durmağa çalışıb.

Buna da bax:​ Çovdarov məhkəməsinin qəribə zərərçəkənləri...

Çovdarov və tabeliyində işləmiş daha üç nəfərin – Akif Əliyev, Səlim Məmmədov və Orxan Osmanovun məhkəməsi fevralın 27-də davam edəcək.

Xatırlatma

Akif Çovdarov ötən il noyabrın 15-də həbs olunub. Baş Prokurorluğun o vaxt yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilib. Artıq 19 nəfər həbsdədir. Onlardan yuxarıda adları çəkilən dörd nəfərin işi məhkəməyə göndərilib.

Buna da bax:​ MTN-in ev dustağı olan qadın generalı: 'Rədd olun buradan!'

Akif Çovdarova və onunla birgə hakim önünə çıxarılanlara Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvətalma) və daha bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-dək yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG