Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:27

“Neftin qiymətini dirçəltmək” cəhdi baş tutmadı


Rusiyanın enerji naziri Aleksandr Novak (sağda), Qətərin enerji naziri Mohammad bin Saleh al-Sada, Səudiyyənin neft naziri Ali al-Naimi Doha görüşü zamanı
Rusiyanın enerji naziri Aleksandr Novak (sağda), Qətərin enerji naziri Mohammad bin Saleh al-Sada, Səudiyyənin neft naziri Ali al-Naimi Doha görüşü zamanı

Qətərin paytaxtında keçirilən görüş Rusiya və Azərbaycan kimi neftdən asılı ölkələrin ümidlərini doğrultmayıb

Dünyanın aparıcı neft ixracatçılarının neftin qiymətini sabitləşdirmək məqsədilə istehsalı dondurmaq barədə danışıqları “nəticəsiz” nəticələnib.

Qətərdə keçirilən görüşdən bir neçə saat sonra ölkənin enerji naziri Mohammed bin Saleh al-Sada deyib ki, ortaq qərara gəlmək üçün neft hasilatçılarının “daha çox vaxta” ehtiyacı var.

Bu iclasda neft ixrac edən ölkələrin OPEC təşkilatının əksər üzvləri, habelə Rusiya və Azərbaycanın nümayəndələri də iştirak edirdilər.

Bu görüşdən əvvəl bəyan edilmişdi ki, iştirakçılar neft qiymətlərinin bundan sonra da düşməsinin qarşısını almaq məqsədilə hasilatı dondurmaq barədə saziş imzalayacaqlar.

Xəbər verilir ki, danışqılar bazar günü “İran və Səudiyyə arasında fikir ayrılığına” görə dalana girib.

Səudiyyə Ərəbistanı özünün neft hasilatını azaltması üçün bütün OPEC və başqa iri ixracatçıların istehsalı azaltmasını istəyir. Söhbət xüsusilə də İrandan gedir.

Lakin iclasın əvvəlcədən uğursuzluğa məhkum olduduğu bilinsə də, onu ləğv etmək istəməyiblər.

Bir sıra ekspertlər bildirirlər ki, buna səbəb neft qiymətlərinin şayiə və ehtimallar üzərində qalxmasıdır.

Natiq Əliyevin “centlmen sazişi” alınmadı

Əslində son bir neçə həftə ərzində neft qiymətlərinin qalxması Dohada keçirilən bu son görüşlə bağlı idi. Odur ki, neft ölkələri, ələlxüsus da ondan son dərəcə asılı olan Rusiya və Azərbaycan son anadək “ümidi öldürmək” istəmirdilər.

Azərbaycanın enerji naziri Natiq Əliyev hətta burada “centlmen sazişi”nin əldə olunacağını bəyan etmişdi.

Lakin İran nəinki istehsalı azaltmayacağı barədə mövqeyini çoxdan bildirmiş, hətta Doha görüşünə qatılmamışdı da.

Natiq Əliyev Dohada "centlmen sazişi"nə ümid edirdi
Natiq Əliyev Dohada "centlmen sazişi"nə ümid edirdi

İran hökuməti bildirib ki, Tehran hasilatın azaldırlması və ya dondurulmasına dair heç bir sövdələşmənin tərəfi deyil.

Ekspertlər bildirirlər ki, Doha görüşünün fiaskoya uğraması ələlxüsus da neft qiymətlərinin düşməsindən böhran keçirən istehsalçılar üçün sarsıntı verib.

İqtisadiyyatı neft qiymətlərinin aşağı olmasından zərər çəkən ölkələrdən biri də Səudiyyə Ərəbistanının özüdür, lakin bu ölkə müəyyən siyasi-iqtisadi səbəblərlə neftin yüksək qiymətlərini hələlik istəmir.

Hələ Doha görüşündən əvvəl Səudiyyənin neft naziri bildirmişdi ki, onun ölkəsi neft qiymətlərinin 40 dollardan yuxarı qalxmasına yol verməyəcək.

Belə olan təqdirdə Rusiya və Azərbaycanın energetika nazirləri Aleksandr Novak və Natiq Əliyevin nikbin bəyanatlarının arxasında nəyin dayandığı başa düşülmürdü.

Doha görüşündə imzalanmalı olacaq sənəd layihəsini Səudiyyə, Venesuela, Rusiya və Qətər birlikdə hazırlamışdılar, lakin göründüyü kimi Səudiyyə iclasa bir neçə saat qalmış razılaşmanın baş tutmayacağına işarə edib.

Lakin bu görüşün bütün hallarda keçirilməsinin də Səudiyyənin qiymət taktikasına daxil olduğu söylənir.

Daha bir kəskin eniş ola bilər

Səudiyyə neftin bir barrelinin 40 dollardan çox olmasını ABŞ-ın neft bazarındakı fəallığına son qoymaq məqsədilə istəmir.

Digər tərəfdən neftin bir barrelinin 30-35 dollardan az olması da iqtisadiyyatının 90 faizini neft təşkil edən Səudiyyəni qane etmir.

Ekspertlər bildirirlər ki, neft qiymətlərinin aşağı olması təkcə Azərbaycan kimi kiçik istehsalçıları deyil, hətta Anqola kimi ölkələri də beynəlxalq maliyyə strukturlarına kreditlər üçün ağız açmaq məcburiyyətində qoyur.

Reuters agentliyi bildirib ki, Novak Dohaya sazişin 100 faiz imzalanacağı ümidi ilə gəlmişdi.

İndi isə daha bir görüşün iyun ayınada keçiriləcəyi gözlənilir.

Bəzi bazar təhlilçiləri bu qənaətdədirlər ki, Doha görüşünün uğursuzluğu neft qiymətlərinin təkrar kəskin enişinə səbəb ola bilər.

Hərçənd ola bilsin, Küveytdə neft sektoru işçilərinin tətili bu enişi bir qədər tormozlasın.

Ümumilikdə isə, son həftələr ərzində neftin 40 dollar civarında qiymətini saxlayan ümidlər və xəbərlər idi. Artıq neçənci dəfədir ki, xəbərlər ümidləri aldadıb.

Neft bazarı yaxın perspektiv üçün xəbərlərə məhəl qoymamaq adətinə düşə bilər.

XS
SM
MD
LG