Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:20

Ünvanlı sosial yardımın kəsilməsi haqqında məlumatlar var... [video]


Azərbaycanda yoxsulluq prezidentin dediyi kimi azalırmı?
Gözlə

No media source currently available

0:00 0:14:05 0:00

Azərbaycanda yoxsulluq prezidentin dediyi kimi azalırmı? [A-Live]

Azərbaycanda yoxsulluq azalırmı? Doğrudanmı hər 100 nəfərdən 5-i yoxsuldur?

Ölkə rəsmiləri deyir ki, bəli: Prezident İlham Əliyev mayın 16-da deyib ki, yoxsulluq son 15 ildə 5 faizə qədər azalıb. Baş nazir Artur Rasizadə də belə deyib.

Amma bu rəqəmlərə şübhə eləyənlər də var.

Belə ki, neftin qiyməti ucuzlaşmağa başlayandan sonra ölkədə iqtisadi durum zəifləyir, dövlət büdcəsi kiçilir.

Buna da bax:​ Prezident nikbindir - 'Bu il iqtisadi artım olacaq'

Azərbaycan Demokratiya və Rifah hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu deyir ki, 4,9 faiz mövcud vəziyyəti əks etdirmir.

Onun sözlərinə görə, devalvasiyadan sonra xüsusilə regionlarda çoxuşaqlı ailələrin problemi yaranıb, ötən iki il ərzində həm iş yerlərinin bağlanması, həm işləmək haqlarının dəyərsizləşməsi, həm də qiymətlərin bahalaşması yoxsulluğu artırıb:

Qubad İbadoğlu
Qubad İbadoğlu

“Yoxsulluq hər iki istiqamətdə inkişaf edib. Bir tərəfdən yeni yoxsullar əmələ gəlib. Orta təbəqə, müəyyən işləyən qrup özünün əvvəlki kimi dolanışığını təmin edə bilmir, çünki iş yerlərini itirib, bir qrup aşağı əmək haqları alanlar da qiymətlərin artması səbəbindən xərclərini qarşılaya bilmir, onlar da yoxsulluğa qoşulublar. Digər bir tərəfdən də mövcud yoxsullar daha da yoxsullaşıblar. Yoxsulluq beləliklə həm üfüqi, həm də şaquli istiqamətdə genişlənib”.

Buna da bax:​ Yoxsulluq artır

Dövlət Statistika Komitəsinin məlumatına görə, 3 ayda işləyənlərin sayı 4 minə qədər azalıb.

Bu arada ünvanlı sosial yardımın da kəsilməsi haqqında məlumatlar var. AzadlıqRadiosu-na bu haqda çoxlu saylı müraciətlər daxil olur.

Astara sakini Ülvi Kərimova AzadlıqRadiosu-na müsahibəsində deyir ki, yardım üçün müraciətlər elektron formaya keçdikdən sonra sosial yardım ala bilmir:

“Ailədə 5 nəfərik. İşləyənimiz yoxdur. İş olsa işləyərəm, iş yoxdur. Uşaqlarımın 3-ü də məktəblidir. Müraciət elədim ünvanlı sosial yardım almaqdan ötrü, müsbət cavab gəldi, məbləğ də müəyyənləşdirildi. 3 aydan sonra imtina məktubu gəldi. Yazdılar ki, adınızda payı bəlli torpaq var, onun haqqında məlumat yoxdur. Nə yardım? Yardım yoxdur”.

Buna da bax:​ 'Müavinətlər gecikir, çörəyi də nisyə alıb yeyirik'

Bəzi iqtisadçılar deyirlər ki, hökumətin pulu azalır deyə, aztəminatlıların pulundan kəsir.

İqtisadçı alim Qubad İbadoğlu deyir ki, əgər gəlirlərin 57-60 faizi ərzaq üçün xərclənirsə, bu zaman onu yoxsul adlandırmaq olar. Qubad İbadoğlu hökumətin statistika metodunu bəyənmir, hesab edir ki, statistika idarəsi hakim partiyaya siyasi xal qazandırmaq üçün doğru məlumat açıqlamır.

Bayram günləri olduğundan AzadlıqRadiosu Dövlət Statistika Komitəsinin mövqeyini öyrənə bilmədi. Amma indiyə qədər bənzər ittihamları Komitə rədd edirdi.

Dünya Bankının saytında Azərbaycanda yoxsulluğun səviyyəsinə dair son məlumat 2012-ci ilə aiddir - 6 faiz.

Buna da bax:​ 3 ayda işləyənlərin sayı 4 minə qədər azalıb

İqtisadi Tədqiqatlar Mərkəzi də həmin il hesablama aparıb. Təşkilatın əsasını qoymuş Qubad İbadoğlu deyir ki, onlar fərqli nəticələrə gəliblər:

“Araşdırmanı 2012-ci ildə aparmışdıq, o zaman yoxsulluğun ölçülməsi üçün subyektiv yoxsulluq göstəricisi metodologiyasından istifadə etdik. Həmin metodologiyanın mahiyyəti ondan ibarətdir ki, əhalinin özündən soruşursan ki, özünü yoxsul sayırsan, yoxsa yox. Bizdə rəyi soruşulanların 19,9 faizi özünü yoxsul hesab edirdi”.

Qubad İbadoğlu deyir ki, hökumət yoxsulluğu etiraf etməzsə, o zaman onların müdafiəsini də doğru qurmaqda çətinlik çəkəcək.

Buna da bax:​ Prezidentin dediyi «40 min iş yeri» haradadır?

1-ci vitse-prezident Mehriban Əliyeva isə ötən aydakı çıxışında deyib ki, o, fəaliyyətində aztəminatlıların müdafiəsinə xüsusi diqqət yetirəcək.

XS
SM
MD
LG