Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:32

Azərbaycanda 52 dini fəal həbsdədi - ABŞ-ın hesabatı


Nardaran məsçidi
Nardaran məsçidi

-

ABŞ dövlət katibi John Kerry 2014-cü il üçün Dünyada Din Azadlığına dair İllik Hesabatı (2014 Annual Report on International Religious Freedom) açıqlayıb.

Hər il dərc olunan din azadlığı hesabatları bir qayda olaraq bu sahədəki vəziyyəti əks etdirir. Hesabat üçün məlumatlar dünya boyunca ABŞ səfirliklərindən daxil olur.

Sənədin tərtibində məqsəd ABŞ Konqresini məlumatlandırmaq olsa da, ondan hökumətlərin, din liderlərinin, QHT-lərin, jurnalistlərin və insan haqları fəallarının öz işlərində istifadə etməsi mümkündür.

Hesabatda əsas diqqət tənqid və tövsiyələrə yox, ölkələr üzrə vəziyyətin və din azadlıqları sahəsində baş vermiş əhəmiyyətli hadisələrin təsvirinə yönəldilib.

Hesabatın Azərbaycana aid bölümündə qeyd olunur ki, hökumət ötən il ərzində yerli insan haqları müdafiəçiləri tərəfindən vicdan məhbusu sayılan 3 nəfər də daxil bir neçə dini fəalı həbs edib.

52 din fəalı həbsdədir

Hesabatdakı məlumata görə, hazırda Azərbaycanda siyasi məhbus sayılan 52 dini fəal var.

Bu da qeyd olunur ki, Azərbaycan ötən il razılaşdırılmamış dini toplantılara reydlərini davam etdirib. Belə toplantılardan bəzilərində ilahiyyatçı Səid Nursinin əsərləri qiraət edilirdi.

Gülen hərəkatı ilə əlaqələrdə şübhəli bilinən hökumət rəsmiləri vəzifələrindən kənarlaşdırılıblar

Sənəddə bildirilir ki, dini icmaların qeydiyyatındakı məhdudiyyətlər “qeyri-ənənəvi” din və təriqətləri belə bir imkandan məhrum edir. Belələrinə misal olaraq “Yehovanın Şahidləri” və bir sıra islami qruplar göstərilir.

Hesabatda deyilir ki, Bakıda keçirilən Nurçu toplantılarından birinə edilən reyddə 41 nəfər saxlanılıb. Onların bəzilərinin 1500 manat cərimələnərək sərbəst buraxıldıqları bildirilir. Bununla yanaşı, Azərbaycan Milli Təhlükəszlik Nazirliyi bu işlə əlaqədar uzun müddət həbsdə saxlanılanları sonradan ev dustaqlığına buraxıb.

Hesabatda deyilir ki, ötən ilin aprelində bir şiə ilahiyyatçısı da saxlanıb.

Sələfilər

Noyabr ayında isə hakimiyyət orqanları Coratda sələfi icmasının fəalı Zöhrab Şıxəliyevi həbs edib.

Həbs edilənlərdən bəziləri təhqir və işgəncəyə məruz qaldıqlarını bildiriblər

Ondan başqa sələfi icmasından daha 9 nəfər saxlanıb. Onlar sonradan azad ediliblər. Bəziləri təhqir və işgəncəyə məruz qaldıqlarını bildiriblər.

Hesabatda deyilir ki, hakimiyyət orqanları bir sıra hallarda din fəallarını onların siyasi fəaliyyətləri ilə əlaqədar təqib edirlər.

Bu da bildirilir ki, sələfilərə məscidlərə getmək icazəsi verilsə də, onların dini vəzifələr tutması qadağan edilib.

Vəzifəli fətullaçılar

Sənəddə bildirilir ki, Azərbaycan polisi həmçinin ilahiyyatçı Fethullah Gülen-in davamçıları olduqları güman edilənlərin yığıncaqlarına reydlər keçirib.

Bu da qeyd olunur ki, Gülen hərəkatı ilə əlaqələrdə şübhəli bilinən hökumət rəsmiləri vəzifələrindən kənarlaşdırılıblar.

Hökumət həmçinin 11 ali məktəbdə və 13 hazırlıq mərkəzində rəhbərliyi dəyişib.

Protestant xristianlar

Hesabatdan bəlli olur ki, Azərbaycanda rəsmi qeydiyyatdan keçməyən icmalar da fəaliyyətlərini davam etdirirlər, hərçənd cərimə və həbslərlə üzləşə bilərlər.

2014-cü ilin sonuna olan məlumata görə, ölkədə 597 dini qrup qeydiyyatdan keçib

Onlardan bəzilərinin gizli ibadətə məcbur olduqları söylənilir. Qeyd olunur ki, belələrindən biri də xristian protestant icmasıdır.

Hökumət bildirir ki, 2014-cü ilin sonuna olan məlumata görə, ölkədə 597 dini qrup qeydiyyatdan keçib. Onlardan 12-si xristian, 6-sı yəhudi, 2-si Bəhai və biri Krişna Şüuru icmasıdır.

İnancları ələ silah götürməyi qadağan edən “Yehovanın Şahidləri”ndən hərbi mükəlləfiyyətə cəlb edilənlər də olub.

2010-cu ildə hökumət tərəfindən bağlanılmış məscidlərin hələ də bağlı olaraq qaldığı bildirilir.

Hesabatda deyilir ki, dinə nəzarət edən rəsmi struktur – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini tolerantlığa dair bir sıra beynəlxalq tədbir keçirib.

XS
SM
MD
LG